BolgeXeber.Com » Bölgə » İcra başçısının Seydimli kəndində səyyar qəbul görüşü keçirilib

İcra başçısının Seydimli kəndində səyyar qəbul görüşü keçirilib

4-08-2022, 19:47
Oxunub: 4 912

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Seydimli  kəndində 
səyyar-qəbul görüşü keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının 
rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, KİV-nin 
əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri 
düzüb, xatirəsini ehtiramla yad ediblər.
Kənd sakinlərini salamlayan icra başçısı yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər 
haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və 
qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, 
əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, 
Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş 
ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
Qeyd olunub ki, I Qarabağ və Vətən müharibəsində ən çox atəşə Tərtər şəhəri və onun yaşayış 
məntəqələri məruz qalıb. Ancaq sakinlər bir gün də öz yurd-yuvalarını tərk etməyiblər, düşmənə 
həmişə “göz dağı” olublar. 
Rayon rəhbəri bildirib ki, bu gün də erməni silahlı birləşmələri dinc dayanmırlar Rusiya 
Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-
qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud 
surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli 
törədib. Terror-təxribat  nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid 
olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın 
rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və 
orada yeni döyüş mövqelərini qurmağa cəhd göstəriblər.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu bölmələrinin 
keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ 
silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər 
nəzarətə götürülüb. 
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, 
keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə 
endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin 
bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
Rayon rəhbəri Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq 
bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı 
qətiyyətlə alınacağını və əks cavab tədbirləri  daha da sarsıdıcı olacağı barədə məlumat verdiyini 
bildirib.
Sonra icra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə 
də məlumat verib.
Bildirilib ki, Seydimli kənd İnzibati Ərazi dairəsinin 1032 hektar ərazisi, 686  təsərrüfatı, 2763 nəfər 
əhalisi, 648 hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 poçt, 1 ATS, 1 
kitabxana, 1 körpələr evi-uşaq bağçası, 10 ticarət, 2 məişət və 7 iaşə obyekti fəaliyyət göstərir. 
Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su  ilə təmin 
olunurlar.
Sakinlər 1015 baş iribuynuzlu, 2016 baş xırdabuynuzlu heyvan, 13185 baş quş, 286 arı ailəsi 
saxlayır, kümçülüklə də məşğul olurlar.
Kənddə elektrik xətlərinin kabelləşdirilməsinə başlanıb. 3000 metr kəndarası yol təmir olunub, 
əraziyə 360 ədəd müxtəlif ağac əkilib. 800 metr su arxı lildən təmizlənib, kəndarası yollar 
abadlaşdırılıb.
İcra başçısı sakinlərə Rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər 
məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin sahələrində baş verəcək 
yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən danışıb, erkən nikah və onun fəsadlarından 
da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə 
güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən şəhid ailəsi Rəna Hüseynova Vətən Müharibəsi zamanı və təbii fəlakət 
nəticəsində evinə dəymiş ziyanın aradan qaldırılması, Vətən Müharibəsi iştirakçısı Sərxan Əliyev 
tikinti materialı ilə köməklik edilməsi, Ələddin Süleymanov, Reyhan Şahbazova kəndarası yollara 
asfalt çəkilməsi, Rəşid Məhərrəmov oğlunun pensiyasının kəsilməsi və Vətən Müharibəsində 
iştirak edən nəvələrinin işlə təmin olunması, Günel Quluyeva sosial yardım almasına köməklik 
edilməsi, Lətif Atakişiyev, Məhbub İsmayılova, Elburus Rzayev evlərinin təmirinə köməklik 
edilməsi ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri 
tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid 
ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab 
İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.