BolgeXeber.Com » Bölgə » Azərbaycan alternativ və bərpa olunan enerji mənbələri ilə zəngin bir diyardır
Azərbaycan alternativ və bərpa olunan enerji mənbələri ilə zəngin bir diyardır
6-02-2023, 17:16
Oxunub: 3 160
Son illərdə dünyada enerji və ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərin aktuallığının artması ölkələrin qarşısına özlərinin enerji siyasətlərini dəyişməklə bağlı yeni çağırışlar qoyub. Bu çağırışlar, ilk növbədə, enerji mənbələrinin şaxələndirilməsi, istehsalı prosesində karbon emissiyalarının azaldılması ilə bağlıdır. Nüfuzlu beynəlxalq enerji təşkilatlarının qiymətləndirmələrinə görə, son illərdə dünyada bərpa olunan enerji mənbələrinin payı elektrik enerjisinin qoyuluş gücündə 36,5%-ə, elektrik enerjisinin istehsalında isə 29%-ə yüksəlib. Beynəlxalq Enerji Agentliyi 2050-ci ildə elektrik enerjisi istehsalının, təxminən 90%-nin bərpa olunan enerji mənbələrinin payına düşəcəyini, bu göstəricinin 70%-nin isə yalnız külək və günəş enerji mənbələrindən əldə ediləcəyini proqnozlaşdırır.
Azərbaycan da bu kimi mühüm çağırışlara adekvat olaraq alternativ və bərpa olunan enerji mənbələrindən daha geniş şəkildə istifadə etməyi priorotetlərdən biri kimi müəyyənləşdirib. Azərbaycanın enerji mənbələrinin şaxələndirilməsi siyasəti ölkəmizin bu sahədə zəngin potensialına əsaslanır. Belə ki, respublikamız alternativ və bərpa olunan enerji mənbələri ilə zəngin bir diyardır. Alternativ enerji mənbələrindən biri külək enerjisidir. Külək enerjisi təbiətdə ən geniş yayılmış səmərəli, təmiz və təhlükəsiz bərpa olunan enerji mənbələrindən biridir. Külək enerjisi küləyin gücündən, yəni hava axınlarının kinetik enerjisinin elektrik enerjisinə çevrilməsindən əldə edilir. Həmin kinetik enerjidən istifadə etmək və onu istifadəyə yararlı elektrik enerjisinə çevirmək üçün isə külək turbinindən istifadə edilir. Külək turbinləri vasitəsi ilə istehsal olunan elektrik enerjisi ötürücü xətlər ilə transformator yarımstansiyasına, oradan da paylayıcı şəbəkələr vasitəsilə istehlakçılara çatdırılır. Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Külək enerjisi elektrik enerjisi istehsalı üçün daha səmərəli texnologiyalardan biridir. Külək qurğularının inşasına ənənəvi elektrik stansiyalarının qurulmasından nisbətən daha az vaxt sərf olunur.
Artıq neçə onillikdir ki, doğma Xəzərin dərinliklərindən enerji resursları hasil edilir. Müstəqillik illərində respublikamız xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatları ilə zəngin yataqların işlənməsinə dair çoxsaylı müqavilələr imzalayıb. Həmin müqavilələrin icrası çərçivəsində qazanılan böyük həcmlərdə maliyyə vəsaiti ölkəmizin sosial-iqtisadi inkişafında, insan kapitalının formalaşmasında mühüm rol oynayır. Lakin Xəzərin sərvətləri yalnız onun dərinliklərində gizlənmir. Abşeron yarımadası, Xəzər dənizi küləklər məkanı kimi tanınır. Elə bu külək də bizim üçün əziz olan dənizin daha bir bol sərvətidir. Söhbət ilin bütün fəsillərində Xəzərin mavi sularını ləpələndirən, dalğaları şahə qaldırıb sahilə çırpan Xəzərin küləyinin elektrik enerjisinə çevrilməsindən gedir. Xəzər dənizinin Azərbaycan sektoru üzrə 157 QVt həcmində külək enerjisi potensialı investorlarla dayanıqlı enerji əməkdaşlığı üçün yeni imkanlar yaradır. Prezident cənab İlham Əliyev 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında qeyd etmişdir: “Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavatdır. Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparılır.”
Müasir dünyada külək enerisi ən yaxşı alternativ və bərpa olunan eneri növlərindən biri hesab olunur. Hazırda külək enerjisindən ən çox istifadə edən ölkələr ABŞ, Almaniya, Hindistan, Fransa, Böyük Britaniya,İspaniya, Çin, İtaliya, Danimarka, Portuqaliyadır. Külək energetikası dünyada sürətlə inkişaf edən sahələrdən biridir. Külək energetikası sahəsində birinciliyi Danimarka saxlayır. Ölkədə istehsal olunan enerjinin 39 faizi küləkdən alınır. Portuqaliyada bu göstərici 23, İrlandiyada 14, İspaniyada 16, Almaniyada 8 faizdir. Statistikaya görə, orta hesabla Bakıda il ərzində ən az 200 küləkli gün olur. Hesablamalara görə Azərbaycan Respublikası özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə külli miqdarda tullantıların, o cümlədən azondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir.
Xəyalə Dadaşova,
Salyan rayon Qızılağac kənd tam orta məktəbin müəllimi
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər