BolgeXeber.Com » Bölgə » Zaqatala Maliyyə İdarəsində ciddi nöqsanlar müşahidə olunur

Zaqatala Maliyyə İdarəsində ciddi nöqsanlar müşahidə olunur

16-10-2013, 12:15
Oxunub: 5 811 Maliyyə Nazirliyi nədən Ömərxan Şabanova qarşı son dərəcə səbrli mövqe sərgiləyir?

Zaqatala Rayon Maliyyə İdarəsilə bağlı əldə etdiyimiz ən son məlumatlara əsasən qeyd edə bilərik ki, sözügedən qurumun rəhbəri Ömərxan Mehdixan oğlu Şabanov az qala bütün idarə, təşkilat və müəssisələrin işinə müdaxilə edir, onları öz iradəsinə tabe olmağa çalışır. Maliyyə idarəsinin müdirinin yaranmış vəziyyətdən istifadə edərək bir sıra məqamlarda rayon sakinlərinin hüquqlarını pozduğunu iddia edən məlumatlı şəxsin bildirdiyinə görə, Ömərxan Şabanov dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə lazımi səviyyədə nəzarət edə bilmir:
«Hazırda Zaqatala Rayon Maliyyə İdarəsinin fəaliyyətində ciddi nöqsanlar müşahidə olunur. Belə ki, rayonun təhsil və səhiyyə sahələrinin inkişafı üçün ayrılmış dövlət vəsaiti heç də tam həcmdə məqsədyönlü xərclənmir. Çünki maliyyə idarəsinin müdiri özünü dövlət qulluqçusu, məmur kimi yox, məhz rəhbərlik etdiyi idarənin külli-ixtiyarı, bütün resurs və vəsaitlərin sahibi hesab edir». Mənbə iddia edir ki, Zaqatala Rayon Maliyyə İdarəsinin hesabat və məruzələrində şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində «Dövlət büdcəsi haqqında» Qanunun bir sıra maddələri kobud şəkildə pozulur: «Belə ki, həmin qanuna əsasən Maliyyə İdarəsi tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, Zaqatala rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə, təftiş edilmir. Təbii ki, müxtəlif yollarla əldə etdiyi külli miqdarda sərvət Ömərxan Şabanova yuxarı instansiyalarda hələ də öz mövqelərini saxlamağa müvəffəq olan bəzi məmurlar arasında himayədarlar da qazandırıb. Məhz həmin himayədarların sayəsində idarə müdiri indiyədək bütün təftiş və yoxlamalardan özünü sığortalamağa müvəffəq olub».
Ömərxan Şabanovun Zaqatala Rayon Maliyyə İdarəsinin müdiri vəzifəsinə gəldiyi gündən demək olar ki, yalnız şəxsi maraqları barədə düşündüyünü vurğulayan məlumatlı şəxsin sözlərinə görə, o, əsas vaxtını, enerjisini məhz bu istiqamətdə sərf edir: «İş o yerə çatıb ki, bu gün Zaqatalada onun bir sıra əməllərindən xəbərsiz olan adam qalmayıb. Lakin ölkədə həyata keçirilən bir sıra islahatlar, antikorrupsiya tədbirləri artıq öz töhvəsini verməkdədir. Bu tədbirlərin fonunda xüsusilə vətəndaşların aktivliyinin artması, neqativ hallara qarşı daha radikal mövqelərdən çıxış etmələri diqqəti cəlb edir. Bu tendensiya müxtəlif instansiyalara, o cümlədən mətbuata ünvanlanmış şikayət ərizələrinin məzmun dolğunluğunda, faktların açıq təqdimatında da öz əksini tapır. Elə Zaqatala Rayon Maliyyə İdarəsilə bağlı şikayətlərini bildirən rayon sakinləri də qeyd edirlər ki, adıçəkilən idarənin rəhbərliyi sərgilədiyi fəaliyyətilə ölkənin maliyyə sistemilə bağlı əldə olunan bir sıra uğurları şübhə altına alır, dövlətin maliyyə sütunlarına ağır zərbə vurur. Lakin buna baxmayaraq, başda Maliyyə Nazirliyi olmaqla, digər müvafiq qurumlar da Ömərxan Şabanova qarşı son dərəcə səbrli mövqe sərgiləyirlər. Halbuki yuxarı instansiyalar əhalinin haqlı narazılığını nəzərə alaraq Zaqatala Rayon Maliyyə İdarəsinin müdiri barəsində müvafiq tədbirlərin görülməsi üçün bir sıra zəruri addımlar ata bilərlər. Ancaq aidiyyəti orqanlar nəyisə, kimisə gözləyirlər...»
Məsələ ilə əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Sərxan Məlikbəyli