BolgeXeber.Com » Bölgə » Tərtərdə 26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib

Tərtərdə 26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib

24-06-2023, 16:42
Oxunub: 1 944

Bolgə.TV xəbər verir ki, Tərtərdə 26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib

Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyası YAP rayon təşkilatının akt zalında 26 İyun - Narkotik vasitələrin sui istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Rayon İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, rayon Polis Şöbəsində Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Elşən Əmrahov,  YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev, rayon Gənclər və İdman idarəsinin rəis müavini Şəhram Quluyev, Tərtər Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin statistika kabinetinin müdiri Anar Salahov, direktor müavinləri, psixoloqlar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı. Çıxışında Elvin Umudov Azərbaycan Respublikasında aidiyyəti qurumların narkomanlığa, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bu gün də uğurlu mübarizə apardığını vurğulayıb.

Daha sonra çıxış edənlər YAP rayon təşkilatının məsləhətçisi Əli Paşayev, rayon Polis Şöbəsində Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Elşən Əmrahov, rayon Gənclər və İdman idarəsinin rəis müavini Şəhram Quluyev, Tərtər Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin statistika kabinetinin müdiri Anar Salahov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhər 6 saylı tam orta məktəbin direktor müavini Zülfiyyə Abdullayeva   narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildiriblər. Həmçinin bəşəriyyət üçün böyük bəla olan narkomaniyaya qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniyaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayıblar.

Sonra tədbir qarşılıqlı diskusiya şəkilində davam etdirilib.