BolgeXeber.Com » Bölgə » İsmayıl Vəliyevin Neftçala təhsilindəki maxinasiyaları

İsmayıl Vəliyevin Neftçala təhsilindəki maxinasiyaları

17-09-2013, 14:30
Oxunub: 6 246 İcra başçısı rayonun təhsil sisteminin inkişafına ayrılan 700 min manatdan çox vəsaiti necə silib?
Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) başçısı İsmayıl Vəliyevin fəaliyyətindəki nöqsanlarla bağlı mətbuatda saya gəlməyəcək qədər məlumat dərc edilib. Bütün bunlar, yəni şikayət məktubları isə ondan irəli gəlir ki, icra başçısı vəzifəsini layiqincə yerinə yetirə bilmir və qanundan kənar hərəkətlərə yol verərək camaatı hakimiyyətdən incik salır. Ötən saylarımızda icra hakimi tərəfindən yol verilən qanun pozuntuları ilə bağlı müfəssəl məlumat verərək maliyyə maxinasiyalarından danışmışdıq.

Ancaq görünən odur ki, rayon rəhbəri barəsində yazılan tənqidlərdən nəticə çıxarmayıb. Neftçala rayonunda müxtəlif işlərin həyata keçirilməsi üçün elan edilmiş tenderlər vasitəsi ilə yüz minlərlə manatın mənimsənildiyinə dair sənədlər ortaya çıxıb. Əldə etdiyimiz məlumata görə, icra başçısı İsmayıl Vəliyevin nəzarəti altında həyata keçirilən proses zamanı 700 min manatdan artıq pulun necə ələ keçirildiyi diqqəti çəkir.

Həmin tender oyununun detallarının bir qismi ilə bağlı olduqca maraqlı məlumatlar var. Məlumatda qeyd edilir ki, Təhsil Nazirliyinin Neftçala rayon Təhsil Şöbəsi üçün digər maşın və avadanlıqların satın alınması üçün elan edilmiş tenderə 9223 manat pul ayrılıb. Həmin prosesi isə «Günay-T» MMC şirkəti həyata keçirib.

Nazirliyin Təhsil Şöbəsi üçün bərk inventarların satın alınması üçün elan edilmiş tenderi isə «Konral» MMC həyata keçirib. Bu məqsədlə 239860,96 manat pulun aqibəti sual altına düşüb.

Bundan başqa, Təhsil Nazirliyinin şöbə üçün dəftərxana ləvazimatlarının satın alınması üçün elan edilmiş tenderə isə 5000 manat sərf olunub. Bu prosesi də fiziki şəxs Sadıqov Şəhriyar Ağamalı oğlu vasitəsi ilə həyata keçiriblər.

Şöbə üçün mətbəə xidmətlərinin satın alınması üçün də elan edilmiş tenderin qalibi Şəhriyar Sadıqov olub. Bu dəfə ortalıqda 10 min manat pul olub. «Sair xərclər» maddəsi üzrə malların (işlər və xidmətin) satın alınması üçün işlər isə «Təmir-Bərpa» MMC-yə həvalə edilib. Ayrılan məbləğ isə 96942 manat təşkil edib. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Xıllı qəsəbə inzibati ərazi dairəsi üzrə İcra Nümayəndəliyinə dəftərxana ləvazimatlarının alınması məqsədi ilə 2900 manat pul ayrılıb ki, bu iş də Şəhriyar Sadıqov tərəfindən həyata keçirilib. M.Səfərov adına Neftçala şəhər internat ümumtəhsil orta məktəbi Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması işləri isə fiziki şəxs Qəfərov Qismət Tahir oğluna tapşırılıb. Bunun üçün isə 6000 manat pul ayrılıb. Məlumatlı mənbənin sözlərinə inansaq, M.Səfərov adına Neftçala şəhər internat ümumtəhsil orta məktəbi təsərrüfat mallarının satın alınması işləri fiziki şəxs Abbasova Nərminə Sadıq qızına verilib. Və həmin işlər üçün 2990 manat sərf olunub. Digər yeyinti faktları isə aşağıdakı kimidir:

- Təhsil Nazirliyinin M.Səfərov adına Neftçala şəhər internat ümumtəhsil orta məktəbi avadanlıqların satın alınması üzrə işlər yenə fiziki şəxs Abbasova Nərminə Sadıq qızına həvalə edilib və bu zaman 9985 manat xərcləndiyi qeyd olunub.

- M.Səfərov adına Neftçala şəhər internat ümumtəhsil orta məktəbi yumşaq inventarların satın alınması yenə həmçinin fiziki şəxs Abbasova Nərminə Sadıq qızının əliylə həyata keçirilib. Bu məqsədlə 9900 manatın başına «daş» salınıb.

- M.Səfərov adına Neftçala şəhər internat ümumtəhsil orta məktəbi Bərk inventarların satın alınması işləri bu dəfə fiziki şəxs Sadıqov Şəhriyar Ağamalı oğluna verilib. 20000 manat da bu şəkildə xərclənib.

- Neftçala rayon Təhsil şöbəsi digər avadanlıqların satın alınması işləri fiziki şəxs Mehtiyev Əliş Fərhad oğluna tapşırılıb. 54900 manat da bu yolla «xərclənib». Bildirək ki, rayonda təkcə təhsil sahəsində elan edilən tenderlər yolu ilə 724 942 manat pulun xərcləndiyi aşkar olunub.

Bu hələ təkcə bir sahədə olan yeyintidir. Rayonda digər sahələr üzrə hansı pulların silindiyi məlum deyil. Ancaq bu barədə araşdırmalar aparıb yeni məlumatlar əldə edən kimi sizlərlə də bölüşəcəyik.

Qarşı tərəfi də dinləməyə hazırıq.
gundelik-baku