BolgeXeber.Com » Bölgə » Masazırda onlarla ailənin həyatı təhlükədədir

Masazırda onlarla ailənin həyatı təhlükədədir

3-10-2013, 10:50
Oxunub: 4 639 Sakinlər problemlərinə biganə yanaşıldığını deyirlər; qəsəbədəki sürüşmə sürətlə davam edir
Bu ilin mart ayında Bakının Masazır qəsəbəsində baş verən sürüşmənin fəsadları hələ də aradan qaldırılmayıb. Sakinlərdən “Yeni Müsavat” a verilən məlumata görə, son bir həftədə Bakının Masazır qəsəbəsində torpaq sürüşməsi aktivləşib. Onların sözlərinə görə, hazırda qəsəbədə 20-dən çox ailənin həyatı təhlükəyə düşüb.
Sakinlərin sözlərinə görə, 2011-ci ildəki sürüşmə ilə bağlı ərazidə yalnız beton sədd çəkilib. Tural Məmmədov adlı Masazır sakininin sözlərinə görə, Nazim Əsədov küçəsində kanalizasiya xəttinin bərbad olması sürüşmə hallarının tez-tez meydana gəlməsinə səbəb olub: “Bir neçə dəfə icra hakimiyyəti və digər dövlət orqanlarından nümayəndələr gəlib baxdı. Fövqəladə Hallar Nazirliyindən gələnlər də kanalizasiya xətlərinin olmaması və çirkab sularının çökəklikdə yerləşən evlərə doğru axması nəticəsində yarandığını söylədilər”.
Sakinlərin sözlərinə görə, buradakı evlərin kanalizasiya xətti yoxdur. Buna görə də sakinlər özləri pərakəndə şəkildə kanalizasiya xətti çəkməyə məcbur olub. Bu sular da torpağı yuyub sürüşmə yaradır. Sakinlər tələb edirlər ki, yaşadıqları küçəyə kanalizasiya xətləri çəkilsin və evlərinə dəyən maddi ziyan ödənilsin.
Qeyd edək ki, mart ayında baş verən sürüşmə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yayılan məlumatda deyilirdi ki, Masazırda Nazim Əsədov küçəsi, 12 ünvanında baş verən sürüşmə sahəsinin eni 130-140 metr, uzunu 80-100 metrə qədərdir: “Sürüşmənin qırılma qaşı bir fərdi yaşayış evinin bilavasitə altından keçərək bünövrəyə 60 santimetr daxil olub. Bu evin balkonunun bir dirəyi sürüşmə nəticəsində uçub. Təzə tikili olduğundan burada yaşayış yoxdur. Ərazidəki Qır gölü ətrafında evlər çoxdur. Ancaq daha çox təhlükəyə məruz qalan bir evdir. Bu ərazidə sürüşmə 2011-ci ildə başlayıb. O vaxt sürüşmənin qarşısını almaq üçün Nazirlər Kabinetinə təkliflər verilib və tədbirlər görülüb. Hazırda sürüşmənin sağ qanadı genişlənib”.
Nazirliyin məlumatında deyilirdi ki, sürüşmə sahəsində aktivləşmə texnogen suların, kanalizasiya sularının hesabınadır: “Sürüşmə sahəsinin üzərində bu suların təzahürləri görünür. Bu da hər an sürüşmə prosesinin aktivləşməsinə təsir edir. Burada kanalizasiyanın olmaması, əhalinin pərakəndə şəkildə məişət sularından istifadə etməsi, suları yamaca axıtması yamacın ətəyində, Qır gölünə çatmamış bu suların yer səthinə bulaqlar şəklində çıxmasına səbəb olur. Bu da mailliyə malik yamacda süxurların hərəkəti ilə nəticələnir. Buradakı süxurlar əsasən məsaməli və boşluqlu süxurlardır. Sürüşmə sahəsində ev tikmək olmaz. Ancaq artıq bu ərazidə ev tikməyə yer qalmayıb”.