BolgeXeber.Com » Bölgə » Neftçalada bazar və yol rüsvayçılığı...

Neftçalada bazar və yol rüsvayçılığı...

22-11-2013, 08:50
Oxunub: 3 994 Əhali iki problemdən cana doyub; bazar həftədə bir dəfə təmizlənir, natəmizlik, zibil, üfunət dizə çıxıb; avtomobil yolu isə bərbad vəziyyətdədir
Neftçalanın bir neçə dərdi var. Bunların arasında camaatı ən çox narahat edən bazar və yol problemidi. Yollar çala-çuxur, kələ-kötür, “bir böyrək daşının” dərmanı, bazar isə üfunət, eybəcərlik, antisanitariya... Belədə camaat hara necə gedəcəyini bilmir, haradan da nə ərzaq alacağını. Çünki bu problemlərin məngənəsində boğulan Neftçala əhlinin bəlalarına çarə tapan yoxdur.
***

Bazar rəhbərliyi təmizliyə, şəraitə fikir vermir. Yolların yaxşılaşdırılmasına ayrılan vəsaitlər isə deyəsən, çala-çuxura düşüb. Neftçala əhalisi bazarın köçürülməsini, yolların asfaltlanmasını tələb edir. Yeni bazar camaatın ürəyincə olar, yol əzabından qurtuluş isə məmurların insafına qalıb.

Amma Neftçala sakinlərinin bu arzuları hələ çin olmayıb. Onlara təmiz şəraiti olan bazar və şüşə kimi asfaltlanmış yol yuxu kimi gəlir. İnsanlar inanmır ki, nə vaxtsa Neftçala bu iki problemdən xilas olacaq.

“Biz deyirik ki, təzə bazar olsun. Nəyi pisdir ki? Bu biabırçı vəziyyət davam etsə, camaat xəstəlik tapacaq axı?!

Bazara girmək olmur. Girişi, bazarın yolu, hər yer palçıq içindədir. İçəridə isə hər cürə mikrob, natəmizlik desən var. Antisanitariya, zibil az qalıb dizə çıxsın. Hara baxır rayon rəhbərliyi, icra hakimiyyəti? Gəlib bir baxsınlar, görsünlər nə vəziyyətdir. Adam iyrənir. Çox vaxt marketə gedirəm. Bazardan mal almıram. Canımı, uşaqlarımı küçədən tapmamışam ki?! “- deyə rayon sakini Vüsal İmranov etiraz edir.

Onun sözlərinə görə, Neftçala bazarının köçürülməsi planda olsa da, bu istək hələlik reallaşmayıb: “Bazarın yeni səliqə-sahman olan əraziyə köçürülməsi elə burada işləyənlərin də ürəyindən olar. Bazara gedən yollara bir baxın. Palçıq dizə qədərdir. Dəhşətli natəmizlik var. Bu şəraitdə işləmək, ərzaq məhsulu satmaq olmaz. Rayon rəhbərliyi tədbir görməlidir”.

***

Sakinlər şikayətlənirlər ki, ərzaq məhsullarının açıq halda satılması tozun, çirkabın onun üzərinə yığılmasına səbəb olur.

Yerli sakin Oqtay Əliyev bu barədə fikirlərini bizimlə bölüşür: “Ət və ət məhsulları satılan yerlərə üfunət iyindən, milçəklərin vızıltısından yaxınlaşmaq olmur. Hələ qış fəslində belədir. Görün yayda nələr olur. Danışmağa belə dəyməz, buranı tamamilə söküb ləğv etmək lazımdır. Tullantılar, meyvə-tərəvəz və ərzaq qalıqları hara gəldi atılır. Təmizlik işləri həftədə cəmi bir dəfə aparılır.

Təsəvvür edin, bazar yerində təmizlik işi həftə sonuna qalır. Adam bir həftə çimməsə “bomj”a dönər. Bazara hər gün minlərlə adam gəlir. Həftəyə qalanda bazar üfunət iyi verir. Zir-zibil, selofan, kağız tullantıları bazarın arxasında, yaxın ərazidə yandırılır. Guya problem bununla həll olunur".

O.Əliyev gileylənir ki, yandırılan zibillərin tüstüsü ətraf mühitə təsir edir: “Bazardakı acınacaqlı vəziyyətə görə tək sahibkar günahkar deyil. Bu sahəyə nəzarət edən qurumlar, bələdiyyə orqanları məsuliyyətsizlik edir.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri özləri bazara getmirmi, ailəsinə ərzaq almırmı? Onların da övladları bu bazardan alınan məhsullarla qidalanırlar. Baytarlıq idarəsi, ət və ət məhsulları satan qəssablar gərək özləri vicdanlı olsunlar".

***

Neftçalanın yolları da əhali üçün cəhənnəm əzabına çevrilib. Salyana aparan yollar darmadağın, kələ-kötür, enişli-yoxuşludur. Maşınlar hərəkət edə bilmir, dərə-təpə yollar nəqliyyat vasitələrini xarab edir. Sürücülər yollarda “Dakar rallisi”ndə olduğu kimi əcaib manevrlər etməyə məcburdur.

Onlar ziqzaq hərəkətlər etməklə maşını çalaya düşməkdən xilas edə bilər. Rayon sakini Şamil Rəhimov deyir ki, elə bil bu rayonun adı taleyinə uyğun qoyulub: “Rayonun adının sonluğu necə çaladırsa, yolları da elə o gündədir. Neçə vaxtdır ki, bu zülmü çəkirik. Bu dəqiqə Nizami, Üzeyir Hacıbəyli, Rəsulzadə, Qorki küçələri pis vəziyyətdədir. Neftçala-Salyan yolundan danışma. 15-20 dəqiqəlik yolu 1 saata gedib çıxırıq”.

Bu yolları təmir etməli olan 39 saylı Yol İstismar İdarəsidir. Əhali bu idarədən şikayətçidir.

Bir sözlə, Neftçala camaatı yolsuz qalıb. Onlar problemin ilin sonuna qədər həllini tələb edir. Gözləyək, görək...


“Yeni Müsavat”