BolgeXeber.Com » Bölgə » “Heydər Əliyev İli-2023”: “Heydər Əliyev Azərbaycanın müasir dövlət qulluğunun banisidir” mövzusunda tədbir keçirilib

“Heydər Əliyev İli-2023”: “Heydər Əliyev Azərbaycanın müasir dövlət qulluğunun banisidir” mövzusunda tədbir keçirilib

23-06-2023, 14:27
Oxunub: 1 728

Bolgə.TV xəbər verir ki, “Heydər Əliyev İli-2023”: “Heydər Əliyev Azərbaycanın müasir dövlət qulluğunun banisidir” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər davam edir.

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin   100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycanın müasir dövlət qulluğunun banisidir”  mövzusunda  tədbir keçirilib. Tərtərdə dövlət qulluqçuları peşə bayramlarını qeyd ediblər. Əvvəlcə onlar Ümummilli Liderin xatirəsinə hörmət əlaməti olaraq  abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısı aparatının, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən dövlət qulluqçuları iştirak ediblər.

Tədbirdə Ümummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra dövlət qulluqçuları Azərbaycan Respublikasının Dövlət himnini  oxuyublar.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını təbrlk edərək, onlara öz işlərində uğurlar, həmişə dövlətə və dövlətçiliyə sadiq olmağı arzulayıb. Rayon rəhbəri “Heydər Əliyev Azərbaycanın müasir dövlət qulluğunun banisidir” mövzusunda məruzə edib. Qeyd olunub ki, 23 iyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb.

Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişikliklə çox mükəmməl bir hüquqi akt yaradılıb.

Bu gün bütün azərbaycanşünasların gəldiyi ortaq nəticə budur ki, sovet hakimiyyəti dönəmində dövlət idarəetmə sisteminin milliləşməsi və milli kadr potensialının sistemli şəkildə hazırlanması Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə baş vermişdir. Heydər Əliyev respublikaya rəhbər seçiləndə dövlət, sovet və partiya strukturlarında rus, erməni və digər millətlərin nümayəndələri güclü mövqeyə malik idilər. Məhz Heydər Əliyev dövlət qulluğunun milliləşməsi, strategiya və taktikasını SSRİ-də gedən siyasi proseslərə elə məharətlə uyğunlaşdırdı ki, kimsə buna mane ola bilmədi. Ulu Öndər milli kadrları önə çəkməklə yanaşı, milli kadr potensialını da yaradırdı. Belə ki, ölkəyə lazım olan mütəxəssis kadrları yetişdirmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni-yeni ixtisaslar üzrə fakültələr açılır, ildə 900-dən artıq gənc Sovet İttifaqının qabaqcıl ali məktəblərinə göndərilirdi.

   1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının parlamenti "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etdi. Təəssüflər olsun ki, müstəqilliyimizin ilk iki ilində ölkədə hökm sürən hərc-mərcliyin dövlət idarəetmə sisteminə də sirayət etməsi respublikamızı parçalanmaya və vətəndaş müharibəsinə sürüklədi. Müstəqilliyimizin və dövlətçiliyimizin təhlükədə olduğunu görən xalq yeganə çıxış yolunu ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə dəvət edilməsində gördü. Bu dəvət cavabsız qalmadı. Heydər Əliyev ölkə rəhbərliyinə gəldiyi andan ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas vəzifələri sırasına siyasi-iqtisadi, sosial-mədəni və mənəvi həyatın bütün sahələrinin yeni əsaslar üzərində qurulması daxil edildi.

  Dövlət qulluğuna və dövlət qulluğunda çalışanlara xalqın inamının bərpa ediməsi, habelə milli və müasir dövlət qulluğu sisteminin qurulması məqsədilə Heydər Əliyevin siyasəti aşağıdakı istiqamətləri əhatə edirdi:

  -səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılması;

  -dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi;

  -vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi;

  -dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması.

   Rayon rəhbəri rayonumuzun ayrı-ayrı müəssisələrində-rayon icra hakimiyyətində, İƏD üzrə nümayəndəliklərdə, təhsil sahəsində, Gənclər və İdman idarəsində, Maliyyə idarəsində, Statistika idarəsində, mədəniyyət sahəsində 195 nəfər dövlət qulluqçusu vəzifəsinin olduğunu bildirib. Qeyd edib ki, həmin vəzifələrin 181-i inzibati, 14-ü yardımçıdır. 185 nəfərin ixtisas dərəcəsi var. Dövlət qulluğunda çalışanların 42  nəfəri qadınlar, 41 nəfəri gənclərdir. Həmin gənclərin  8 nəfəri 25 yaşa qədər, 25 nəfəri isə 25-29 yaşa qədərdir.

30-34 yaş arası 18 nəfər, 35-39 yaş arası 12 nəfər, 45-49 yaş arası 7 nəfər, 50-54 yaş arası 19 nəfər, 55-59 yaş arası 38 nəfər, 60-64 yaş arası 40 nəfər, 65 yaşdan yuxarı isə 4 nəfər dövlət qulluqçusu var.

Rayonumuzda 10 “Əməkdar müəllim”, onlarla “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalla təltif olunmuş dövlət qulluqçusu var.

Onlar müstəqil respublikamızda inkişafın təmin edilməsində, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında, əhalinin sosial məişət şəraitinin həllində mühüm rol oynayırlar.

Sonra rayon polis şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Əli Qurbanov, rayon Məhkəməsinin sədri Tahir Qubadov, rayon Statistika idarəsinin rəisi Ədalət Məmmədov, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş rayonun Əksipara kənd İƏD üzrə nümayəndəsi Pərviz Mustafayev çıxış ediblər. Onlar dövlət qulluqçularını peşə bayramları münasibəti ilə təbrik edib, hər birinə cansağlığı, uzun ömür, ailə səadəti arzulayıb, göstərilən diqqət və qayğıya görə tərtərlilər adından möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən rayonun sosial-iqtisadi inkişafında fərqlənən bir qrup dövlət qulluqçusuna fəxri fərman, işlərində fərqlənən İƏD üzrə nümayəndəliklərin kollektivlərinə isə təşəkkürnamələr təqdim edilib.