BolgeXeber.Com » Bölgə » Zərdab Maliyyə İdarəsinin rəis əvəzi Elşad Abdullayevlə yaxın münasibətdə olub

Zərdab Maliyyə İdarəsinin rəis əvəzi Elşad Abdullayevlə yaxın münasibətdə olub

2-12-2013, 12:25
Oxunub: 6 672 Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, Zərdab Rayon Maliyyə İdarəsinin rəis əvəzi Sakit İfrat oğlu Məmmədovun diplomunda da bir sıra şübhəli məqamlar var. Belə ki, adıçəkilən şəxs bir neçə il öncə, hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru, Fransada mühacirətdə olan Elşad Abdullayevlə müəyyən sövdələşməyə girərək ABU-nun diplomunu əldə etməyə nail olub.

Bu və digər önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri bizimlə bölüşən məlumatlı şəxsin iddiasına görə, Sakit Məmmədov nəyin bahasına olursa-olsun Zərdab Rayon Maliyyə İdarəsinin rəisi vəzifəsinə yiyələnməyə çalışır: «Sakit Məmmədov rayon maliyyə idarəsinə rəis keçmək üçün az qalır ki, dəridən-qabıqdan çıxsın. Zərdab Rayon Maliyyə İdarəsinin rəis əvəzi planını reallaşdırmaqdan ötrü bir sıra yollara baş vurmaq niyyətindədir. Belə ki, o, bir müddət öncə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin qəbulunda olub və arzusunu ona çatdırıb. Görüş zamanı Sakit Məmmədov icra başçısından bu işdə ona yardımçı olmasını xahiş edib». Zərdab Rayon Maliyyə İdarəsinin rəis əvəzinin bir neçə il öncə Azərbaycan Beynəlxalq Universitetini bitirdiyini qeyd edən məlumatlı şəxsin sözlərinə görə, bu yaxınlarda Maliyyə Nazirliyinin yoxlama briqadası Sakit Məmmədovun rəhbərlik etdiyi qurumda geniş miqyaslı araşdırma aparıb: «Həmin yoxlama uzun müddət davam edib. Belə ki, nazirliyin yoxlama briqadası təxminən, bir aya yaxın Zərdab Rayon Maliyyə İdarəsində oturaraq orada geniş kompleks araşdırma həyata keçirib. Yoxlama gedən müddətdə Sakit Məmmədov yoxlama üzvlərini birbaşa Maliyyə Nazirliyi Aparatının rəhbəri Namiq Süleyman oğlu Süleymanovun adı ilə təhdid edib. Belə ki, Zərdab Rayon Maliyyə İdarəsinin rəis əvəzi Namiq Süleymanovla çox sıx əlaqəyə malik olduğunu, onunla Bakıda restoranlarda yeyib-içdiyini təkrarlamaqla komissiya üzvlərinə təsir etməyə və məhz bu yolla təhlükəsizliyini təmin etməyə çalışıb. Təbii ki, həmin vaxt Maliyyə Nazirliyi Aparatının rəhbərinin adını eşidən yoxlama üzvlərinin hansı hisslər keçirdiyini təsəvvür etmək o qədər də çətin deyil».

Qeyd edək ki, Zərdab Rayon Maliyyə İdarəsinin rəis əvəzinin Elşad Abdullayevlə yaxın münasibətdə olduğunu deyən mənbə Sakit Məmmədovla Maliyyə Nazirliyi Aparatının rəhbəri Namiq Süleymanovun əlaqələrini xarakterizə edərkən 1991-ci ildə lentə alınmış, musiqili komediya, melodram janrında olan məşhur «Şirbalanın məhəbbəti» filmindən maraqlı bir məqama toxundu: «Şirbalanın məzəli və əyləncəli məhəbbət sərgüzəştlərindən bəhs edən həmin filmdə mərhum, korifey sənətkarımız Hacıbaba Bağırov xalq artisti Həmidə Ömərova ilə restoranda stol arxasında yeyib-içdiyi vaxt qonşu stoldan onlara bir şampan içkisi göndərilir. Həmin vaxt Hacıbaba Bağırov özünəməxsus tərzdə ofisianta xitabən «Onlardan pul almazsan» deyə bildirib. Əslində, bu, köhnə «priyom»dur. Yəqin Sakit Məmmədovda məhz bu üsuldan bəhrələnməyə çalışıb».

Sonda bildirmək istərdik ki, biz mətbuat orqanı olaraq «Kütləvi informasiya vasitələri haqqında» Qanunun tələblərinə əsasən Zərdab Rayon Maliyyə İdarəsinə sorğu ilə müraciət etmək və idarənin rəis əvəzi Sakit Məmmədova Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin imzası ilə verilmiş diplomun nə dərəcədə həqiqi olduğunu müəyyənləşdirməyə çalışacağıq. Daha sonra həmin diplomla bağlı əldə olunan sənədləri Təhsil Nazirliyinə və digər müvafiq orqanlara təqdim etmək fikrindəyik. Bu, kütləvi informasiya vasitələri nümayəndələri olaraq bizim təbii haqqımızdır.

P.S. Bir müddət əvvəl ölkə başçısının sərəncamı ilə Zərdab rayonunun inkişafı, rayonda bir sıra zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə ayrılmış 2 milyon manat vəsait hansı tikinti şirkətləri arasında bölüşdürülüb? Zərdab Rayon Maliyyə İdarəsinin rəis əvəzi Sakit Məmmədovun qardaşı Qalib Məmmədovun rəhbərlik etdiyi tikinti şirkətinə nə qədər pul ayrılıb? Həmin şirkət doğrudanmı Zərdab rayonunun abadlaşdırılması üçün ayrılan vəsaiti təyinatı üzrə xərcləyib? Heç saxta diplomla maliyyə idarəsinin rəisi olmaq olarmı? Növbəti sayımızda bu və digər sualların cavabları ilə tanış ola bilərsiniz.

P.P.S. Qarşı tərəfin də münasibətini dərc edə bilərik.