BolgeXeber.Com » Bölgə » Məmur talançılığının hədəfi olan yarıcan Ağdam...

Məmur talançılığının hədəfi olan yarıcan Ağdam...

26-11-2013, 10:50
Oxunub: 3 831 Bir qrup Ağdam rayon sakini başda dövlət başçısı İlham Əliyev olmaqla Baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Ombudsman Elmira Süleymanova, Kənd təsərrüfatı naziri Heydər Əsədov, Maliyyə naziri Samir Şərifovla yanaşı ölkəmizdə təmsil olunan bir sıra diplomatik və beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciət edib. Diplomatik nümayəndəliklərdən ABŞ-ın, Almaniyanın, Litvanın, Norveçin, Fransanın və Rusiyanın ölkəmizdəki səfirinə, ATƏT-in Bakı ofisinin rəhbərinə, BMT-nin rezident-əlaqələndiricisinə müraciət edən Ağdam rayon sakinləri müraciətlərinin bir surətini də Demokratik Qüvvələrin Milli Şurasına, Ziyalılar Formuna, Sülh və Demokratiya İnstitutuna, Helsinki Vətəndaş Asambleyasının Azərbaycan Milli Komitəsinə ünvanlayıblar. Müraciəti 17 nəfər Ağdam rayon sakini imzalayıb.

Müraciətin TİA.AZ-a daxil olan mətnində deyilir: "Ağdam rayonunun ərazisinin 75 faizinin işğal olunması nəticəsində 182 min nəfər əhalisi olan rayonun məcburi köçkünlərinin sayı 143 200 nəfərdir. Rayon əhalisinin təxminən 78 faizi məcburi köçkündür. Hazırda Ağdamın işğal olunmamış ərazilərində 90 minə yaxın əhali yaşayır. Bunun 39 min nəfərinə yaxını yerli əhali, qalan hissəsi isə Ağdam rayonunun işğal olunmuş ərazilərindən məcburi köçkün düşənlərdi. Bundan başqa, Ağdamın işğal olunmamış ərazilərində digər işğal olunmuş rayonlardan bir neçə min nəfər əhali məskunlaşıb. Göründüyü kimi, rayonun iğal olunmamış 25 faiz ərazisində rayon əhalisinin yarısı məskunlaşıb. Cəbhəyanı ərazilərin faktiki olaraq istifadəsiz olmasını da nəzərə alsaq, rayon əhalisinin yarısının istifadəsində 25 faizdən də az torpaq qaldığını görə bilərik. Bu ərazilərdə bir dənə də olsa sənaye müəssisəsinin olmaması səbəbindən insanların yeganə ümidi işğal olunmamış torpaqlardar ki, artıq onu da oliqarxlar işğal edir. Belə ki, yerli rəhbərliyin mütiliyindən istifadə edən ölkədəki oliqarxlardan birinə bağlı olduğu deyilən "Kraun-Ko" MMC-i neçə illərdir ki, rayonun min hektarla torpağını öz əlinə keçirib. Əlimizdə olan bir sənədə görə, Ağdam rayon icra hakimiyyətinin hazırkı başçısı Nizami Sadıqovun 05 aprel 2010-cu il tarixli, 35 saylı sərəncamı ilə rayonun Ergiz düzündəki 11 min hektara yaxın torpağının təxminən 9 min hektarı "Kraun-Ko" MMC-yə icarəyə verilib.

"Kraun-Ko" MMC Haramı-Ergi düzü adlanan ərazidə Ağdamın 9 min hektara yaxın torpağından başqa Füzuli, Beyləqan, Xocavənd rayonlarının da torpaqlarını ələ keçirib ki, hazırda bu şirkətin əlində 78 min hektara yaxın torpaq sahəsi çəmləşib. Bir zamanlar Qarabağın elat camatının qışlaq məskəni olan, yüz minlərlə mal-qoyunun saxlandığı bu ərazi indi bir oliqarxın gəlir mənbəyinə çevrilib. Füzulidən Ağdama kimi isə məcburi köçkünlər bir hektar torpağı icarəyə götürə bilmirlər. Bu yerlərdəki fermerlər və fərdi torpaq sahibləri bir hektar torpağın təyinatını dəyişdirməkdə çətinlik çəkdiyi halda "Kraun-Ko" MMC onminlərlə hektar torpağın təyinatını bir qərarla dəyişdirir. Halbuki, bu sahələr otlaq və heyvanların örüş yeri kimi nəzərdə tutulmuşdu. "Kraun-Ko" MMC-i isə onların təyinatını dəyişdirdib, əkin sahəsinə çevirib.

Ağdam rayonunda məskunlaşmış 50 mindən artıq məcburi köçkün ailəsini dolandırmaq üçün kiçik bir torpaq sahəsi əldə edə bilmədiyi halda rayonunun onsuz da məhdud olan torpağının 9 min hektarını bir şirkətə vermək ağdamlıları bu yerlərdən qovmağa bərabərdir. Rayonun işğal olunmamış torpaqlarında və o cümlədən digər rayonlarda məskunlaşmış məcburi köçkünlərin əkib becərmək, mal-qoyun saxlamaq üçün bir neçə hektar torpaq istəyini "torpaq yoxdur" deyə rədd edən rayon rəhbərliyi bir sərəncamla min hektarla torpağı fəaliyyəti şəffaf olmayan bir şirkətə verir. Bununla bağlı şikayətlərə isə "Kraun-Ko" MMC-nin fəaliyyətinin dövlət proqramı olduğu deyilir. İndi isə belə çıxır ki, müəmmalı "dövlət proqramı" naminə Ağdamın işğaldan əziyyət çəkən əhalisinə yenə zülm etmək olar. Əgər bu torpaqlarda taxıl əkmək həqiqətən dövlət əhəmiyyətli məsələdirsə, onu niyə yerli əhaliyə deyil, Ağdamla heç bir bağlılığı olmayan adamlara həvalə ediblər. Sovet dövründə Ağdam taxılçılığın inkişaf etdiyi rayonlardan biri olub və həmin uğurları əldə edən taxılçılıq üzrə mütəxəsislər bu gün işsiz qalıblar. Onlara məxsus torpaqlar isə fəaliyyəti şəffaf olmayan bir şirkətin əlinə keçib. Bu şirkət isə istifadə etmədiyi torpaqları da geri qaytarmır və sanki qəsdən ağdamlılara zülm etmək istəyirlər.

"Kraun-Ko" MMC-nin Qarabağ torpaqlarını ələ keçirməkdə qazandığı "uğurlardan" ruhlanan digər oliqarxlar da eyni yolu seçiblər. İndi də "MKT İstehsalat Kommersiya" MMC və "Dəvəçi Broyler" ASC-nin törəmə müəssəsisi olan "Qarabağ-taxıl" MMC-də "Kraun-Ko" MMC-nn yolu ilə gedərək yerli hakimiyyət orqanlarının mütiliyindən və ayrı-ayrı məmurların rüşvətxorluğundan istifadə edərək Qarabağın işğal olunmamış torpaqlarını ələ keçirirlər. Çox maraqlıdır, bizlərin illərlə kredit almaq istəyini qətiyyətlə rəd edən hakimiyyət mənsubları bu şirkətlərə on milyonlarla güzəştli krediti dərhal ayrırlar. Bütün bunlar Azərbaycan hakimiyyətinin Qarabağa və qarbağlılara ögey münacibətinin nəticəsidir. Dövlətin gücündən istifadə edən oliqarxlara məxsus bu şirkətlər yerli icarədarları müxtəlif vasitələrlə istifadə etdikləri torpaqlardan imtina etməyə sövq və məcbur edir, insanların ağır bank kreditlərinin altında əzilməsindən məharətlə istifadə edərək onların dədə-baba torpaqlarını satın alırlar. Burada da bir çox yerlərdə torpaqların təyinatı dəyişdirilir, onminlərlə qiymətli kol bitkisi məhv edilir. Halbuki, təsadüfən bu kol bitkisinin birini qıran və ya yandıran yerli sakinlər dərhal çərimə olunurdu. Həmin ərazidə qiymətli kol bitkilərinin qırılması bu yerlərin fauna və florasına çox mənfi təsir edəcəkdir. Ən əsası isə bu prosesin qarşısı alınmasa qısa müddətdən sonra yerli əhalinin əlində bir hektar da olsa torpaq qalmayacaq. Biz bütün bunlara etiraz edir, Azərbaycan xalqının dərdlərinə biganə olmayanları da bizim səsimizə səs verməyə çağırırıq".

Müraciəti Ağdam rayon sakinləri Oqtay Quliyev, Fəzail İsmayılov, Yavər Nəsirov, Behbud Məmmədov, Ədalət Səfərov, Rasim Rüstəmov, Nuşirəvan Aslanov, Behbud Məmmədov, Babaxan Abiyev, Telman Əliyev, Yaşar Həsənov, Təvəkkül Həsənov, Taryel Həsənli, Cümşüd Şükürov, Taleh Abbasov, Rüstəm Cəfərov imzalayıb.