BolgeXeber.Com » Bölgə » Tərtərdə təhsil şöbəsinin müdiri rayonun orta məktəblərini bazara çevrib

Tərtərdə təhsil şöbəsinin müdiri rayonun orta məktəblərini bazara çevrib

19-09-2013, 11:20
Oxunub: 4 352 Tərtərin təhsilində Aydın Qarayev böhranı
Tərtər rayonunda təhsil sahəsində ciddi böhran yaşanır. Rayonun orta məktəbləri təhsil ocaqlarından daha çox, bazarı xatırladır. Demokratiya.info-ya verilən məlumata görə, təhsil şöbəsinin müdiri Aydın Qarayevin «böyük zəhməti» sayəsində ərsəyə gəlmiş vəziyyətlə bağlı edilən şikayətlərə də baxan yoxdur.

Verilən məlumatlara görə, Aydın Qarayev Tərtərə təhsil şöbəsinə müdir gələndən sonra bir qədər sakit davransa da, sonradan hərəkətə keçməyə başlayıb. Məhz bu hərəkətlilik nəticəsində hal hazırda rayonda orta məktəblərin direktorlarının hamısı ona işləmək məcburiyyətində qalıb. Belə ki, faktiki olaraq Tərtər məktəblərinin direktorları hər ay şöbə müdirinə «pay» göndərirlər. Eyni zamanda, yeni tədris ili əlaqədar da «bazar açılıb».

Həmin məlumata görə, təhsil şöbəsinin müdirinin göstərişinə əsasən bütün orta məktəblərdə şagirdlər yalnız Aydın Qarayevin bir neçə il bundan əvvəl istifadəyə verdiyi geyim dükanından məktəbli formaları almalıdır. Əgər valideyn imtina edərsə, direktorun başlıca vəzifəsi onu bir şəkildə razı salmaqdan ibarət olmalıdır. Eyni zamanda, valideyn israr edərsə, direktor formanın pulunu cibindən verməlidir.

Tərtər camaatı deyir ki, rayon təhsilində Aydın Qarayev böhranı yaşanır. Onların bildirdiyinə görə, əvvəllər belə biabırçılıqlar yaşanmırdı. Lakin sonradan vəziyyət dəyişdi və Qarayev «qaydaları» işə düşdü.