BolgeXeber.Com » Bölgə » Rayon rəhbərinin Bəyimsarov kəndində növbəti səyyar qəbul-görüşü keçirilib

Rayon rəhbərinin Bəyimsarov kəndində növbəti səyyar qəbul-görüşü keçirilib

2-02-2024, 15:04
Oxunub: 5 048

Bolgə.TV xəbər verir ki, Rayon rəhbərinin Bəyimsarov kəndində növbəti səyyar qəbul-görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Bəyimsarov kəndində keçirilib.

Qəbulda rayon prokuroru Əli Qurbanov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbəri qəbulda ötən il respublikamızda baş verən siyasi-iqtisadi məsələlərdən, sentyabın 19-da işğaldan azad edilən torpaqlarımızda aparılan lokal xarakterli antiterror əməliyyatlarından danışıb, lokal xarakterli antiterror tədbirlərinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarını təmin etdiyini, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısını aldığını, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarıldığını, onların hərbi infrastrukturunun zərərsizləşdirildiyini, mina terroruna son qoyulmasını və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa etdiyini bildirib, prezident cənab İlham Əliyevin 20 illik fəaliyyəti dövründə respublikamızın tərəqqi və inkişafından, həyata keçirdiyi qlobal layihələrdən, həmişə xalqının yanında olmasından, oktyabırın 15-də terrorçulardan təmizlənmiş ərazilərdə Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını dalğalandırmasından, Xankəndi şəhərinin mərkəzində etdiyi çıxışından danışıb və Ali Baş Komandanın Xankəndi şəhərindəki çıxışından bu sözləri xatırladıb: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”

İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib. Ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərini dilə gətirib, Qərbi Azərbaycan İcmasının fəaliyyətindən, İcmanın etnik və dini ayrıseçkilik qoymadan insan hüquqularının müdafiəsinə dəstək verilməsindən də danışıb.

Sonra rayon rəhbəri qəbulda kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Bəyimsarov kəndinin 2928 hektar ərazisi, 627 təsərrüfatı, 2752 nəfər əhalisi var. Ərazidə 2 məktəb, 1 kitabxana, 1 mədəniyyət evi, 1 tibb məntəqəsi, 1 poçt, 13 ticarət oyekti, 2 iaşə obyekti, 1 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.

Sakinlər 1201 baş iribuynuzlu, 1530 baş xırdabuynuzlu heyvan, 5610 baş quş, 370 arı ailəsi saxlayırlar.

Son üç ildə Bəyimsarov kəndində 1.2 km məsafədə kəndarası yollar təmir edilib, su arxları 12 km lildən təmizlənib, kənd ərazisində 3000 ədəd çəkil və 155 ədəd müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

İcra başçısı sonra sözü sakinlərə verib.

Kənd sakinlərindən Hicran Zeynalova yeni tikilən körpələr evi-uşaq baxçasının istifadəyə verilməsi, Fazil Vəliyev qurunt sularının çəkilməsi üçün kollektor drenaj şəbəkəsinin təmizlənməsi və digər məsələlər ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.