BolgeXeber.Com » Bölgə » Baş həkim Səhiyyə Nazirliyində çalışan yaxın qohumunun himayəsinə arxalanır

Baş həkim Səhiyyə Nazirliyində çalışan yaxın qohumunun himayəsinə arxalanır

24-10-2013, 13:50
Oxunub: 4 533

Beydulla Qarayevin yarıtmaz fəaliyyəti nəticəsində rayonda vərəm xəstəliyi geniş şəkildə yayılıb
Hazırda başında Beydulla Ərəstun oğlu Qarayevin dayandığı Hacıqabul rayonunun tibb şəbəkəsi 76 çarpayılıq Hacıqabul Mərkəzi Rayon Xəstəxanası, 15 çarpayılıq Uşaq Tibb Mərkəzi, 15 çarpayılıq Udulu Kənd Sahə Xəstəxanası, 10 kənd həkim məntəqəsi, 12 tibb məntəqəsi və Gigiyena-Epidemiologiya Mərkəzindən ibarətdir. Məlumat üçün bildirək ki, Beydulla Qarayevin baş həkimi olduğu Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının B.M.Litvinçuk küçəsi 8 ünvanında yerləşən, 50 çarpayılıq yeni korpusu 2007-ci ildə istifadəyə verilib.

Bu korpus üç mərtəbədən ibarətdir. Burada cərrahiyyə şöbəsi (travmatologiya ilə birlikdə), doğum şöbəsi (ginekologiya ilə birlikdə) və poliklinika şöbəsi fəaliyyət göstərir. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, son zamanlar Hacıqabul rayonunda vərəm xəstələrinin sayı durmadan artır: «Bu gün rayon səhiyyəsinin durumu həqiqətən də arzuolunan səviyyədə deyil. Belə ki, Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Beydulla Qarayevin düzgün qurulmayan idarəçiliyi, yarıtmaz fəaliyyəti nəticəsində rayonda vərəm xəstəliyi geniş şəkildə yayılıb». Hazırda Hacıqabul səhiyyəsinin iki əsas probleminin olduğunu vurğulayan məlumatlı şəxs iddia edir ki, onlardan biri kəskin vəsait çatışmazlığı, digəri isə maliyyələşdirmənin indiki sisteminin səmərəsiz olmasıdır: «Bununla yanaşı, bu gün rayonda azyaşlılar, yeniyetmələr, gənclər və digər kateqoriyaya daxil olan insanlar arasında vərəm xəstəliyinin artması müşahidə olunur. Belə ki, Hacıqabulda 2011-ci ildə ilkin aşkar edilən xəstələrin sayı 35, 2012-ci ildə 48, 2013-cü ilin birinci rübündə isə 59 nəfər olub. 2011-ci ildə 2 nəfər məktəbli uşaq bu xəstəliyə yoluxmuşdusa, 2012-ci ildə onların sayı 8 nəfərə çatmışdı. 2012-cu ildə «MANTU» sınaqlarının nəticəsində 90 vərəmə meyilli uşaq aşkar edilib ki, bunlardan 60 nəfəri azyaşlı, 30 nəfəri yeniyetmədir». Baş həkim Beydulla Qarayevin yaxın qohumu, Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladova arxalandığını deyən məlumatlı şəxsin bildirdiyinə görə, Hacıqabul rayonundakı təcili yardım avtomaşınlarının vəziyyəti də bərbad haldadır. Hətta onları saxlamağa avtoqarajları belə yoxdur: «Hələ bu harasıdır. Bəlkə də inanmayacaqsınız, lakin bu, bir faktdır ki, hazırda Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının doğum evi yoxdur. Hamilə qadınlar üzərində cərrahi əmaliyyatlar qeyri-peşəkar qinekoloq-həkimlər tərəfindən aparılır. Rayon xəstəxanasının stasionar şöbələrində də vəziyyət acınacaqlıdır. Belə ki, profilaktik-müalicə sisteminin keyfiyyəti olduqca zəifdir. Bir sözlə, bir el məsəlində deyildiyi kimi, Allah düşmənimin də işini bura salmasın. Birdən nə badə yolunuz Hacıqabul Mərkəzi Rayon Xəstəxanasından düşsə, o zaman əlinizə yekə bir resept verib deyəcəklər ki, bunlar bizdə yoxdur al gətir. Başqa çıxış yolunuz olmadığından siz də reseptdə qeyd olunan dərmanları almaq məcburiyyətində qalacaqsınız».

Səhiyyə Nazirliyi tərəfindən Hacıqabul Mərkəzi Rayon Xəstəxanasına ayrılan dərman peraparatları və tibbi ləvazimatların rəhbərliyin göstərişilə xüsusi apteklərdə satıldığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən tibb müəssisəsinin əhaliyə pulsuz xidmət göstərən dövlət müəssisəsi olmasında əsər-əlamət belə hiss olunmur: «Bu səbəbdən də hazırda Hacıqabul rayonunda xəstələnməyin özü elə ən böyük problemlərdəndir. Səbəb xəstəxanalardakı dəhşətli vəziyyət və tibb personalının yalnız xəstələrin cibini güdməsidir. Elə buna görə də Hacıqabulun səhhətində problem yaranan sakinləri normal tibbi xidmət görmək ümidilə qonşu rayonlara üz tuturlar...»

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.