BolgeXeber.Com » Bölgə » Kürdəmir sakinlərini su üzünə həsrət qoyan hansı məmurdur?

Kürdəmir sakinlərini su üzünə həsrət qoyan hansı məmurdur?

26-10-2013, 09:50
Oxunub: 4 888 Həmid Abbasov özünə məxsus olan obyektləri qardaşlarının adına sənədləşdirir

Mollakənd Mexaniki Suvarma İdarəsinin rəisi 2 mərtəbəli kommersiya obyektinə, Ukraynada şəxsi evə və Bakıda mənzilə sahibdir

Kürdəmir rayonunun bir sıra kəndləri susuzluqdan əziyyət çəkir. Bildiyiniz kimi, Kürdəmir ölkənin ən isti və quraq rayonlarından olduğundan buradakı əkin sahələri də suvarılan torpaqlardır. Lakin bu iş, yəni əkin sahələrinin suvarılması normal qaydada həyata keçirilmir. Məlumat üçün qeyd edək ki, rayon ərazisində fəaliyyət göstərən Mollakənd Mexaniki Suvarma İdarəsi 23971 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir.

Belə ki, Həmid Abbasovun rəhbərlik etdiyi idarə nasoslar vasitəsilə Kür çayından suyu götürüb rayonun 30-dan çox kəndinin 35 min hektaradək ərazisinə suvarma suyu verir. İdarənin xidmət sahələrində ümumilikdə 568 kilometr kanal, 47 nasos stansiyası, 82 hidrotexniki qurğu var. Bununla belə yerli fermerlər bu idarənin fəaliyyətində çoxsaylı nöqsanların olduğundan, idarənin rəisi Həmid Abbasov tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı şəxs iddia edir ki, Mollakənd Mexaniki Suvarma İdarəsi tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri isə yarımçıq görülür: «Belə ki, idarənin işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Quraq keçən illərdə vəziyyət daha da acınacaqlı olur. Həmin dövrdə su ehtiyatının yaradılması üçün operativ tədbirlər həyata keçirilmir». Mollakənd Mexaniki Suvarma İdarəsinin rəisi Həmid Abbasovun öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş dövlət əmlakından təyinatı üzrə istifadə etmədiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən idarədə "nağdlaşma” üsulu ilə dövlət vəsaitlərinin mənimsənilməsinə geniş yer verilir: «Belə ki, idarə müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Həmid Abbasovun özünə qaytarılır.

Təbii ki, müəssisə rəhbərləri də bu zaman öz faizlərini alırlar. Ümumiyyətlə, Mollakənd Mexaniki Suvarma İdarəsinə rəhbərlik etdiyi müddətdə Həmid Abbasov Kürdəmir rayonunda "Embawood” salonunun yanında, 2 mərtəbəli və uzunluğu 150 metr olan kommersiya obyektinə, Bakının "Vorovski” adlanan ərazisində şəxsi villaya, habelə Ukraynada şəxsi evə və kommersiya obyektinə sahib olub. İdarə rəisi özünə məxsus olan obyektləri qardaşları Cabir və Tofiqin adına sənədləşdirir». Mollakənd Mexaniki Suvarma İdarəsinin rəisinin oğlunun Bakıda yerləşən və aylıq ödəniş haqqı 700 manat olan "Modern school” məktəbinin 10-cu sinifində təhsil aldığını qeyd edən mənbə iddia edir ki, Həmid Abbasov adıçəkilən təhsil müəssisəsinin yaxınlığında inşa olunan hündürmərtəbəli binada özünə şəxsi mənzil alıb. Bir müddət öncə idarə rəisinin özünə "Toyota Prado” markalı avtomobil aldığını bildirən məlumatlı şəxsin qənaətincə, bütün bunlar Mollakənd Mexaniki Suvarma İdarəsinin hesabına əldə olunub...

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.



Sərxan Məlikbəyli