BolgeXeber.Com » Bölgə » Saatlıda təhsil bazarı

Saatlıda təhsil bazarı

10-06-2011, 13:55
Oxunub: 6 291
Bağçaları, orta məktəblərə sürücülərə, mexanizatorlara etibar edirlər

Korrupsiyaya qarşı mübarizənin Saatlı rayonuna çatmadğını yazan rayon sakini əlavə edib ki, rayon həm yeni iş yerlərinin yaradılması, sosial-iqtisadi inkişaf, abadlıq və yenidənqurma işlərinə, təhsildə və digər sahələrdə qazanılan uğurlara görə respublikada axırıncı yerdə durur. Təhsil sektorunun rüşvət və korrupsiya buruluğanında üzdüyünü vurğulayıb.

Şikayətçi iddia edir ki, müəllimlərin əmək haqları karta köçürüldükdən sonra rayon təhsil şöbəsi müdirinin adamları məktəb direktorları ilə müxtəlif yerlərdə görüşür, «keçirilməyən dərslərin» haqqını yığıb, gələcəkdə satılması nəzərdə tutulan şagird gündəliklərinin pulunu bəri başdan tələb edirlər.
Rayon sakini iddia edir ki, müəllimlərdən rüşvət yığılır. Onun yazdığına görə rayon məktəblərinin bütün ibtidai sinif müəllimlərinin hər birindən attestasiyadan keçmək adı ilə 200 manat yığılıb təhsil şöbəsinin müdiri Ş.Nurəliyevə verilib.

Şikayətçi onu da qeyd edir ki, rayonda təhsilin səviyəsi o qədər aşağıdır ki, orta məktəbi bitirən şagirdlər attestat almaq üçün sınaq imtahanlarını belə verə bilmirlər. «Son buraxılış imtahanlarında isə hər şagirddən 100 manat yığmaqla məsələni həll edəcəklər»-deyə şikayətçi vurğulayıb.

O, rayonda təhsil sahəsində kadr seçimində də ciddi nöqsanlara yol verildiyini bildirir: “Rayonun təhsil müəssisələrinə mexanizatorların, sürücülərin, neftçilərin rəhbərlik etmələri adi hala çevrilib. Belə olmasaydı, rayon peşə liseyinə ixtisasca sürücü, Qıraqlı kənd uşaq bağçasına bir vaxtlar adlı-sanlı mexanizator olan bir xanım, Dədə Qorqud kənd uşaq bağçasına ixtisasca neftçi rəhbərlik etməzdi.

Şikayətçi iddia edir ki, Məmmədabad kənd orta məktəbinə dərs hissə müdiri təyin olunanda əsl biabırçılıq yaşanıb. Çünki heç vaxt təhsil müəssisəsində işləməyən, müəllim-şagird, pedaqoqika anlayışından xəbəri olmayan İsgəndərov soyadlı şəxs orta məktəbdə tədris işləri üzrə direktor müavini təyin olunub. Halbuki, bu məktəbdə 30-40 il pedaqoji staşa malik olan müəllimlər var. Məmmədabad kənd orta məktəbində 4 bədən tərbiyəsi müəllimi olduğu halda, bu il Təhsil Nazirliyi həmin məktəbə daha iki bədən tərbiyəsi müəllimi göndərib. Belə faktlar rayonun bütün əsas və orta məktəblərində qeydə alınıb.
Şikayətçi onu da bildirir ki, rayonun məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilərin yerləşdirilməsi açıq bazara çevrilib. Kimin 500 manatı varsa, diplomun olması vacib deyil. Diprlomu olanların pulu yoxdursa, iş də yoxdur. Ona görə də rayonun kəndlərindəki uşaq bağçalarının yalnız adı var. Uşaq bağçalarına verilən ərzaq məhsullarının necə bölüşdürülməsi sirrini isə təhsil şöbəsinin müdiri daha yaxşı bilir. Ayrılmış aylıq ərzağın 45 faizi uşaq bağçalarına verilir.

Apardığımız araşdırma zamanı məlum oldu ki, bu yaxınlarda Təhsil Nazirliyindən gələn yoxlama yuxarı sinif müəllimləri arasında monitorinq keçirib.

Əlaqə saxladığımız müəllimlərin bəziləri onlardan pul alınmadığını bildirdilər. Amma bununla belə müəllimlər ciddi nöqsanların olduğunu inkar etmədilər. Xüsusilə, kənd məktəblərində kadr çatışmazlığı problemi var, partalar köhnədir, laboratoriya otaqları və avadanlıqları mövcud deyil.

P.S. Yazıda adıçəkilən şəslərində mövqeyini dərc etməyə hazırıq.