BolgeXeber.Com » Bölgə » Neftçalanın icra başçısının avtovağzalla bağlı özbaşnalığı

Neftçalanın icra başçısının avtovağzalla bağlı özbaşnalığı

6-11-2013, 10:35
Oxunub: 4 074 İcra başçısı 60-ya yaxın sürücünün çörəyinə bais olub Sakinlər və avtobus sahibləri rayon rəhbərinin cəzalandırılmasını istəyirlər

Bu barədə saytımıza MMC-nin direktoru Pəhan Kərimov məlumat verib. Onun sözlərinə görə, Rayon İcra Hakimiyyətinin (RİH) başçısı İsmayıl Vəliyevin göstərişi ilə Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Cəlilabad Regional Şöbəsinin əməkdaşları avtovağzalın işləməsinə qadağa qoyublar: «Keçən ayın 30-dan avtovağzala avtobusların giriş-çıxışı qadağan edilib. İcra başçısı buranın işləməsinə icazə vermir. Səbəb kimi isə onu göstərirlər ki, avtobuslar yeni tikilən bazardan hərəkətə başlamalıdır. Bazar isə həm sürücülər, həm də sakinlər üçün əlverişsiz yerdədir. Avtovağzalın hər iki yolunu bağlayıblar. Bizimlə müqaviləsi olan maşınların sürücüləri zor gücü ilə, hətta polisin təzyiqi vasitəsilə təzə bazara göndəriblər. Sürücülər bunun əleyhinə çıxsalar da, nəticəsi yoxdur. Qeyd olunan məsələdən çox güman ki, nazirlik rəsmilərinin xəbəri yoxdur. Bu işin təşkilatçısı icra başçısıdır. Regional şöbənin işçiləri canfəşanlıqla İsmayıl Vəliyevin tapşırıqlarını yerinə yetirirlər». Avtovağzal rəhbərinin sözlərinə görə, Nazirlər Kabinetinin 5 fevral 2009-cu il tarixli 22 saylı «Avtovağzal və Avtostansiya» haqqında əsasnaməsi var: «Prezidentin fərmanı ilə həmin əsasnamə hazırlanıb. Qanunda göstərilir ki, filan-filan şərtlər daxilində avtovağzal fəaliyyət göstərə bilər. Bazarın kənarında, çölün düzündə avtovağzal işləyə bilməz axı. İcra başçısı qanuna məhəl qoymur. Məsələ ilə bağlı aidiyyəti orqanlara, xüsusi olaraq prezidentə müraciət hazırlanıb, sürücülərin hamısı bunu imzalayıb. Avtovağzalda ümumilikdə 60 nəfər işləyir, burdan çörək pulu qazanırlar. Amma hazırda bura boşdur. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları sanki avtovağzala düşmən idarə gözündə baxırlar. Yuxarı orqanlardan xahiş edirəm ki, üzləşdiyimiz problemlə bağlı bizə kömək etsin». Rayondakı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, icra hakimi bu üsuldan istifadə etməklə avtovağzalın ərazisinə sahib çıxıb iş adamlarından birinə satmaq istəyir: «İcra başçısı avtovağzalın yerləşdiyi ərazini çoxdan «qaralayıb». Bir neçə gün əvvəl müxtəlif bəhanələr gətirərək buranı boşaltdırıb. Amma çətin ki, rayon sakinləri başçının həmin sahəni zəbt etməsinə razılıq versinlər. Yəqin ki, yaxın günlərdə vətəndaşlar bununla bağlı öz etirazlarını bildirəcəklər». Biz isə öz növbəmizdə aidiyyəti dövlət qurumlarının rəhbərlərindən xahiş edirik ki, onlarla insanın çörəyinə bais olan İsmayıl Vəliyevin cəzalandırılması istiqamətində tədbirlər görsünlər.

Tia.az