BolgeXeber.Com » Bölgə » Şamaxı İcra Hakimiyyətində "plakat biznesi" - iddia

Şamaxı İcra Hakimiyyətində "plakat biznesi" - iddia

21-11-2013, 14:50
Oxunub: 5 187 Şamaxı rayon icra başçısının müavinləri rayonda əsl hökmranlıq edirlər. Onlar müəllim və direktorları təhsil şöbəsinin müdirinin üzərinə qaldırırlar".

Bu barədə Qaynar.info-ya Şamaxı orta məktəblərinin birinin direktoru məlumat verib.

Onun sözlərinə görə icra başçısının müavinlərinin təhsil şöbəsinin müdirini şərləyərək işdən çıxartdırmaq planları baş tutmadığı üçün indi təxribata əl atıblar: "Birinci müavin Qasım Qasımov və humanitar məsələlər üzrə müavin Əşrəf Şükürov məktəb direktorlarını axşam saat 6-dan sonra icra hakimiyyətinə yığaraq onlara qəti şəkildə tapşırıq veriblər ki, heç biriniz təhsil şöbəsinə getməyin. Əgər təhsil şöbəsinin müdiri sizi çağırtdırarsa da, ora getməyin. Biz onu tanımırıq".

Mənbə bildirir ki, müavinlərin bu qanunsuz hərəkəti direktorların narazılığına səbəb olub: "Onlar özləri də bilmədən özlərini gülünc vəziyyətə qoyurlar. Çünki aydın məsələdir ki, direktorların birbaşa işi təhsil şöbəsi ilə əlaqəlidir. Direktorlar ora getməsə, bəs işlərini hansı idarə ilə həll etsinlər? Çünki elə işlər var ki, birbaşa şəxsən direktor özü təhsil şöbəsinə getməlidir. Belə bir hal hansı qanunda var? Necə yəni təhsil şöbəsinin müdirini saymayın? Bu, əslində direktorları ələ salmaq və pis vəziyyətdə qoymaqdan başqa bir şey deyil. Bu, əsl təxribatdır".

Məlumatda bildirilir ki, icra başçısının müavinləri məktəb direktorlarını əlavə xərclərlə yükləyirlər. Hətta dövlət başçısının şəkillərini də məktəb direktorlarına satırlar. Direktorlar isə bu pulları müəllimlərdən yığmaq məcburiyyətində qalırlar.

Şikayətçinin sözlərinə görə, bu işlərin başında birbaşa Qasım Qasımov və Əşrəf Şükürov dayanır: "Hər iki müavinin özbaşınalıqları və cinayətləri bununla bitmir. Onlar həmçinin ulu öndərin və cənab prezidentin şəkillərini direktorlara pulla məcburi şəkildə satırlar. Şəkillər ölçüsünə gorə 10, 20, 35 manatdan satılır. Halbuki dövlət tərəfindən bu şəkillər pulsuz icra hakimiyyətinə verilir ki,məktəblərə paylanılsın. Eləcə də hər bazar günü iməclik adı ilə direktorları icra hakimiyyətinə çağıraraq deyirlər ki, öz pulunuz ilə əhəng alıb rayonun küçələrindəki ağacları ağartdırmalısınız. Bunu isə məktəblərin kollektivi etməlidir. Biz bilirik ki, rayonlarda görülən bütün işlərin pulunu dövlət verir. Amma bunlar hər həftə direktorlara əhəng və başqa materiallar aldıraraq narazılıq yaradırlar. İcra başçısı Asif Ağayevin də bu özbaşınalıqlardan xəbəri var. O bilməlidir ki, əslində müavinlərinin bu hərəkəti ona və dövlətimizə qarşı təxribatdır. Biz bunu rayonun məktəb direktorlarının çoxunun adından yazaraq, Cənab Prezidentdən kömək istəyirik. Biz inanırıq ki, Qasım Qasımova və Əşrəf Şükürov haqqında təbir görüləcək. Görün biz direktorlar nə qədər bezmişik ki, axırda Cənab Prezidentə şikayət etməli olduq. Əgər bu şəxslər haqqında tədbir görülməsə, rayonumuzun təhsili heç vaxt inkişaf etməyəcək.Yəqin ki, bu iki müavinə artıq "dur" deyən tapılacaq. İmzalarımızı qoymamağımızın səbəbini də, yəqin ki, bilirsiz. Çünki bu şəxslər sonra bizi çağırıb təzyiqlər edəcəklər. Amma problem bu şəkildə davam edəcəksə, biz açıq şəkildə bu iki şəxsə qarşı mübarizə aparcağıq. Xahiş edirik ki, sizə ünvanladığımız bu şikayəti dərc edəsiniz. Əvvəlcədən təşəkkür edirik".

Məsələ ilə bağlı Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Əşrəf Şükürovla əlaqə saxladıq. O, Qaynar.info-ya bildirdi ki, məzuniyyətdə olduğu üçün məsələyə münasibət bildirə bilməyəcək.

"Bəlkə, işdən çıxarılmısınız" sualımıza isə icra başçısının müavini "Dedim ki, məzuniyyətdəyəm. Yəni elə işdən çıxmaq kimi bir şeydir" deyə cavab verdi.
Bolgexeber.com