BolgeXeber.Com » Bölgə » Mingəçevirdə işıqforların təmiri adı ilə büdcə necə yeyilir?

Mingəçevirdə işıqforların təmiri adı ilə büdcə necə yeyilir?

5-12-2013, 10:40
Oxunub: 3 447 5 işıqforun təmirinə 118 min manat pul sərf olunub, dam örtüklərinin dəyişdirilməsi isə deputatın şirkətinə həvalə olunub

Hələ bir müddət əvvəl Mingəçevir Şəhər İcra Hakimiyyətinin tender oyunları və bu zaman adicə işlər üçün külli miqdarda pulların ayrılmasından bəhs etmişdik. Jam.az-ın apardığı yeni araşdırmalar zamanı isə şəhərdə baş verən və korrupsiya iyi gələn işlərdən daha bir neçəsi ilə bağlı maraqlı məqamlar meydana çıxıb.

Belə ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı sair xərclər maddəsi üzrə satınalmaları həyata keçirmək üçün "Dizayn Construction" MMC-yə 49 min manat vəsait ayırıb. «Sair xərclər»in tərkibi həddindən artıq zəngin olduğundan bu pulun konkret olaraq hansı məqsədlər üçün sərf olunduğu hələlik məlum deyil. Amma belə bir yanaşma var ki, adətən İcra Hakimiyyətləri və ya dövlət qurumlarının rəhbərləri pulları qurtardıqda hesablarındakı vəsaitdən ehtiyac olunan qədərini «sair xərclər» adı altında özlərinə götürə bilirlər. Görünür, bu da həmin əməliyyatlardan biridir.

Araşdırmalara görə, sözügedən şəhərin icra başçısı Niyazi Bayramovun sərəncamı ilə Mingəçevirdəki binaların dam örtüyünün metal keramitlə təmir işlərinin satın alınması proses də həyata keçirilib. Bu zaman «Palıdlı» MMC-yə 499 862,8 manat vəsait ayrılıb. İlkin olaraq məlum olub ki, «Palıdlı» şirkəti tanınmış deputat Hadı Rəcəbliyə məxsusdur. İddialara görə, deputatın bu şirkəti təkcə Mingəçevirdə deyil, həmçinin bir sıra rayonlarda da iş başındadır.

Qaldı şəhərdəki dam örtüklərinin dəyişdirilməsi və ya təmr edilməsi məsələsinə bunun da pulsilmə oyunu olduğu hiss olunur. Çünki Mingəçevirdə əksər binaların dam örtükləri sənədlərdə bəlkə də 10 dəfə təmir olunub və ya dəyişdirilib. Reallıqda isə bu damlar elə sovet dövründən necə varsa, elə də qalıb. Təmir işləri aparılsa belə, bunun kosmetik xarakter daşıdığını bilməyən yoxdur. İddialara görə, Mingəçevirdə damları təmir olunan binaların əksəriyyəti əsas yolların kənarındakı evlərdir. Yəni, prezident şəhərə təşrif buyurasa və onun əsas keçəcəyi yolların üzərindəki binaların damları təmir edilib. Qalanları isə elə necə varsa, o cür də qalıb.

Niyazi Bayramovun ən gülməli oyunu isə işıqforlarla bağlı olub .Araşdırmalara görə, Mingəçevir Şəhər İcra Hakimiyyəti Heydər Əliyev prospektində işıqforların təmin işlərinin satın alınması məqsədi ilə öz büdcəsindən 117 868 manat pul ayırıb. Həmin pulu isə «Siqnal» İLİ İdarəsinə veriblər. Bizim üçün maraqlı olan əsas məqam odur ki, şəhərin ən böyük prospektində neçə ədəd işıqfor var ki, onların təmirinə bu qədər pul lazım olub? Bildiyimiz qədər belə işıqforların ümumi sayı 5 və ya 6 ədəddən artıq deyil. Və bu qədər işıqfor üçün 117 min manatın çox böyük rəqəm olduğu da şübhəsizdir.

İkincisi, BDYPİ səlahiyyətləriləri hara baxırlar ki, şəhər və rayonlardakı işıqforların təmiri işlərini həyata keçirmir? Sürücüləri addımbaşı cərimə edən bir dövlət qurumu yığdığı pulların bir qismini də bu işlərə sərf etsin.
Bolgexeber.com