BolgeXeber.Com » Bölgə » Sərkarlar kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir.

Sərkarlar kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir.

4-10-2023, 09:28
Oxunub: 3 312

Bolgə.TV xəbər verir ki, Sərkarlar kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir.


Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Sərkarlar kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.

Son illərdə kənd qazlaşdırılıb, kənddaxili 1 km yollar qum-çınqılla əsaslı təmir edilib, kənd sakinlərinin də istifadə etdiyi kəndlərarası 15,5 km avtomobil yolu tikilib və asfaltlaşdırılıb, kənd qəbirstanlığında abadlıq işləri aparılmış, 2,4 km hasar tikilmiş, 2 darvaza əsaslı təmir edilmiş, 1 talvar tikilmişdir. 2 km açıq dren-kanal, 0.5 km su arxları lildən təmizlənmişdir.

2022-ci ildə kənddə 7 hektar sahədə pambıq əkilmiş, 21 ton pambıq təhvil verilmişdir, 2023-cü ildə isə 4 hektar sahədə pambıq, 29 hektar sahədə buğda, 12 hektar arpa əkilmişdir.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri, Qurban Hümbətov kəndin elektrik enerjisinin verilməsində fasilələr yarandığı üçün elektrik şəbəkəsinin yenidən qurulması, Azay İbrahimov Gülgəzli kənd tam orta məktəbin həyətində olan özü qaynayan artezian quyusunun texniki normaya gətirilməsi, Əli İbrahimov kəndin ərazisində 30 hektar pay torpaqlarının suvarılmasına xidmət edən 3 km uzunluqda suvarma arxının qarşısına su qapısının qoyulması, Nəcibə Babaxanova oğlu Vətən müharibəsinin 2-ci qrup əlili Babaxanov Ayxan Məmməd oğluna 1 hektar əkinə yararlı torpaq sahəsinin verilməsi və əlil övladının avtomobil növbəsinə alınması, Nizami Əsədov 6 km uzunluqda Sərkarlar-Mollalı kəndlərarası avtomobil yolununun qreyderlə hamarlanması barədə müraciətlər etmişlər.

Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.