BolgeXeber.Com » Bölgə » Mingəçevirdə Ulu Öndərin yubileyi ilə əlaqədar tədbir keçirilib

Mingəçevirdə Ulu Öndərin yubileyi ilə əlaqədar tədbir keçirilib

29-04-2023, 09:00
Oxunub: 1 672

Bolgə.TV xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib. 


Tədbir iştirakçıları əvvəlcə şəhər ərazisində Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. İştirakçılar tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzinin foyesində Ulu Öndərin həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin nümayiş olunduğu guşə ilə tanış olduqdan sonra tədbir açıq elan olunub. 


Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Dövlət Himni səsləndirilib.


Tədbiri giriş sözü ilə açan Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz fəaliyyətindən, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb. Şöbə rəisi  ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini, müasir gənclik tərəfindən Ulu Öndərin siyasi irsinin daha dərindən öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulayıb. O bildirib ki, müstəqilliyin möhkəmlənməsində və ölkədə sabitliyin, ictimai asayişin təmin edilməsində daxili işlər orqanlarının fəaliyyəti daim Heydər Əliyevin diqqət mərkəzində olub. 

Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyduğunu diqqətə çatdırıb. 


Daha sonra çıxış edənlər bildiriblər ki, Ulu Öndər tərəfindən başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycanda hüquq sisteminin inkişafı davamlı prosesə çevrilib. Həyata keçirilən səmərəli hüquqi islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun tərəfindən imzalanan fərman və sərəncamlar qısa dövr ərzində ölkəmizin dinamik yüksəlişini təmin edib və həyata keçirilən islahatlara yeni təkan verib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.