BolgeXeber.Com » Bölgə » Qax RMX-nin baş həkimi əhaliyə pulsuz tibbi xidmətin göstərilməsinə imkan vermir

Qax RMX-nin baş həkimi əhaliyə pulsuz tibbi xidmətin göstərilməsinə imkan vermir

7-12-2013, 14:45
Oxunub: 4 033 Əhməd Əhmədzadənin qardaşı oğlu atasının yolu ilə gedir

1 yaşlı baş həkim Fərman Əhmədzadə uzun müddət ürək xəstəliyindən əziyyət çəkib. Ötən ilin payızında o, Almaniyada müalicə edilib. Qeyd edək ki, dünyasını dəyişən baş həkimin zamanında Qax rayonunun səhiyyə sistemi bərbad vəziyyətdə idi. Rayonda müxtəlif səhiyyə ocaqları fəaliyyət göstərsə də, sakinlər başqa yerlərə getmək məcburiyyətində qalırdılar.

Məlumat üçün bildirək ki, rayon əhalisinə 150 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, 25 çarpayılıq Uşaq Xəstəxanası, 15 çarpayılıq Tasmalı, 10 çarpayılıq Əlibəyli kənd sahə xəstəxanaları, 10 həkim məntəqəsi, 26 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən xidmət göstərilir. Rayon Mərkəzi Xəstəxanasında 125 nəfər həkim, 418 nəfər orta tibb işçisi çalışır. Qaxdakı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Fərman Əhmədzadənin ölümündən sonra RMX-yə onun oğlu Tərlan Əhmədzadə baş həkim təyin edilib. Mənbə deyir ki, atasından heç nə ilə fərqlənməyən oğul rayonun səhiyyə sektorunu daha da acınacaqlı hala salıb:

«Vətəndaşlar keçmiş baş həkimdən razı deyildilər. Ölən şəxsin arxasınca danışmazlar, amma Fərman Əhmədzadə işinin öhdəsindən gələ bilmirdi. Onun yerinə gələn oğlu Tərlan Əhmədzadənin fəaliyyəti də qənaətbəxş deyil. Xəstəxanada əvvəlki çatışmazlıqlar yenə də qalmaqdadır. Həkimlərin gözü xəstələrin cibindən yığışmır. Burda çalışan tibbi personal səhiyyə müəssisəsinə müraciət edən vətəndaşlarla normal şəkildə rəftar etmir. Hansı vətəndaş hüquqlarını tələb etməyi bacarırsa, həkimlər onlarla acı danışır. Vəzifə səlahiyyətlərini aşmaqdan çəkinməyən baş həkim ona tabe olan bütün şəxslərə tapşırıb ki, heç bir xəstəyə pulsuz tibbi xidmət göstərməsinlər. Tibb ocağında adi müayinədən keçmək üçün vətəndaşlardan nəysə umulur. Ağır vəziyyətdə xəstəxanaya gətirilən insanlara vaxtında yardım göstərilmir. Həkimlər gözləyir ki, xəstənin yaxınları, qohumları gəlib onların «marağını» təmin etsin, sonra vəzifələrini yerinə yetirsinlər. Məlum olduğu kimi, dövlət büdcəsi hesabına maliyyələşən bütün xəstəxanalarda vətəndaşlara pulsuz tibbi xidmətin göstərilməsi ilə bağlı prezidentin qərarı var.



Tərlan həkim isə ölkə başçısının tapşırıq və göstərişlərinə əməl etmək istəmir». Qaynağın iddiasına əsasən, Tərlan Əhmədzadə burdan qabaq Bakıdakı səhiyyə qurumlarından birində işləyib. Atasının ölümündən sonra isə əmisi Əhməd Əhmədzadənin köməyi ilə Qax RMX-yə baş həkim keçib: «ASC sədri ilə səhiyyə naziri Oqtay Şirəliyevin münasibətləri yaxşı olduğuna görə Əhməd Əhmədzadə Tərlan Əhmədzadənin Qax Rayon Mərkəzi Xəstəxanasına təyin edilməsini ondan xahiş edib. Nazir cəmiyyət sədrinin istəyini geri çevirməyərək qardaşı oğlunu vəzifəyə gətirib. Atasının qanuna zidd əməllərini davam etdirən oğul Əhmədzadə rayon sakinlərini bezdirib. Əhali rayonda səhiyyə sisteminin təşkilindən narazıdır. Qaxda diabetli və onkoloji xəstələrin sayı kifayət qədərdir. Hər il onların sayı daha da artır. Səhiyyə Nazirliyi bu şəxslərin müalicəsi üçün pulsuz dərman preparatları göndərir. Amma xəstəxana rəhbəri dərmanların xəstələrə çatmasına imkan vermir. Həkimlər dərmanları xəstələrə pulla satmağa çalışır. Əlibəyli və Güllük kəndlərində fəaliyyət göstərən həkim məntəqələrində də özbaşınalıq baş alıb gedir. Sözügedən kəndlərin sakinləri Allaha xəstələnməmələri üçün dua edirlər. Çünki səhhətlərində hər hansı problem yarananda sahə məntəqəsinin həkimləri onların cibini boşaldır. Xəstəxananın Doğum Şöbəsində də vəziyyət ürəkaçan deyil. Rayonda uşaq sahibi olmağın qiyməti 600 manatdan başlayır. Həkimləri əlavə olaraq dünyaya uşaq gətirən xanımların yaxınlarından 50-100 manat «şirinlik» də alır. Bir sözlə, rayonun səhiyyə sistemi başdan-ayağa kimi çirkaba bulaşıb. Neçə ki, əhmədzadələr bölgədə hegemonluq edir, problemlər əskilməyəcək». Bu da Oqtay Şirəliyevin səhiyyəsi və vəzifəyə qoyduğu baş həkimin fəaliyyəti. Fikrimizcə, artıq sərhə ehtiyac yoxdur. Əgər nazir rəhbəri olduğu qurumun adının mənfi işlərdə hallanmamasını istəyirsə, təcili olaraq Tərlan Əhmədzadənin qeyri-qanuni əməllərinin qarşısını almalıdır.



Qarşı tərəfin də cavab haqqını tanıyırıq.