BolgeXeber.Com » Bölgə » Rayon rəhbəri şəhid Əhmədzadə Məftun Seymur oğlunun ailəsi ilə görüşüb

Rayon rəhbəri şəhid Əhmədzadə Məftun Seymur oğlunun ailəsi ilə görüşüb

20-04-2023, 16:39
Oxunub: 2 024

Bolgə.TV xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov, şəhid Hacızadə Ceyhunun atası Hacıyev İfrayıl, şəhid Məhərrəmli Fuadın atası Məhərrəmov Habil, qazilər Məhərrəmli Nurlan və Niftalıyev Məhəbbət ilə birlikdə rayonun Evoğlu kəndində şəhid Əhmədzadə Məftun Seymur oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.


İcra başçısı qazanılan Qələbə zəfərindən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.


Qeyd edək ki, Əhmədzadə Məftun Seymur oğlu 1996-ci il Fevral ayının 2-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Məftun Əhmədzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində 18 ay sıravi əsgər kimi hərbi xidmət etmişdir. Sonra "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına başlamışdır. Kursları bitirən Məftun Əhmədzadə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirirdi. 


2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Quru Qoşunlarının hərbçisi olaraq iştirak edən Məftun Əhmədzadə 13 sentyabr 2022-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 16 sentyabr 2022-ci ildə nəşi evinə gətirilərək doğulduğu Tərtər rayonunun Evoğlu kəndində dəfn edilmişdir.


Azərbaycan Respublikasının  ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş,  hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Məftun Əhmədzadə  Azərbaycan  Respublikası  Prezidenti cənab  İlham Əliyevin  05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli  "Vətənə xidmətə görə" ordeni və  "Vətən uğrunda" medalı  ilə təltif edilmişdir 


Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.