BolgeXeber.Com » Bölgə » “Heydər Əliyev İli-2023”: “Heydər Əliyev və Azərbaycan təhsili” Tərtərdə Beynəlxalq Müəllimlər Günü qeyd olundu

“Heydər Əliyev İli-2023”: “Heydər Əliyev və Azərbaycan təhsili” Tərtərdə Beynəlxalq Müəllimlər Günü qeyd olundu

5-10-2023, 15:40
Oxunub: 4 312

Bolgə.TV xəbər verir ki, “Heydər Əliyev İli-2023”: “Heydər Əliyev və Azərbaycan təhsili” Tərtərdə Beynəlxalq Müəllimlər Günü qeyd olundu


Tərtər rayon İcra Hakimiyyəti, Qarabağ Regional Təhsil idarəsinin Tərtər təhsil sektoru və Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə  rayonda  yeni istifadəyə verilmiş şəhər 5 nömrəli tam orta məktəbin akt zalında ”Heydər Əliyev İli” çərçivəvəsində 5 oktyabr–“Beynəlxalq Müəllimlər Günü” ərəfəsində “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda konfrans keçirilib. Konfransda Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, YAP rayon təşkilatinin sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, ümumtəhsil məktəblərinin direktorları və müəllimlər iştirak ediblər.


Tədbirdən öncə təhsil işçiləri rayonun mərkəzi meydanında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, onun xatirəsinə ehtiram əlaməti olaraq abidəsinin önünə   gül-çiçək dəstələri düzüblər.


Ümummilli Lider Heydər Əliyevin, şəhidlərin və ötən təhsil ili müddətində dünyadan köçən müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Azərbaycan respublikasının dövlət himni səsləndirilib.


Tədbirdə çıxış edən rayon rəhbəri 5 oktyabr Beynəlxalq Müəllimlər Gününün UNESCO-nun qərari ilə 1966-ci ildən, müstəqil Azərbaycan respublikasında isə 1993- cü ildən qeyd olunduğunu bildirib. Vurğulayıb ki, müəllimlər gününün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması, geri qalmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqət çəkməkdir.


İcra başçısı rayonun ümumtəhsil məktəblərinin bütün müəllimlərini peşə bayramları münasibəti ilə səmimi qəlbdən təbrik edib, onlara uzun ömür, can sağlığı, şərəfli  fəaliyyətlərində uğurlar diləyib. O öz çıxışında “mən dünyada müəllimdən yüksək ad tanımıram”–deyən Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində milli təhsilə göstərdiyi diqqət və qayğıdan söhbət açib. Bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.


Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarların icrası nəticəsində respublikada orta məktəb şəbəkəsi genişləndirilib, əsaslı keyfiyyət dəyişikliyinə nail olunub. Həmçinin məktəblərin dərsliklərlə təminatı problemi həll edilib və 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin pulsuz verilməsinə başlanılıb.


Həmin dövrdə təhsilin inkişafına xüsusi diqqət məktəb tikintisində də özünü göstərib.

Dahi rəhbərin təhsil siyasətində ali məktəblərin fəaliyyətinin daha da yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi xüsusi yer tuturdu. 1969-cu il noyabrin 1-də Azərbaycan Dövlət Universitetinin (indiki Baki Dövlət Universiteti) 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edən Heydər Əliyev ana dilində söylədiyi nitqində ali təhsil sahəsində qarşıda duran vəzifələrdən danışdı. Bu, təkcə universitet kollektivi deyil, bütün Azərbaycan cəmiyyəti üçün milli ruhun oyanması istiqamətində bir dönüş anı oldu. 

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə beş yeni ali təhsil müəssisəsi açıldı və ali məktəb tələbələrinin sayi 70 mindən 100 minədək artdı. 


Respublika rəhbərinin təşəbbüsü və himayəsi sayəsində 1970-ci ildən başlayaraq hər il gənclər SSRİ-nın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. 1970-1980-ci illərdə SSRİ-nın 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına şərait yaradıldı. Bu isə respublikanın milli kadr potensialının daha da gücləndirilməsində mühüm rol oynadı.

Dahi rəhbəri düşündürən əsas məsələlərdən biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi idi. Onun təşəbbüsünün və uzaqgörənliyinin nəticəsi olaraq 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Hərbi məktəbdə yüzlərlə Azərbaycan vətəndaşı təhsil almağa başladı. Cəmşid Naxçıvanski adına hərbi liseyin milli zabit kadrların hazırlanmasında və silahlı qüvvələrimizin formalaşmasında müstəsna rolu olub. Bu gün də ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunlarıdır. Onlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər və rəşadət göstərdilər.


“Təhsil millətin gələcəyidir”, -deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə (1993-2003) bu sahənin inkişafına xüsusi diqqət yetirirdi. 1991-1993-cü illərdə təhsil müəssisələrinin pozulmuş fəaliyyəti normal vəziyyətə gətirildi, planlı islahatların əsası qoyuldu.

 

Bununla yanaşı, təhsil sisteminin maddi-texniki bazası yaxşılaşdırıldı.


“Azərbaycan respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun, “Azərbaycan əlifbasi və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust, “Azərbaycan respublikasında dövlət dili haqqında” qanunun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanlar təhsilimizin dünya standartları səviyyəsinə qaldırılmasında böyük rol oynadı.


Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdirılması, onların fəxri adlarla və digər dövlət mükafatları ilə təltif edilməsinə dair bir çox sərəncamlar imzalayıb. Bütün bunlar Ulu Öndərin müəllim əməyinə verdiyi qiymətin əyani təzahürüdür.


Rayonumuzun müəllimlərindən 10 nəfər “Əməkdar müəllim” adına, 7 nəfər “Tərəqqi” medalına layiq görülüb.


Bu gün Respublika Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən milli təhsilimizə müntəzəm olaraq diqqət və qayğı göstərilir. Dövlət və  Heydər Əliyev fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, təmir işləri aparılır, məktəblərin maddi-texniki bazası gücləndirilir. Bu diqqət və qayğını öz rayonumuzun timsalinda da biz daha aydın hiss edirik.


Respublika prezidenti cənab İlham Əliyev Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzaladı. Ötən il 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbi istifadəyə verildi. 


Bu tədris ilində isə  Heydər Əliyev fondu tərəfindən 320 şagird yerlik Azad Qaraqoyunlu kənd və Elm və Təhsil Nazirliyi tərəfindən 360 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəbləri üçün yeni binalar istifadəyə verilib.


Elm və Təhsil Nazirliyinin xətti ilə şəhər 3 nömrəli, Bala Kəngərli ümumi orta, Köçərli, Yuxarı Sarıcalı və Hacıqərvənd kənd tam orta məktəblərinin inzibati binaları təmir edilib.


Ötən tədris ilində rayonumuzun ümumtəhsil məktəblərini 646 nəfər məzun bitirib. onlardan 408 nəfər ali məktəbə sənəd verib və 267 nəfəri  ali məktəbə 148 nəfər isə orta ixtisas məktəblərinə daxil olub. 2 nəfər 600-dən yuxarı, 13 nəfər 500-dən yuxarı bal toplayıb. 5 nəfər isə Naxçıvanski adına liseyə qəbul olub.

 

IX sinfi bitirən məzunlardan isə 168 nəfər orta ixtisas məktəbinə sənəd verib və onlardan  148 nəfəri uğur qazanıb. Bu uğur müəllimlərimizin çəkdiyi zəhmətin bəhrəsidir.

İcra başçısı bir daha ömrünü-gününü şagirdlərinin elm-bilik alması yolunda şam kimi əridən  bütün müəllimlərimizi peşə bayramları münasibəti ilə təbrik edib, onlara təhsildə uğurlar diləyib.


Sonra tədbirdə Tərtər Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, “Əməkdar müəllim” İlham Məmmədov, Sarıcalı kənd tam orta məktəbin müəllimi Esmira Qəhramanova, şəhər 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Aysel Əliyeva çıxış ediblər. Çıxış edənlər  Ümummili Lider Heydər Əliyevin hakimiyyəti dövründə təhsil sahəsində aparılan islahatlardan, Ulu Öndərin təhsilə göstərdiyi diqqət və qayğıdan söhbət açıb, hazırda bu diqqət və qayğının Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini  qeyd ediblər. 


Təhsil işçiləri Tərtər rayonunda təhsilə, onun maddi- texniki bazasının gücləndirilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm cənab prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını  bildiriblər.


Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Təhsil idarəsi və YAP Tərtər rayon təşkilatı  tərəfindən bir qurup təhsil işçisi fəxri fərmanla təltif olunub.


Tədbirdə xatirə şəkilləri çəkilib.