BolgeXeber.Com » Bölgə » Kəmaləddin Heydərovun müavini qərargahın koordinatoru ilə görüşdü

Kəmaləddin Heydərovun müavini qərargahın koordinatoru ilə görüşdü

25-07-2011, 19:45
Oxunub: 5 252
Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevlə görüşüb.

Bolgexeber.com-un məlumatına görə, görüşdə O. Gülalıyev təmsil etdiyi qurumun fəaliyyəti və gördüyü işlər barədə nazir müavininə məlumat verib. Görüşün əsas müzakirə obyekti daşqın bölgəsindəki mövcud vəziyyət, eləcə də “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının bir müddət öncə Kür- Araz çaylarının daşqın və qrunt sularının təsirinə məruz qalmış bölgələrdə apardığı araşdırmalar və bu araşdırmalar nəticəsində hazırladığı hesabat ətrafında müzakirələr olub. Müzakirələr zamanı nazir müavini Orucəli Hacıyev “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəaliyyətini yaxından izlədiklərini qeyd edərək onların qaldırdıqları problemə təmsil etdiyi nazirliyin həmişə diqqətlə yanaşdığını bildirib. O, həmçinin FHN- nin cəmiyyət üçün açıq qurum olduğunu bildirərək nazirliyin rəsmi internet səhifəsində daşqınlarla bağlı xüsusi bölüm yaradıldığını qeyd edərək bütün mətbuat orqanlarının dəqiq məlumat əldə etmək üçün bu məlumatlara istinad etməsinin vacibliyini vurğulayıb.

Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev daşqınların təsirinə məruz qalmış vətəndaşların və “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının bu istiqamətdə qaldırdığı problemlərə FHN- nin həssaslıqla yanaşdığını qeyd edərək bu problemlərin həll olunmasını dövlətin ali məqsədlərindən biri olduğunu bildirib.

Görüşdə FHN- lə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı arasında başlanılmış əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə Fövqəladə Hallar Nazirliyinin digər məsul şəxsləri iştirak edib.

Qeyd edək ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının ardıcıl və sistemli fəaliyyəti, Kür daşqınlarının törətdiyi problemlər və problemlərin təsirinə məruz qalmış sakinlərin hüquqlarının müdafiəsi istiqamətində apardığı davamlı mübarizə artıq bir sıra dövlət orqanlarının da diqqətini cəlb etməkdədir.