Neftçalada icra başçısı və prokurorun şərikli çörək zavodu
25-10-2013, 10:40
Oxunub: 5 334
Ölkənin iqtisadi qüdrəti artdıqca, regionların sosial-iqtisadi inkişafı da davamlı şəkil alır. Məhz bu məqsədlə dövlət başçısı müqtəmadi olaraq ayrı-ayrı rayonların sosial inkişafının sürətləndirilməsi üçün vəsait ayırır. Təəssüf hissi ilə demək lazımdır ki, bu vəsaitlər bəzən lazımi istiqamətə yönəldilmir, bir şox hallarda isə yerli icra hamkimiyyəti başçılarının korrupsiya əməllərinin güdazına gedir. Bunu müəyyən etmək üçün Azərbaycanın bölgələrinə nəzər yetirmək kifayətdir. Hansı rayonun hansı vəziyyətdə olmasına baxmaqla, həmin rayona ayrılan pulların təyinatını rahat şəkildə müəyyən etmək olar.
Biri getdi, yerinə ondan betəri gəldi
Dövlət vəsaitini istədiyi kimi xərcləyən rayonlardan biri də Neftçala rayonu və onun rəhbərliyidir. Təsadüfi deyil ki, 2001-ci ilin 26 aprelində İsmayıl Vəliyevin Neftçalaya icra başçısı təyin edilməsi barədə prezidentin sərəncamı yerli əhalidə ümid yaratdı. Uzun illər yarıtmaz başçılardan əziyyət çəkən, inkişafdan çox geri qalan rayona nəhayət insaflı və iş görə biləcək birinin təyin edilməsinə inanan neftçalalılar 2 il müddətində hansı illüziyalara qapıldıqlarını anladılar.
Sahibkarlar pərən-pərən salındı
Bizixmeber.az-ın əməkdaşının məlumatına görə, başçının iki illik rəhbərlik dövründən razı qalmayan sakinlərin əsas narazılığı prezident tərəfindən rayona ayrılan vəsaitlərin təyinatdan kənar xərclənməsidir. Qeyd edək ki, ölkə rəhbəri son iki il ərzində rayonun sosial inkişafının sürətləndirilməsi üçün 7 milyon manat vəsait ayırıb. Bu məbləğlə rayonu Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevirmək olardı. Lakin bu vəsaitlə rayonda uzun müddətdir yığılıb qalan problemləri həll etmək mümkün olmayıb.
Belə ki, icra başçısı başda olmaqla bəzi idarə müdirləri həmin vəsaitin sərf edilməsində qanun pozuntularına yol veriblər. İsmayıl Vəliyev işlədiyi iki il ərzində Neftçalanı daha da acınacaqlı vəziyyətə salıb. Qonşu rayonlarla müqayisədə Neftçala çox geridə qalır. Bakıya ən yaxın rayonlardan biri olmasına baxmayaraq, bura ucqar kəndlərdən heç nə ilə fərqlənmir. Rayonun mərkəzi və kənd yolları xarabalığı xatırladır. Heç yerdə təmir-bərpa və quruculuq işləri aparılmır. Prezidentin göstərdiyi etimadı doğrultmaq üçün təşəbbüs göstərməyən Vəliyev qeyri-qanuni əməllərdən istifadə edərək sadə vətəndaşlarla yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə də göz açmağa imkan vermir. Hətta bu ilin fevralında rayonda sahibkarlala başçı arasında qalmaqal da yarandı. O zaman İsmayıl Vəliyev aranın sakitləşməsi üçün sahibkarın ayağına getdi, onlarla görüşdü və kifayət qədər yağlı vədlər verdi. Ancaq vəziyyətdən cəzasız qurtardığını görəndən sonra həmin sahibkarları rayondan pərən-pərən saldı. Çünki başçı dövlət tərəfindən pul ayrılan işlərin görülməsi üçün qeyri-qanuni olaraq sahibkarları cəlb edir, büdcədən işlərin görülməsi üçün ayrılan vəsait isə mənimsənilirdi.
Bazara sahiblənən korrupsiya
Neftçalanın ən böyük bazarı da başçının əlindədir. O, sahibkarları məcbur edir ki, burdan yer götürüb işlətsinlər. Lakin yerli sahibkarlar bu bazarda fəaliyyət göstərmək istəmirlər. Prezident televiziya vasitəsi ilə bütün icra başçılarını, məmurları hədələdi ki, sahibkarları başqa işlərə cəlb etməsinlər. İ.Vəliyev isə prezidentin tənqidlərindən özü üçün dərs götürmür.
Əməkdaşımızın verdiyi məlumata görə, bürokratiya, korrupsiya kimi əməllər artıq Neftçalada adi hal alıb, həyat tərzinə çevrilib. Yerli sakinlərin ən yaralı yeri isə yollardır. Qeyd edək ki, 2011-ci ildə rayonun mərkəzi və iki qəsəbənin daxili yollarının təmiri üçün büdcədən pul ayrılıb. Maraqlıdır ki, bu günə qədər həmin vəsaitin hara xərclənməsi barədə məlumat yoxdur. Təmiri nəzərdə tutulan yollar bu gün də bərbad haldadır. Gözə görünən yeganə iş isə İsmayıl Vəliyevin özünün oturduğu İcra Hakimiyyətinin binasıdır.
Başçı və prokurorun şərikli çörək zavodu
Məlumata görə, icra başçısı dövlətin ayırdığı pullara rayon prokuroru Pərvin Quliyevlə birgə çörək zavodu tikib. Əməkdaşımızın verdiyi məlumatda deyilir ki, bu zavodda istehsal edilən və standartlara uyğun gəlməyən çorəklər rayon ərazisindəki mağazalarda məcburi satdırılır. Əhalinin buğda əkən hissəsi isə qara günlərini yaşayır. Çünki başçı və prokurorun adamları qapı-qapı düşərək buğda əkən vətəndaşlardan məhsulu ucuz qiymətə alırlar. Bazar qiymətindən qat-qat aşağı alınan buğdanı satmaq istəməyən fermerləri isə hədə-qorxu ilə buna məcbur edirlər.
Zavod arzulayan neftçalalılar
Yuxarıda rayonda yolların təmirinə, eləcə də, rayonda abadlıq işlərinin aparılmasına ayrılan pullrdan danışdıq. Sakinlərin əməkdaşımıza verdiyi məlumata görə, həmin pullar məhz çörək zavodunun tikintisinə xərclənib. Magistral yoldan təqribən 2 kilometr aralıda olan bu zavoda yüksək səviyyədə və keyfiyyətdə yol da çəkilib. İndi sakinlər həmin yola baxıb zavodun niyə məhz onların evlərinə yaxın ərazidə tikilməməsinə heyflənirlər. Heç olmasa bu zaman normal yola sahib olardılar ümidi ilə.
Bir sozlə, Neftçalada problemləri saymaqla bitməz. Bütün problemlərin başında isə rayon rəhbərliyi, onların “zəhməti”, fəaliyyətsizliyi, daha doğrusu yarıtmaz fəaliyyəti durur.
Neftçalalılar da ölkə rəhbərliyinin bu rayonda baş verənlərə nəhayət “dur” deyəcəyi günü gözləyirlər. Əks halda, bu gedişlə rayonda heç kim qalmayacaq. Həyat üçün vacib elementlərin olmadığı bir məkanda zülm və zillətlə, qorxu və təzyiq altında yaşamaq artıq onları bezdirib.
Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər