BolgeXeber.Com » Bölgə » Tərtərin icra başçısı İrəvanlı kəndində - FOTO

Tərtərin icra başçısı İrəvanlı kəndində - FOTO

9-09-2022, 10:01
Oxunub: 2 160 Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun İrəvanlı kəndində səyyar qəbul-görüşü keçirilib.

Bolgexeber.com xəbər verir ki, qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.

Kənd sakinlərini salamlayan icra başçısı yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.

Sonra icra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.

Bildirilib ki, İrəvanlı kəndinin 405 hektar ərazisi, 298 təsərrüfatı, 1075 nəfər əhalisi, 326 hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 mədəniyyət evi, 1 körpələr evi-uşaq bağçası, 1 poçt, 1 ATS, 1 kitabxana, 5 ticarət və 3 iaşə obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su ilə təmin olunublar.

Sakinlər 285 baş iribuynuzlu, 474 baş xırdabuynuzlu heyvan, 3863 baş quş, 99 arı ailəsi saxlayır, kümçülüklə də məşğul olurlar.

İrəvanlı kəndində son üç ildə 1 ədəd subartezian quyusu qazılmış, 4000 metr su arxı lildən təmizlənib, kəndarası yollar təmir olunaraq kənar hissələri abadlaşdırılıb.

İcra başçısı sakinlərə Rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin sahələrində baş verəcək yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən danışıb, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Rayon rəhbəri sonra sözü sakinlərə verib.

Kənd sakinlərindən şəhid ailəsi Rahibə Cəfərova həyətyani torpaq sahəsi ilə təmin olunma, Gülnaz Məmmədova ünvanlı sosial yardım, İlham Məmmədov qazılması nəzərdə tutulan yeni subartezian quyusunun qazıntı işlərinin tezləşdirilməsi, Mehman Hüseynov, Sənan İbrahimov suvarma arxlarının bərpa olunması və qapıların qoyulması, Azər Cahangirov həyətyani və kənd təsərrüfatı məqsədilə torpaq sahəsi ilə təmin olunma və digər məsələlər ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.