BolgeXeber.Com » Bölgə » Məlum qətlin qaranlıq tərəfləri üzə çıxır

Məlum qətlin qaranlıq tərəfləri üzə çıxır

18-07-2011, 14:40
Oxunub: 7 938 Nəcimə Babayeva öldürüləcəyini əvvəlcədən bilirmiş, icra başçısı isə bazarı ələ keçirmək üçün hakimiyyətə qarşı çıxanları belə özünə şərik edib

III YAZI


Xaçmaz rayonunda baş vermiş məlum qətl hadisəsi ilə bağlı apardığımız araşdırmalar nəticəsində xeyli maraqlı məqamlar ortaya çıxıb. Bolgexeber.com-un apardığı geniş araşdırma nəticəsində 10 ay bundan əvvəl baş vermiş cinayətin üzərinin hələdə açılmamasının müəmmalı tərəfləri, rayon rəhbərliyinin qətli ört-basdır etmək üçün oynadığı oyunlar və digər mətləblərə aydınlıq gətirilməkdədir.

Şəmsəddin Xanbabayevin şəriki kimdir?

Bolgexeber.com-un apardığı araşdırmalar nəticəsində olduqca maraqlı bir məqam ortaya çıxıb. Məlum olub ki, Xaçmazda fəaliyyət göstərən bazarın ələ keçirilməsi prosesində daha maraqlı fiqurlar var. Onların arasında biri isə hal hazırda Xaçmaz rayonunda mühüm postlardan birini tutan Azad Yaqubovdur.

Əldə etdiyimiz məlumatlara görə, Xaçmaz Rayon Koperativlər Cəmiyyətinin sədri olan Azad Yaqubov rayon icra başçısı Şəmsəddin Xanbabayevin şərikidir. Bir çox biznes sahələrində ortaq olan bu şəxslərin maliyyəçilərindən biri isə Yaqubovun Rusiyada yaşayan qardaşıdır. Hələ 2002-ci ildən etibarən rayondakı «Arzu» Özəl Ticarət Mərkəzini ələ keçirmək istəyən sözügedən şəxs bununla bağlı bir sıra addımlar belə atıb. Lakin 2003-cü ilin prezident seçkiləri zamanı yol verdiyi böyük bir səhv onun planlarını yarımçıq saxlamalı olub.

Bununla bağlı verilən məlumatda deyilir ki, Yaqubov 2003-cü ilin prezident seçkilərində müxalifət partiyalarından birinə yaxından yardım edib. Hətta o da deyilir ki, seçkilərin nəticələrini dəyişərək, onun həmin partiya sədrinin xeyrinə olmasını təmin etmək üçün sözügedən şəxs pul da xərcləməkdən çəkinməyib. Bunu da ona görə edirmiş ki, yeni hakimiyyət dövründə o, Xaçmazın icra başçısı olacaqmış. Lakin yerli hüquq-mühafizə orqanları məsələdən xəbər tutaraq, onun qarşısını kəsiblər. Həmin ilin 17 oktyabrında isə Xaçmaz rayon İcra Hakimiyyətində mövcud vəziyyətə dair iclas təşkil olunur və Azad Yaqubov orada sərt şəkildə tənqid edilərək, YAP-dan qovulur.

Məlumatlar zamanı belə məlum olub ki, Azad Yaqubov haqqında cinayət işi qaldırılması məsələsi gündəmə gətirilsə də, sonradan bu işin üzərindən keçilir. Bunun səbəbi də ondan külli miqdarda pulun alınması göstərilir. Bəzi məlumatlara görə, sözügedən şəxs bir xeyli pul ödədikdən sonra vəziyyətdən çıxmağı bacarır. Amma onun qarşısında qoyulan tələb isə belə olub ki, ölkəni tərk etməlidir. Və bunun ardından da Azad Yaqubov ölkəni tərk edir və 2007-ci ilin əvvəllərinə kimi, qonşu ölkədə yaşamalı olur.

İşin müəmmalı tərəfi odur ki, Azad Yaqubov 2006-cı ilin dekabrın sonlarında qəfil yenidən Xaçmaza dönür. Və dönməsindən iki həftə sonra ona yeni vəzifələr verilir, yaxın qohumları da eyni şəkildə vəzifələrlə təltif olunurlar. Ardından isə Şəmsəddin Xanbabayevin şərikinə çevrilən sözügedən şəxs Xaçmazdakı bir çox gəlirli sahələri ələ keçirməyə başlayır.

Burada sual yaranır. Həmin suallardan biri ondan ibarətdir ki, Azad Yaqubov bir zamanlar indiki hakimiyyətə xəyanət etdiyinə görə ölkədən qaçdığı halda, sonradan necə oldu ki, vəzifə başına gətirildi? İkinci sual odur ki, Azad Yaqubov iki həftə içində hansı müstəsna xidmətlər göstərə bilib ki, onu xəyanətinə görə bağışlayıblar, hələ üstəlik vəzifə sahibi də ediblər? Hələlik bu sualların heç bir cavabı yoxdur. Amma bilinən odur ki, Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev olduqca təhlükəli bir oyunun içinə girib və burada hakimiyyət əleyhinə işləmək ittihamı da günlərin birində ortaya çıxa bilər.

Prokuror sürücüyə niyə işgəncə verib?

Nəcimə Babayevanın qətli ilə bağlı Xaçmaz rayon prokuroru Rasim Məlikovun hansı oyunlardan çıxdığına dair məlumat vermişdik. Mərhumənin ailə üzvlərini şərləyərək, həbs etdirmək niyyətinə düşən Məlikov bu işi alacağı ifadələrlə həll edə bilmədiyindən, prosesi dolayı yollarla qaydasına qoymağa çalışıb. Və işin ən dəhşətli tərəfi odur ki, qətlin ört-basdır edilməsi üçün prokuror hətta zorakılığa belə imza atıb.

Apardığımız araşdırma zamanı belə məlum olub ki, rayon prokuroru qətldən sonra ilk olaraq Nəcimə Babayevanın uşaqlarını ittiham etməyə başlayıb. Onlara müxtəlif vasitələrlə təsir göstərən, hətta hədə-qorxu gələn Rasim Məlikov istəyinə nail ola bilmədikdən sonra başqa bir yolla onları günahlandırmağa çalışır. Belə ki, o, Xaçmaz rayon Polis Şöbəsinə göstəriş verərək, Nəcimə Babayevanın sürücüsü O.Azayevin saxlanılmasını istəyir. Heç bir problemsiz polisə gələn Azayev orada bir neçə gün saxlanılır və işgəncələrə məruz qalır. Həmin işgəncələrin verilməsinin də göstərişini prokuror verir. Hətta o da məlum olub ki, O.Azayev Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi tərəfindən döyülüb. Məqsəd isə bu olub ki, ondan Nəcimə Babayevanın əleyhinə ifadə ala bilsinlər.

Məsələni araşdıran zaman belə aydın olub ki, Rasim Məlikov bu qədər əziyyətlərdən sonra hədə-qorxu yolu ilə O.Azayevdən Nəcimə Babayevanın əleyhinə ifadə verməsini tələb edib. Lakin bazar sahibinin sürücüsü heç bir ifadə vermədən, istintaqın obyektiv aparılmasını tələb edir. Axırda da onun əməlində heç bir cinayət tərkibi tapa və istədiyini ala bilməyən prokuror məcburiyyət qarşısında qalaraq, sürücünü azad edir.

Nəcimə Babayeva öldürüləcəyini bilirmiş?

«Arzu» Özəl Ticarət Mərkəzinin sahibəsi olan Nəcimə Babayeva isə sui-qəsdə məruz qalacağını əvvəlcədən bilirmiş. Bu məsələnin üstü də apardığımız araşdırma nəticəsində açılıb. Məlum olub ki, o, hələ ölümündən 7 ay əvvəldən etibarən yaşadığı mənzilindən kənara çıxmaq istəməyib. Belə ki, onu öldürəcəklərini deyən Nəcimə Babayeva övladlarına da bildirib ki, Şəmsəddin Xanbabayev və onun ətrafındakı adamlar bazarı ələ keçirmək üçün plan qururlar və həmin planın tərkib hissələrindən biri də onun öldürülməsi ilə bağlıdır.

Hətta N.Babayeva ən yaxın adamlarının toy məclislərinə getməkdən belə çəkinirmiş. Yalnız ciddi zərurət yarandığı təqdirdə bir yerə gedəcəyi təqdirdə özünün qohumları və uşaqları ilə yola çıxırmış. Məlumatı təsdiqləyən mərhumənin qızı Gülnarə Həbibova Bolgexeber.com-a bildirib ki, həqiqətən də belə bir şey olub. «Anam bizə axır zamanlar deyirdi ki, onu öldürəcəklər. Hətta konkret ünvan da göstərirdi və bildirirdi ki, bazarı xoşluqla ondan ala bilməyənlər, bunu zorla etməyə çalışacaqlar. Həmçinin anam deyirdi ki, bu sui-qəsd onun yeməyinə zəhər qatılması şəklində də həyata keçirilə bilər. Elə bu səbəbdən də hər hansı bir yerə gedərkən ən yaxın adamları ilə yola çıxardı və getdiyi yerdə bir udum su belə içməzdi».

Baş verənlərdən açıq şəkildə məlum olur ki, Nəcimə Babayeva qətlə yetiriləcək. Bu işi həyata keçirənlər isə Xaçmazdakı bazar uğrunda illərdən bəri mübarizə aparanlardır. Eyni zamanda, gedişatdan o da aydın olur ki, rayon rəhbərliyi və onun ətrafındakı insanlar bütün hallarda «Arzu» Özəl Ticarət Mərkəzinə sahib olmaq istəyirlər və bunun üçün istənilən addımı atmağa belə hazırdırlar. Digər tərəfdən də, prokurorluğun qətllə bağlı cinayətin üstünü 10 aya yaxındır açmaması belə deməyə əsas verir ki, ortada sifarişli bir qətl məsələsi var və onun ört-basdır edilməsi üçün də rayon rəhbərliyi ciddi cəhdlə çalışır. Əks təqdirdə, qətlin açılmasında bu qədər passivlik nümayiş etdirilməzdi.

Qətlin açılması niyə daşa dirənib?

Qeyd edək ki, Nəcimə Babayevanın qətli ilə bağlı istintaq hal hazırda Respublika Prokurorluğu tərəfindən aparılır. Amma rayon prokurorluğundan işin alınaraq Baş Prokurorluğa verilməsi də cinayətin üstünün açılmasını təmin etməyib. Bunun hansı səbəbdən baş verdiyini demək isə hələlik mümkün deyil. Amma bununla bağlı əsaslı şübhələr var.

Həmin şübhələrdən biri və birincisi odur ki, bazarı ələ keçirmək istəyənlər başda Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev olmaqla yuxarıdakı adamlarını işə cəlb edib. Yəni, o, yuxarı dairələrlə sıx əlaqəli olduğundan onların əliylə təsir göstərərək Nəcimə Babayevanın qətli ilə əlaqədar olaraq, istintaqın aparılmasına əngəl olur. Başqa şəkildə Baş Prokurorluq niyə və hansı səbəbdən 10 ay ərzində qatili və sifarişçini tapa bilməsin ki?

Aydın məsələdir ki, cinayətin üstünün açılması bir çoxlarının «yanması»na səbəb ola bilər. Eyni zamanda, indiki həssas məqamda hansısa cinayətdə, xüsusən də ağır cinayətdə icra başçısı və ya onun ətrafının adının hallanması hakimiyyət üçün də uğurlu tapıntı deyil. Belə olan təqdirdə, ən optimal yol hələlik məsələnin qapalı şəkildə qalmasıdır.

Digər şübhələr də ondan ibarətdir ki, rayonda çalışan və bazar uğrunda mübarizə aparan adamların yuxarı dairələr və ya hansısa qruplarla sıx əlaqələri var. Ola bilər ki, onlar bu imkanlarından yararlanaraq, cinayət işinin qapalı qalmasını təmin etməyə çalışırlar.

ANONS

- Şəmsəddin Xanbabayev rayonda daha hansı adamlara vəzifə verib?
- Nəcimə Babayevanın övladlarını ölümlə təhdid edən şəxslər kimlər olub?
- Bazarın ələ keçirilməsində «xaç atası» funksiyasını kim həyata keçirir?

Xaçmazda baş verən bu və digər məsələlərin təfsilatı ilə yaxın günlərdə Bolgexeber.com-da tanış ola biləcəksiz. Bizi izləyin...