BolgeXeber.Com » Bölgə » Dərdini dağlarla bölüşən Xızı...

Dərdini dağlarla bölüşən Xızı...

17-09-2013, 11:35
Oxunub: 10 614 Rayonda yerli icra strukturları rəhbərlərinin özbaşınalığı seçkiöncəsi mühitə mənfi təsir göstərir

Səhərin necə deyərlər, gözü açılmamış yol tutub Xızıya gedirik. Budur, artıq Bakı, Sumqayıt arxada qalıb. Çox çəkmir ki, Giləzi qəsəbəsinə daxil olaraq sağ və sol tərəfdən daş hasara alınmış Altıağac yoluna çıxırıq. Lakin gözlənilmədən uzun bir tıxac yarandığının şahidi oluruq. Magistral yolun hərəkət hissəsi örüşə ötürülən mal-qaranın tənbəl yerişinə tamamilə təslim edilib. Ardı-arası kəslməyən siqnal səsləri hansısa bir toy karvanını xatırlatsa da, sürücülərin narazılığı göz qabağındadır. 3-4 inəyi qabağına qatıb asfalt yolla örüşə ötürən yerli sakinlərdən birinin isə deyəsən, heç toyluq halı yoxdur. Bu Allah bəndəsinin sabahına xeyirlər diləyərək ondan heyvanların magistral yola buraxılmasının səbəblərini soruşuruq. Salam-kəlamdan sonra həmsöhbətimiz bizə demək olar ki, hər gün təkrarlanan belə vəziyyətin səbəbini Xızının icra başçısından soruşmağı məsləhət görür. Bu məsləhətin qarşılığında biz də "rayonda başçı kimdir” deyib düşürük yollara...


Xızıda icra başçısı kimdir?


Öyrəndik ki, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov 1970-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1987-ci ildə Xırdalan Südçülük savxozunda fəhlə kimi başlayıb, 1988-ci ilə kimi həmin müəssisədə çalışıb. 1994-2002-ci illərdə Daxili İşlər Nazirliyində əməliyyatçı, 2006-cı ildə Xanlar rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib. 2006-2012-ci illərdə Yardımlı RİH-nin başçısı vəzifəsinə irəli çəkilib. Ölkə Prezidentinin 10 aprel 2012-ci il tarixli, 2138 saylı sərəncamı ilə Xızıya başçı təyin edilib. Xızıda çalışdığı bir ildən artıq müddətdə bütün vacib işləri müavini Azər Əlizadəyə tapşırıb. Rayon camaatının qənaətinə görə, başçı öz səlahiyyətlərinin bir hissəsindən imtina edib. Anlaşılan deyil, vallah. Azər Əlizadənin başçıya müavinliyi isə deyilənə görə, göydəndüşmə bir fürsət olub. Bu fürsətin içində yaxşı qazanc da olmamış deyil. Hər halda hüquqi ünvanı Bakının Xətai rayonunda yerləşən "Rabitə-Təmir-Tikinti" ASC-nin rayondakı təmir-tikinti layihələrində şəriksiz iştirakı havadan gəlmir. Səhmdar Cəmiyyət rayon icra aparatı rəhbərliyinin patronajlığı hesabına Xızıdakı çoxmilyonluq təmir-tikinti layihələrinə sahib olub. Lakin şişirdilmiş layihə hesabına milyonlarla vəsaitin mənimsənilməsi faktları nədənsə hüquq-mühafizə orqanlarının diqqqətindən yayındırılıb. Diqqət edin, 2012-ci ildə "Rabitə-Təmir-Tikinti" ASC tərəfindən Xızı rayonunun 442 şagird yerlik Giləzi qəsəbə tam orta məktəbində 3 milyon 375 min 472 manat, 322 şagird yerlik Şurabad tam orta məktəbində isə guya 2 milyon 261 min 064 manat dəyərində bərpa-gücləndirmə və əsaslı təmir işləri görülüb. Bu fırıldağın müəmmalı statistik uçotu adamı lap dəhşətə gətirir. Belə ki, "Rabitə-Təmir-Tikinti" ASC -nin rəqəmlərinə inansaq, onda Giləzi qəsəbə tam orta məktəbində bir şagirdin boynuna yazılmış əsaslı təmir işlərinin həcmi 7636,8 manat, Şurabad tam orta məktəbində isə 7021,9 manat təşkil edir. Dünyanın heç bir ölkəsində analoqu olmayan şişirdilmə! Xızının bu 2 məktəbində əsaslı təmir və bərkitmə işləri adı ilə "Rabitə-Təmir-Tikinti" ASC-nin hesabına üst-üstə 5636536 manat vəsait keçirilib. Sonradan başçının nəzarəti altında nəğdləşdirildiyi deyilən həmin məbləğin dollarla ekvivalenti 7 milyondan artıqdır ki, bu da 2013-cü ildə təhsil sahəsinə 260 milyon dollar vəsait xərcləməyi planlaşdırmış Ermənistanın büdcə xərclərinin təxminən, 3 faizə qədərini təşkil edir. Bu ilginc müqayisəni parlamentin auditor palatası rəhbərliyinin qulağına pıçıldayan olubmu, görəsən? Bizcə Giləzi və Şurabaddakı məktəblərdə görülən işlərin konkret məbləğini dəqiqləşdirmək yəqin ki, o qədər də çətin deyil. Hansısa "day-day"ın xeyir-duası iləsə qat-qat şişirdilmiş rəqəmlər sözügedən təhsil müəssisələrinin ümumi görünüşündə sanki dil açıb haray çəkir. Beləliklə, biz ölkəni başına götürmüş büdcə talanlarından Xızı rayonunun timsalında vur-tut ikisini nişan veririk, əlaqədar dövlət qurumları zəhmət olmasa gedib araşdırsın.



Xızının "beriyası" və ya Azər Əlizadə xofu



Rayonda baş alıb gedən qanunsuzluqlar tək büdcə yeyintiləri ilə məhdudlaşsaydı, dərd yarıydı. Bütün bu qanunsuzluqların başında rayon icra başçısının müavini Azər Əlizadənin durduğu Xızıda artıq heç kəsə sirr deyil. Deyilənə görə, cibində bir neçə şirkətin möhürünü gəzdirən Azər müəllim ixtisasca ticarət adamıdır. Rəsmiyyətdə icra aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini daşıyır. Bundan əlavə başçı Xəzər Aslanovun xüsusi sərəncamı ilə ona rayonun arxitektoru vəzifəsi də həvalə olunub. Vaxtilə Bakıda ticarət departamentində işləmiş bu adamın arxitektura və tikinti sahəsində səriştəsizliyi ayrıca bir yazının mövzusudur. Ona görə də düşünürük ki, bu məsələni hələlik kənara qoyaraq Azər Əlizadənin rayonda seçkiqabağı mühitə mənfi təsir göstərən əməllərindən bir neçəsini diqqətə çatdırmaq daha düzgün olardı. Onsuz da Xəzər Aslanovun rəhbərliyindəki vakant yerlərlə "zəngin" icra aparatı özünü yerli əhali qarşısında tamamilə hörmətdən salmış durumdadır. Xüsusilə daha ağır zərbələr rayonda sahibkarlara və fermer təsərrüfatlarına vurulub. Bütün ölkə əhalisinin qarşıdan gələn prezident seçkilərinə hazırlaşdığı bir dönəmdə Xızının icra başçısının müavini Azər Əlizadə cənabı Giləzi-Xızı yolu boyunca yerləşmiş və fermerlərə məxsus tövlələri yerlə-yeksan etdirib. Bu da azmış kimi, indi də rayonun Təzəkənd kəndində vətəndaşlara məxsus şəxsi evləri sökdürməklə hədələyir. Əldə etdiyimiz məlumata görə, Təzəkənd camaatı dorxu və səksəkə içində Azər müəllimin hər an gəlişini gözləyir. Ümumiyyətlə, Xızıda rayon mərkəzində abadlıq işləri adı altında onlarla sahibkrlıq subyektlərinin sökülməsi faktları az deyil. Rayon rəhbərliyinin özəl təşəbbüsü ilə rəvac verilmiş bu söküntüdən ziyan çəkmiş vətəndaşlar dəfələrlə müxtəlif aidiyyəti qurumlara şikayətçi düşsələr də, dəymiş maddi ziyanın ödənilməsinə nail ola bilməyiblər. Qanunsuz əməllərə qarşı etiraz səsi qaldıranların hədələrə tuş gəlməsi barədə əlimizdə yetərli məlumatlar var. Limitini bitirmiş və "vurulmuş" narazı sabiqlərin yaxın qohumu olan Azər Əlizadə belə getsə, əməlləri ilə rayon icra başçısını da deyəsən, çətin duruma salacaq. İcra başçısının adından danışan müavini yerli əhaliyə müəyyən təhdid mesajları verməklə məşğuldur. Prezident seçkilərindən dərhal sonra Xızı-Altıağac yolu boyu ticarət və iaşə obyektlərinin söküləcəyi ilə sahibkarlara qara-qorxu gələn bu şəxsin kimə "işlədiyini" ayırd etmək qəliz məsələdir. Xızı şəhər orta məktəbinin əslən gürcüstanlı olan müəllimlərinin şəxsi ticarət obyektilərini sökməkdən imtina etməsi Azər Əlizadəni deyilənə görə, yaman qəzəbləndirib. Müəllimləri rayondan Gürcüstana deportasiya etdirəcəyi ilə hədələyən müavin regionçuluq kimi təhlükəli bir əmələ rəvac vermiş kimi görünür, bu da azmış kimi, hətta onlardan birinin DYP əməkdaşı olan övladını "orqandan sildirərəm" tipli təhdidlərlə şantaj etməkdən çəkinməyib. Belə düşünülməmiş əməllərdən əziyyət çəkən ziyalıların adlarını məlum səbəblərə görə bilərəkdən gizli saxlayırıq.



Başçıya villa hədiyyəsi



Başçının rayonda baş verən proseslərə münasibətində yerli əhali tərəfindən heç də birmənalı qarşılanmayan mübahisəli məqamlar az deyil. Bəzi fikirlərə inansaq, rayonda narazılıqların artması fonunda narahat durumda görünən Xəzər Aslanov sahibkarların hüquqlarının pozulmasına görə məsuliyyətdən yaxasını qurtarmaq üçün müavini Azər Əlizadə kartını ortaya atıb.

Lakin kifayət qədər təcrübəsi olan Azər müəllimin də öz gedişləri olduğu bildirilir. Belə ki, bir tərəfdən əməllərinə görə mümkün cəzadan sığortalanmağı düşünən müavin icra başçısının tapşırıqları yerinə yetirdiyini deyir, digər tərəfdən isə öz rəhbərinə Xızının düz mərkəzində, stadionun arxa tərəfində milyonluq villa tikdirərək hədiyyə etməkdən hədsiz-hüdudsuz qürur duyduğunu belə gizlətmir. Ümumilikdə rayonda apardığımız müşahidələrdən sonra belə qənaətə gəldik ki, icra başçısı vətəndaşların sosial-məişət problemlərinə qarşı biganəlik sərgiləyir. Təəssüflər olsun ki, bu biganəlik rayonda yaşıllıqların məhv edilməsinə laqeyd yanaşmalarda da özünü büruzə verir. Belə ki, Xızının ətrafındakı yaşıllıqların məhv edilərək yerində dəbdəbəli villalar tikilməsini əngəlləmək demək olar ki, mümkünsüz olub. Başçının rayon səhiyyəsinə, təhsil və mədəniyyətinə laqeyd münasibəti göz qabağındadır. Elə bu yaxınlarda Xızıda keçirilmiş ənənəvi təhsil müşavirəsində icra başçısının iştirakdan yayınması Təhsil Nazirliyinin nümayəndəsi tərəfindən ciddi tənqid olunmuşdu. Bu cür gərəkli və əhəmiyyətli tədbirlərə qarşı etinasızlıq əlbəttə ki, ölkə rəhbərliyinin diqqətindən yayındırla bilməz.



Ay səni, Arzu müəllim, yaxud 2-otaqlı peşə məktəbi



Qəribə bir təsadüflə rastlaşmışıq. Xızı Rayon İcra Hakimiyyətinin rəsmi saytında yer alan təhsil müəssisələri sırasında Xızı rayon peşə məktəbinin adı əksini tapmayıb. Düzü, bu fakt bizi xeyli pərişan etdi. Necə olmasa, rəsmi mətbuatda Xızı peşə məktəbinin uğurlarından bəhs edən yazılara çox rast gəlmişik. Digər tərəfdən, peşə məktəbinin direktoru Arzu Əzizovun yaxın 15 illik bir dövrü əhatə edən rəhbərlik dönəmi ilə bağlı xoş təəssüratlarımızı onunla bölüşmək arzusundaydıq. Xızıda peşə məktəbini soraqlaya-soraqlaya nəhayət ki, şəhər tam orta məktəbinə gəlib çıxdıq. Məlum oldu ki, peşə məktəbi bu məktəbdə texniki personal və pedaqoqlar üçün ayrılmış 2 otaqlı "iqamətgahda" qərar tutub. Burda maraqlı bir nonses də var. Bəli, bəli, bildirildiyinə görə, həmin bu 2-otaqlı ofisdə həm də uşaq yaradıcılıq mərkəzi fəaliyyət göstərir. Kim nə edib, özü bilər...Düzü indiyədək Azərbaycan təhsilində hər olayla üzləşmişdik, amma 150 şagirdin 2 otağa yerləşdirilməsinin sirrinə bələdçiliyimiz yoxuydu. 15 il ərzində cəmiyyətimizə müxtəlif peşələr üzrə 2 mindən artıq "kadr" buraxmış bu məktəbdəki şəraitsizlikdən, saxtakarlıqlardan görən nə əcəb Təhsil Nazirliyindəki hörmətli məmurların xəbəri olmayıb. Axı faktiki olaraq dərsə gəlməmiş 150 şagirdin hərəsinin öz təqaüd kartı olub, bu isə bir ayda 4-5 min manat hazır məbləğ deməkdir. Elə düşünməyin ki, Arzu Əzizovun şagird təqaüdləri hesabına özünə cah-cəlal qurduğuna şübhə ilə yanaşırıq.

Əsla belə deyil! Xızıda demək olar ki, hər kənddə hektarlarla torpaq sahəsinə sahiblik edən Arzu müəllim torpaq alveri üzrə peşəkar makler kimi tanınır. Di gəl ki, keşmiş şagirdlərindən bircəciyini belə üzdən tanımır. "Ölü canlar" üzrə tanınmış bu mütəxəssis kadrın rayon icra aparatı başçısının müavini vəzifəsinə irəli çəkilməsi xızılılar üçün hələ də gözlənilməz olduğu qədər müəmmalı qalıb. Nə isə, bu müəmmaların açmasını aramaq üçün dərdli mənzərələri gərək sözbəsöz təhlil edəsən.

...Nə yaxşı ki, bu yurda əsrlər boyu qucaq açmış şiş dağlar var. Kim bilir, bəlkə də Xızının dərdinə hayan elə bu dağlardı. Yoxsa rayondakı mövcud dözülməz şəraitin, büdcə talanlarına başı qarışmış məmurların yaratdığı problemləri bölüşməyə sirdaş tapılmazdı. Lakin hər halda qəlbən optimist olan yerli əhali həmişəki kimi, ümidini ölkə rəhbərliyinə bağlayıb.




gundelik-baku