Bolgə.TV xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ələsgərli kəndində keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Ələsgərli kənd İƏD üzrə nümayəndəliyin Ələsgərli kəndində keçirilib.
Qəbulda YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Ələsgərli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Ələsgərli kəndinin 372 hektar ərazisi, 290 təsərrüfatı, 1187 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 1 mədəniyyət evi, 1 ticarət obyekti, 1 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 404 baş iribuynuzlu, 827 baş xırdabuynuzlu heyvan, 7165 baş quş, 30 arı ailəsi saxlayırlar.
Son üç ildə Ələsgərli kəndində su arxları 1000 m məsafədə lildən təmizlənib, 3 ədəd subartezian quyusu vurulub, kənd ərazisində1000 ədəd müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Məhəmmədəli Məmmədov kəndin suvarma arxına su verilməsi üçün kanala qoyulmuş qapının yerinin dəyişdirilməsi və digər məsələlər barədə müraciət ediblər.
Qaldırılan məsələ ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.