BolgeXeber.Com » Bölgə » Ağdam prokurorluğu 2 min hektar ərazini ermənidən necə “alıb”...

Ağdam prokurorluğu 2 min hektar ərazini ermənidən necə “alıb”...

20-11-2013, 10:15
Oxunub: 3 644 Yaxud icra başçısı sadə kəndlini niyə məhkəməyə verdi...

Arzu Sadıqov Ağdamda yaşayan minlərlə sadə kəndli babalarından biridir. Ruzisi əkin-biçindən çıxır.

Ancaq neçə ildir ki, aqrotexnika əldə edə bilmədiyinə görə məcbur qalıb tez-tez Ağdamdan Bakıya gəlir, yeni tikililərdə fəhləlik edir, gecə-gündüz ta əldən düşənədək işləyib rayona qayıdır. Arzu Sadıqov deyir ki, rayonda sahə əkib becərməyə bərabər şərait yaradılsaydı, kəndlinin paytaxtda nə iti azmışdı. O deyir, amma elələri də var ki, nə əkir, nə də biçir, ancaq milyonlara sahib olur. Elə rayonun icra başçısı kimi...

Müsahibimiz iddia edir ki, Ağdamın icra başçısı işğal altında olan torpaqlarda guya əkin işləri görülməsi barədə yalançı sənədlər tərtib evib yüz minlərlə pul mənimsəyir.

Arzu Sadıqovun sözlərinə görə, prezident xalqı korrupsiyaya qarşı mübarizəyə dəstək verməyə çağıranda o da bir vətəndaş kimi Ağdamdakı korrupsiya faktları ilə bağlı sənəd-sübutu hüquq-mühafizə orqanlarına göndərib.

O, bunu virtualaz.org saytının müxbiri ilə söhbətində bildirdi: “Ağdamın icra başçısı Nizami Sadıqov əvvəllər həbsxana rəisi, sonralar polis rəisi işləyib. Təqaüdə çıxandan sonra bizim rayona icra başçısı təyin edilib. Mən prezidentə yazdım ki, icra başçısı sənədlərlə Ağdamın Ergi düzü istiqamətində, erməni işğalında olan torpaqlarda guya 1 il ərzində 10 min hektar sahədə taxıl əkib. Buna görə də dövlətdən 800 min manat subsidiya götürüb. Prezidentə və ölkənin baş prokuroruna bu barədə şikayət etdim. Sənədlər də təqdim etdim. Baş Prokurorluq mənim şikayətimi Ağdam Rayon Prokurorluğuna göndərdi. Orada da korrupsiya faktları ört-basdır edildi. Halbuki vətəndaşların şikayətlərinə baxılması qaydasına görə, vətəndaşın şikayəti şikayətçi olduğu ünvana göndərilə bilməz. Ağdam Rayon Prokurorluğu guya araşdırıb və belə qərara gəlib ki, Ergi düzündə erməni işğalı altında olan 2 min hektar torpaq sahəsi... 2010-cu ildə erməni işğalından, düşmən tapdağından... azad edilib. Guya taxıl da elə həmin o sahədə əkilib. Mən də bir vətəndaş kimi torpaqlarımızın işğaldan azad edilməsini arzulayıram. Ancaq tələb etsəm də mənə 2 min hektar torpağımızın işğaldan azad edilməsi ilə bağlı sənəd göstərmədilər. Yəni bu, korrupsiya faktını ört-basdır etmək üçün növbəti saxtakarlıqdır”.

Ağdam Rayon İcra Hakimiyyəti isə bu ittihamları qəbul etmir. Qurumdan müxbirimizə bildiriblər ki, Arzu Sadıqov 2 il əvvəl icra başçısından böhtan xarakterli şikayətlər yazdığına görə başçı tərəfindən Ağdam Rayon Məhkəməsinə verilib və 100 manat cərimələnib. Bu ilin iyun ayında qəzetlərin birində başçının işqal altında olan torpaqlarda guya taxıl əkməsi adı altında 800 min manat subsidiya mənimsəməsi barədə şikayətlər yazıb. Başçı onu ikinci dəfə Bərdə Rayon Məhkəməsinə verib.



Bərdə Rayon Məhkəməsindən isə əməkdaşımıza bildirdilər ki, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov məhkəməyə iddia ərizəsi göndərərək rayonun Üçoğlan kənd sakini Arzu Sadıqov barəsində xüsusi ittiham qaydasında cinayət işi başlanması barədə qərar çıxarılmasını xahiş edib. İcra başçısı ərizəsində iddia edir ki, kənd sakini onun barəsində ictimaiyyətdə böhtan xarakterli məlumatlar yaymaqla işgüzar nüfuzuna zərbə vurur, şərəf və ləyaqətini tapdalayır.

O da bildirilib ki, iş hakim İbrahim Fəttahovun icraatındadır və məhkəmə prosesi davam edir.

Hakim əvəzinə icra başçısı “qət edir?”

Arzu Sadıqov isə deyir ki, Ağdam Rayon Məhkəməsinin onun barəsində əvvəllər çıxardığı cərimə qətnaməsindən əvvəl yerli yuxarı məhkəmələrə, sonra isə Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərib.

O, yerli məhkəmələrə inanmır: “Bütün məhkəmələr icra hakimiyyəti başçılarının sifarişi ilə işləyir. Bir hakim ki, oturub icra başçısının zəngini gözləyə, başçı nə desə, qərarın “qət etdi” hissəsinə də onu yaza, o məhkəmədən ədalət gözləmirəm. Bilirəm ki, məni yenə cərimələyəcəklər. Mən də növbəti dəfə Avropa Məhkəməsinə şikayət göndərəcəm. Görsünlər ki, məmurlarımız təkcə kurasiyalarında olan ərazilərdən yox, işğal altında olan yerlərdən də əkin-biçin adı ilə pul silib qazanc götürürlər”.