BolgeXeber.Com » Bölgə » Tərtər rayon İcra Hakimiyyətində geniş tərkibdə müşavirə keçirilib

Tərtər rayon İcra Hakimiyyətində geniş tərkibdə müşavirə keçirilib

8-02-2023, 17:17
Oxunub: 1 848

Bolgexeber.com xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə rayon icra hakimiyyətində  geniş tərkibdə müşavirə keçirilib


Müşavirə iştirakçıları əvvəlcə qardaş Türkiyədə  baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişmiş  insanların ruhuna ehtiram əlaməti olaraq onların  xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


Rayon  rəhbəri  təbii fəlakət nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verərək, onlara rəhmət diləyib, rayonumuzun sakinlərini də zəlzələdən əziyyət çəkmiş, ev-eşiyini itirmiş qardaş  ölkənin vətəndaşlarına yardım kampaniyasına qoşulmağa çağırıb. O, Umummilli Liderin “Biz bir millət, İki  dövlətik”  və Atatürkün “Azərbaycanın sevinci ,bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır” sözlərini yada salıb, Türkiyə-Azərbaycan dostluğunun  tarixi köklərindən, hər iki ölkənin tarixin çətin sınaqlarında bir-birlərinə göstərdikləri dəstəyi vurğulayıb.


Müşavirədə vətəndaş müraciətlərinə baxılması, xüsusən şəhid və qazi ailələrinin, aztəminatlı ailələrin   problemlərinə həssaslıqla yanaşılması, onların problemlərinin həlli istiqamətində operativ tədbirlərin görülməsi, qəbullarda vətəndaş məmnunluğunun təmin edilməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, xidmət təşkilatlarında satışdan əldə olunan vəsaitlərin yığılması,  ərazidə aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, mövsümi işlərin vaxtında aparılması, əkin sahələrinin suvarma suyu ilə təminatı, bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik və abadlıq işlərinin   aparılması, cari ildə dövlət  sifarişli  kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsinə diqqətin artırılması,  pərakəndə küçə ticarəti ilə məşğul olaraq səkilərdə piyadaların hərəkətini çətinləşdirən, natəmizlik yaradan şəxslərlə maarifləndirici söhbətlərin  aparılması, onların yalnız əvvəlcədən müəyyən edilmiş ərazilərdə fəaliyyət göstərmələri və sair barədə məsələlər müzakirə edilib. Müzakirə olunan məsələlər barədə icra başçısı tərəfindən əlaqədar nümayəndəliklərə, idarə, müəssisə rəhbərliklərinə  tapşırıq və tövsiyyələr verilib.


 Müşavirənin sonunda  dövlət qulluğunda pensiya yaşına çatmış rayonun Hacıqərvənd kənd İƏD üzrə nümayəndənin müavini Vaqif Aslanov və Səhlabad kənd  İƏD üzrə  nümayəndəliyin  baş məsləhətçi-baş mühasibi Oktay İsmayılova rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və qiymətli hədiyyə  təqdim olunub.