BolgeXeber.Com » Bölgə » Goranboyun İcra Başçisi istintaqa cəlb edildi

Goranboyun İcra Başçisi istintaqa cəlb edildi

7-06-2011, 11:20
Oxunub: 6 438
Nizaməddin Quliyev rayonun sabiq baş həkiminin ölümündə günahlandırılaraq dindirilib

Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Nizaməddin Quliyev istintaqa çağırılaraq dindirilib. Onun adı Goranboy rayon mərkəzi xəstəxanasının intihar etmiş sabiq baş həkimi Faiq Abdullayevin ölümündə günahkar kimi hallanır. İcra başçısı istintaqa da bu səbəbdən cəlb edilib.

Məlumat üçün bildirək ki, Goranboy RİH başçısının I müavini Baxış Abdullayev, icra başçısının elm, təhsil, mədəniyyət və səhiyyə məsələləri üzrə müavini Elçin İsmayılov, Goranboy rayon mərkəzi xəstəxanasının baş həkimi Rüstəm Budaqov və Goranboy Rayon Maliyyə İdarəsinin rəhbəri İltifat Sadıqov da bir müddət öncə F.Abdullayevin ölümü ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq dindirilmişdilər. Dünən aldığımız məlumata görə, bu dəfə növbə RİH başçısına çatıb və müstəntiqlər Nizaməddin Quliyevi də dindirib.

Bu xəbəri alan kimi mərhum F.Abdullayevin həyat yoldaşı Gülnarə Abdullayeva ilə əlaqə saxladıq. Gülnarə xanım açıqlamasında bildirdi ki, müstəntiqlər ötən həftə Goranboya gələrək araşdırma aparıblar. G.Abdullayeva N.Quliyevin müstəntiqlər tərəfindən dindirildiyini təsdiqlədi. Onun sözlərinə görə, Bakıdan gedən istintaqçılar Goranboy Rayon Prokurorluğunda N.Quliyevlə yanaşı Goranboy RİH-in və rayon mərkəzi xəstəxanasının əməkdaşlarını da dindiriblər. Müstəntiqlər hadisə yerinə gedərək ora yenidən baxış da keçiriblər. Prokurorluq əməkdaşlarının F.Abdullayevin də yaxınlarını dindirdiyini deyən G.Abdullayeva onların bir neçə gün rayonda qalaraq araşdırma apardıqlarını da vurğuladı. Gülnarə xanım N.Quliyevin neçə saat dindirilməsi və ona hansı sualların verilməsi haqda məlumatsız olduğunu söylədi.

Qeyd edək ki, F.Abdullayevin işi ilə bağlı başlanan cinayət işi aprelin 18-də Goranboy Rayon Prokurorluğundan alınaraq araşdırılması üçün Baş Prokurorluğa verilib. Cinayət işi hazırda orada araşdırılır. İş rayon prokurorluğunda olarkən B.Abdullayev, E.İsmayılov və R.Budaqov ora çağırılaraq dindirilmişdi. G.Abdullayeva isə ərinin ölümündə icra başçısı N.Quliyevi günahlandırmışdı. Hadisə baş verən gün yüzlərlə goranboylu xəstəxanaya toplaşarkən N.Quliyev və B.Abdullayev hadisə yerinə gediblər. İcra başçısı və müavininin ora gəldiyini görən mərhumun həyat yoldaşı üzünü onlara tutaraq “60 min dollar sizə bəs etmədimi, gecələr evə də zəng vurub pulun qalanının nə yerdə olduğunu soruşurdunuz” deyib. G.Abdullayeva həyat yoldaşının ölümündən sonra N.Quliyevin onların üstünə bir neçə adam göndərərək bu işdən əl çəkmələri üçün təzyiq etdiyini, icra başçısının onlara 60-70 min manat ziyan vurduğunu da söyləmişdi.

Xatırladaq ki, martın 4-də F.Abdullayev xəstəxananın pediatriya şöbəsinin yerləşdiyi binanın 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. Faktla bağlı CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. F.Abdullayev 7 il həmin xəstəxananın baş həkimi işləyib. 2009-cu ilin sentyabr ayında rayona icra başçısı təyin edilən N.Quliyev ötən ilin mayında mərhumu işdən çıxarıb. F.Abdullayev isə xəstəxananın travmatologiya şöbəsində həkim kimi işini davam etdirib. G.Abdullayeva da orada pediatriya şöbəsində həkim işləyir. Qarabağ müharibəsində iştirak edən F.Abdullayevin qardaşı Natiq Abdullayev Qarabağ müharibəsində şəhid olub.
Yazı ilə bağlı adıçəkilən məmurların da mövqeyini çap etməyə hazırıq.
/musavat.com/