BolgeXeber.Com » Bölgə » Quba Təhsil Şöbəsinin müdiri bəzi məktəbləri özbaşına olaraq bağlayıb

Quba Təhsil Şöbəsinin müdiri bəzi məktəbləri özbaşına olaraq bağlayıb

2-11-2013, 13:00
Oxunub: 4 933 Vətəndaşların savadlı yetişməsi və keyfiyyətli təhsil alması hər şeydən əvvəl dövlətimizin gələcəyi üçün xeyirlidir. Bu günün savadlı kadrı sabahın peşəkar idarəedicisi və əsas söz sahibidir. Dünyanın inkişaf etmiş dövlətləri məhz elmi potensial yolunu tutaraq bu sahədə digər rəqibləri ilə mübarizə aparırlar. Son illər Azərbaycanda da təhsil sisteminin müasir tələblərə uyğun qurulması üçün dövlət büdcəsindən müəyyən miqdarda vəsaitlər ayrılıb.
Təəssüflər olsun ki, təhsil sahəsində işləyən bəzi qeyri-peşəkar şəxslər ayrılan məbləği mənimsədikləri üçün inkişaf ləng gedir. Ölkə Konstitusiyasında göstərilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ var. Bu qanun vətəndaşların təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir. Mərkəzi təhsil orqanlarında mövcud olan qüsurlar rayonlara da öz mənfi təsirini göstərməkdədir. Rayon Təhsil Şöbələrinə (RTŞ) rəhbərlik edən məmurların səhvləri ucbatından bu gün əyalətlərdə təhsil ölü vəziyyətə gəlib çıxıb. Paytaxta ən yaxın rayonlardan sayılan Qubada da təhsillə bağlı son günlər problemlər müşahidə olunmaqdadır. Statistik məlumatlara görə, 155 təhsil müəssisəsinin fəaliyyət göstərdiyi rayonda vətəndaşların təhsilə marağı sıfır həddindədir.
23260 şagird kontingentinə malik olan Quba rayon təhsilinə xeyli müddətdir ki, Süleyman Aslanov başçılıq edir. RTŞ müdirinin həyata keçirdiyi qeyri-qanuni işlər nəticəsində rayonda təhsil sistemi məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Əldə etdiyimiz məlumatlara görə, dağ kəndlərindəki məktəblərin bir neçəsi fəaliyyətini dayandırıb. Bu təhsil ocaqlarından biri Buduq kəndindəki 9 illik orta məktəbdir. Kənd sakinlərinin sözlərinə görə, kənddə ümumi 38 uşaq var. Sakinlər məktəbin bağlanmasına etiraz etsələr də, onların şikayətinə baxan olmayıb. Şöbə müdiri isə verdiyi açıqlamada problemi bu cür şərh edib: "Dağlıq ərazilərdə 35 məktəb var. Hazırda 6 məktəb tamamilə bağlanıb, bundan sonra isə 9 məktəb də bağlanılacaq. Bunun səbəbi şagird çatışmazlığı və əksər kəndlərdə yaşayan əhalinin köçəri həyat tərzi keçirməsi ilə bağlıdır". Bizə çatan xəbərlərə görə, hazırda Qubanın dağ kəndlərində 15-ə yaxın məktəb bağlanıb ki, bu da yüzlərlə şagirdin təhsilsiz qalması ilə nəticələnib. Maraqlıdır ki, bağlanan məktəblərin siyahısı Təhsil Nazirliyinə göndərilməyib və orda çalışan müəllim-direktorlar hələ də dövlətdən maaş alırlar.
Mənbələr isə bildirir ki, şöbə müdiri fəaliyyətini dayandıran məktəblərin kollektiv üzvlərinin bir neçəsini başqa yerlərdə işlə təmin edərək onların narazılıq etməsinin qarşısını alıb. Yerdə qalanlarının isə əməkhaqqı kartları əllərindən alınıb və onlar işsiz qalıblar: "Qorxudan heç kim şikayət etmir. Şöbə müdirinin arxasında rayonun icra hakimiyyətində çalışan bəzi şəxslər dayanır. Ona görə də necə istəyirsə, elə də edir. Onun başı tikintiyə qarışıb. Hazırda Xucbala, Qaraçay və Hacıqayıb kəndlərində yeni məktəb binaları tikilir. Müdir burdakı işlərə daha çox vaxt ayırdığı üçün təhsili sanki yaddan çıxarıb. Nazirlik nümayəndələrindən xahiş edirik ki, şöbə müdirinin qanunsuz əməllərinə son qoysunlar. Aidiyyəti hüquq-mühafizə orqanları şöbədə baş verənlərə münasibət bildirməməklə, rüşvət və korrupsiyanın geniş yayılmasına şərait yaradırlar".
Qarşı tərəfə də cavab haqqı tanıyırıq.
Bolgexeber.com