BolgeXeber.Com » Bölgə » Əhməd Əhmədzadənin sağ əli Ağcabədidə meydan sulayır

Əhməd Əhmədzadənin sağ əli Ağcabədidə meydan sulayır

23-01-2014, 11:55
Oxunub: 3 614 Suvarma Sistemləri İdarəsinin rəisi Əli Əliyev kəndliləri təsərrüfat suyu ilə sınağa çəkir
Məhkumluq həyatı yaşadığı iddia edilən məmur kolxoz sədri işlədiyi vaxtlarda hansı nöqsanlara yol verib?


«Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinin (ASC) yerlərdə fəaliyyət göstərən idarələrində müxtəlif qanunsuz işlərin cərəyan etməsi yönündə dolaşan informasiyalar son vaxtlar daha kəskin şəkil alıb. Uzun illərdir ASC-yə rəhbərlik edən Əhməd Əhmədzadə tabeliyində olan rəis və digər vəzifəli şəxsləri törətdikləri qanundan kənar işlərə görə cəzalandırmadığından özbaşınalıq baş alıb gedir. Heç kim inkar edə bilməz ki, dövlət əhalinin suvarma sistemlərinə olan tələbatının ödənilməsi üçün tədbir görmür. Sadəcə, məmur özbaşınalığı səbəbindən bu gün bəzi rayonlarda vətəndaşların suvarma sistemləri ilə təminatı çox aşağı səviyyədədir. ASC-yə tabe olan Ağcabədi rayon Suvarma Sistemləri İdarəsində də sanki hərc-mərclik tüğyan edir.

Bu barədə redaksiyamıza məlumat verən mənbənin sözlərinə inansaq, idarənin rəisi Əli Əliyev heç nədən və heç kimdən çəkinməyərək rayonun suvarma sistemlərinin yenidən qurulması məqsədilə büdcədən ayrılan vəsaitləri mənimsəyir. Mənbə deyir ki, Ağcabədidə son illər kənd təsərrüfatı sahəsində məhsuldarlıq aşağı düşüb. Ki, bunun əsas baiskarı müəssisənin rəisidir: «Rayonda uzun illərdən bəri suvarma suyu problemi davam edir. Vətəndaşlar suvarma suyu olmadığından müxtəlif çətinliklə üzləşir. Buna görə də əkin sahələri vaxtında suvarılmır. Kəndli əziyyətinin qarşılığını görə bilmir. Subartezian quyularının qazılmasına ayrılan pullar təyinatdan kənar istifadə olunur. Kanallar lildən təmizlənmir. Bu kimi problemlər rayonda suvarma sistemləri sahəsini iflic vəziyyətə qoyub. İdarə rəhbəri deyir ki, guya ötən müddət ərzində 1300 kilometr suvarma, 431 kilometr drenaj kanalı lildən təmizlənib, 700 hektar sahənin suvarılmasını təmin edən 7,6 kilometrlik Hindarx kanalı bərpa edilərək istifadəyə verilib, rayon ərazisində 152 subartezian quyusu qazılıb. Deyilən məlumatlar həqiqəti əks etdirmir. İdarə rəisi bütün işləri kağız üzərində görür. Reallıqda isə heç bir iş aparılmır. Yəni büdcənin vəsaiti kimlərinsə cibinə axır. Əli Əliyev qanunsuz əməlləri ilə Ağcabədi Suvarma Sistemləri İdarəsini yaman günə qoyub. Nəcəfqulubəyli, Soltanbəyli, Xocavənd, Qaradolaq, Avşar, Qaravəlli kəndlərinin suvarma suyu ilə təchizatı tamam pis haldadır. Demək olar ki, yox səviyyəsindədir. Dünya Bankı tərəfindən ayrı-ayrı kəndləri əhatə edən 4569 hektar sahədə suvarma şəbəkəsinin bərpası işləri üçün ayrılan vəsaitlər bəzi məmurların əli ilə yeyilib». Mənbənin sözlərinə görə, idarəyə məxsus texnikalar rəis Əli Əliyevin göstərişi ilə şəxsi təsərrüfatlarda işlədilir, daha dəqiq desək, aylıq icarəyə verilir: «Ağcabədi Suvarma Sistemləri İdarəsi dövlət müəssisəsidir. Burda olan bütün texnika və avadanlıqlar dövlətin balansındadır. Rəis özbaşına olaraq idarəyə məxsus texnikaları ayrı-ayrı fermerlərə icarəyə verir. İdarə rəhbəri ancaq gəlirini artırmaq barədə fikirləşir. O, çoxdan idarəyə rəhbərlik edir. Müəssisədə dəhşətli maliyyə fıırıldaqları mövcuddur. Rəisin vəzifəsində yol verdiyi nöqsanlar kəndlilərə hər il ziyan vurur. Məmur sudan istifadə edən şəxslərdən külli miqdarda nəysə tələb edir. İdarə rəisinin ən böyük qazancı köhnə boruların yeniləri ilə əvəzlənməsi zamanı olur. O bu işləri görərkən xeyli gəlir götürür. Həyata keçirdiyi bir sıra qanunsuz əməllərə baxmayaraq, onun haqqında ASC rəhbərliyi tərəfindən heç bir tədbir görülmür. Əli Əliyev sanki toxunulmaz şəxsdir. Əhməd Əhmədzadə nəyə görə onun hərəkətlərinə göz yumur?» Əldə etdiyimiz məlumatda adıçəkilən məmurun keçmişdəki fəaliyyəti ilə bağlı çox ilginc faktlar açıqlanır: «Bu şəxs əvvəllər rayonun Hüsülü kəndində kolxoz sədri işləyib. Həmin dövrdə işində müxtəlif nöqsanlara yol verib və ağır şəkildə cəzalanıb. Deyilənə görə, idarə rəhbəri hansısa işinə görə bir müddət həbsdə də yatıb. O, Əhməd Əhmədzadənin kadrı, hətta sağ əli kimi tanınır. ASC rəhbəri Ağcabədi Suvarma Sistemləri İdarəsinə təmir işlərinin görülməsi üçün ayırdığı vəsaitləri rəislə birgə silir. Əli Əliyevin rayondakı dayaqları çox möhkəmdir.

Oğlu rayonun icra nümayəndəsidir». Qeyd edək ki, idarədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən araşdırılmalı olan yetərincə fakt var. İnanırıq ki, qurumun rəsmiləri bu yazını oxuyandan sonra Ağcabədi Suvarma Sistemləri İdarəsində yoxlamalara başlayıb rəisin fəaliyyətini araşdıracaqlar. Yəqin ki, bu zaman rəisə heç Əhməd müəllim də kömək edə bilməyəcək.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Gündəlik Bakı