BolgeXeber.Com » Bölgə » Oğuz Peşə Məktəbində qanunsuzluq

Oğuz Peşə Məktəbində qanunsuzluq

29-11-2013, 12:30
Oxunub: 8 008 Direktor təhsil ocağının balansında olan torpaq sahələrini satmaqla məşğuldur

«Korrupsiya haqqında» Qanunun tələblərini pozan şəxs həyat yoldaşını, baldızını, bibisini və qardaşının gəlinini məktəbdə işlə təmin edib

Oğuz rayon Peşə Məktəbi və onun direktoru Azər Nəcməddinovla bağlı redaksiyamıza çox ilginc məlumatlar daxil olub. Adının çəkilməsini istəməyən şəxsin verdiyi məlumatda qeyd olunur ki, peşə məktəbinin rəhbəri gözdən iraq olduğunu zənn edərək bir sıra qanunsuz işlərə imza atır. İlk öncə məktəbin tarixi və ixtisas hazırlığı ilə bağlı danışan mənbə bildirdi ki, Oğuz rayon Peşə məktəbi Nazirlər Kabinetinin qərarı ilə 1975-ci ildən fəaliyyətə başlayıb:

«Təhsil ocağının yaradılmasında əsas məqsəd Oğuz rayonunun kənd təsərrüfatında fəaliyyət göstərən müəssisələri lazımi kadrlarla təmin etməkdir. Oğuz rayon Peşə məktəbi fəaliyyətə başladığı gündən 2011-ci il tədris ilinə kimi traktorçu- maşinist, qaz qaynağı, ferma mexanizatoru, tütün ustası, xalça toxuyan, heyvanlara baytar xidməti üzrə operator, kompyuter üzrə operator, əməliyyatçı mühasib və sair ixtisaslar üzrə 8752 nəfər ixtisaslı kadrlar hazırlamaq üçün nəzərdə tutulub. Hazırda Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş qrafikə uyğun olaraq məktəbdə traktorçu, kompyuter üzrə operator, inşaatda tamamlama işləri üzrə işçi qrupu, barmen bufetçi- ofsiant, heyvanlara baytar xidməti, elektrik sayğaclarının istismarı üzrə elektrik montyoru və enerji nəzarətçisi qrupu, elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru və geniş profilli traktorçu-maşinist təmirçi-çilingər qrupu üzrə tədris hazırlığı aparılır».

Mənbənin sözlərindən sonra məlum oldu ki, peşə məktəbinin direktoru Azər Nəcməddinovun fəaliyyəti şagirdlər, müəllim heyəti, eləcə də rayon sakinləri tərəfindən müsbət qarşılanmır: «Direktor yaradılan bütün şəraitlərdən yalnız şəxsi mənafeyi üçün istifadə etməyə çalışır. Təbii ki, belə olan təqdirdə müəyyən qüsurlar ortaya çıxır. Peşə Məktəbində təhsil alan şagirdlərin təlim məşqi üçün nəzərdə tutulan hektarlarla torpaq sahəsi var. Həmin torpaq sahəsində bir şagird belə təlim məşq üçün nə traktorun, nə də kombaynın sükanı arxasında əyləşməyib. Bu torpaq sahəsi məktəbə dövlət tərəfindən ayrılıb. Ki, burada şagirdlər kənd təsərrüfatı texnikasını idarə etməyi, məhsul becərməyi və sair kimi aqrotexnoloji əməliyyat vərdişlərini özündə formalaşdıraraq bu peşəyə mükəmməl yiyələnsin.

Direktor isə bu torpaqlardan təyinatı üzrə istifadə olunmasına icazə vermir. Peşə məktəbinə məxsus torpaq sahələri qanunsuz olaraq ayrı-ayrı şəxslərə satılıb. Bu isə o deməkdir ki, Azər Nəcməddinov dövlətin peşə təhsili ilə bağlı yürütdüyü siyasətə qarşı çıxıb. Əsas problemlərdən biri də Oğuz Peşə Məktəbində şagirdlərin dərsə davamiyyəti ilə bağlıdır. Mənim bildiyimə görə, təhsil ocağında siyahı üzrə 100 % şagird var. Amma onların cəmi 40-50%-i dərsə gəlir. Əslində, onların dərsə gəlməyinin bir mənası yoxdur. Ona görə ki, peşə məktəbində şagirdlərə təhsil verilmir. Direktorun qeyri-qanuni əməlləri məktəbi öz profilindən tamam uzaqlaşdırıb». Mənbə deyir ki, Təhsil Nazirliyinin təqaüd ayırdığı şagirdlər bunun üzünü belə görmürlər. Çünki direktor müəllimlərin vasitəsilə təqaüd alan şagirdlərin bankomat kartlarını yığıb: «Hər ayın sonunda, yəni şagirdlərin təqaüdü verilən zaman direktorun adamları kartları götürüb «Kapitalbank»ın bankomatlarının qarşısına hücum çəkirlər. Onlar direktorun tapşırığı əsasında təqaüdləri çıxarıb ona təhvil verirlər. Azər Nəcməddinovun özbaşına əməlləri bu qədər olsa, dərd yarıdır. Bildiyim qədərilə, məktəbdə siyahı üzrə 45-ə yaxın müəllim, təlim ustası, texniki işçi var.

Di gəl ki, onların 15-20 nəfəri müntəzəm olaraq işə gəlir. Adı kağız üzərində olan digər işçilərin maaşının kimin cibinə getdiyi isə məlum məsələdir. Direktor «Korrupsiya haqqında» Qanunun tələblərini pozaraq yaxın qohumlarını, konkret desəm, həyat yoldaşını, baldızını, bibisini, qardaşının gəlinini burda işlə təmin edib. Həmin qanunun 8-ci maddəsinə əsasən, vəzifəli məmurun tabeliyində qohumlarının işləməsi yasaqdır. Azər müəllim aşkar şəkildə qanunu pozub. Faktlar çoxdur. Məsələn, məktəbin balansında olan texnika, emalatxanadakı avadanlıqlar dağıdılıb, ya da kimlərəsə icarəyə verilib. Həmçinin Oğuz Peşə Məktəbinə testdən kənar üsulla bir neçə işçi qəbul edilib. Onlar direktora «hörmət» etməklə işə düzəliblər». Bu günlük bu qədər. Gələn saylarımızda dərsə gəlməyən şagirdlərin ödəmə kartlarnın kimin evində saxlanması, testdən keçməyərək işləyən müəllimlərin kimliyi və məktəbin balansında olan texnika və avadanlıqların necə dağıdılması barədə geniş yazı dərc edəcəyik. Sonda Təhsil Nazirliyinin rəsmiləri və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarından xahiş edirik ki, Qazax Peşə Məktəbində dərhal yoxlamalara başlasınlar.

Yazı ilə bağlı qarşı tərəfin də fikirlərini öyrənə bilərik.