BolgeXeber.Com » Bölgə » Qazaxda məmurlardan şəhid ailəsinə qarşı biabırçı hörmətsizlik -RƏZALƏT

Qazaxda məmurlardan şəhid ailəsinə qarşı biabırçı hörmətsizlik -RƏZALƏT

27-01-2014, 13:50
Oxunub: 2 570 Azərbaycanda bəzi məmurların sadə vətəndaşları incitməsi, onların hüquqlarının tapdalanması ilə bağlı faktlar qalmaqdadır

Əsasən bu proses mərkəzdən uzaqda, ucqar ərazilərdə daha çox baş verir. Redaksiyamıza müraciət edən Qazax rayonunun Quşçu Ayrım kənd sakini, şəhid anası Gülsəhər Məmmədova da bu cür özbaşınalıqlarla üzləşdiyini iddia edir. Xanım şikayətçi deyir ki, oğlu Şiddət Məmmədov Azərbaycan torpaqlarının ermənilərdən müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Hazırda həmin kənddə, ermənilərin ən çox atəşkəsi pozduğu ərazidə-Quşçu Ayrım kəndində yaşayır, əgər buna yaşamaq demək olarsa. Şəhid ailəsi oğlu ilə birlikdə neçə illərdir ki dağılmaqda olan evlərində bərbad vəziyyətdə yaşayır. 2007-ci ildə ailənin yaşadığı ev tamam yararsız vəziyyətə düşüb. Bununla bağlı o Qazax rayon İcra Hakimiyyətinə müraciət edib. Amma, bu günə qədər şəhid ailəsinin problemi ilə maraqlanan olmayıb.

İcra başçısı və icra nümayəndəsi təmir pulunu yeyib

Gülsəhər Məmmədova deyir ki, ölkə başçısının 2007-ci il 14 dekabr tarixli qərarı ilə Qazaxda əlillərə və şəhid ailələrinə mənzil problemlərinin həllində kömək göstərilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə vəsait ayrılıb və həmin vəsaitlə həmin ailələrin mənzil təminatının yaxşılaşdırılması tapşırılıb. Amma, vəsaitin ayrılmasına baxmayaraq şəhid ailəsinin mənzil problemi həll edilməyib. Şəhid anası həmin vəsaitin Qazax rayon İcra Hakimiyyəti və yaşadığı Quşçu Ayrım kənd icra nümayəndəsi Elman Əliyev tərəfindən mənimsənildiyini iddia edir: “Bütün şəhid ailələrinin evinin bərpasına kömək olundu. Bircə mənim evim bu qərardan kənarda qaldı. Həyat yoldaşım dünyasını dəyişib. Bir oğlum qalıb, gözümün ağı-qarası. İcraçı orqanlar da onun sözünə önəm vermirlər. Bir qohum-qardaşım yoxdur ki, qabağa düşüb haqqımızı araya. Özümdə qoca arvadam, ağzı üstə yeriyirəm. Bir neçə aya qədər yataq xəstəsiydim. İndi şükür Allaha ki, bir balaca dirçəlmişəm, çıxıb həyət-bacanı süpürə bilirəm heç olmasa”.
Ağır durumda və fiziki cəhətdən də agır vəziyyətdə olan şəhid ailəsi hazırda imdad diləyir. Deyir ki, ev hər an uçmaq təhlükəsindədir. Dəfələrlə icra hakimiyyətinə və digər əlaqədar qurumlara müraciət etsə də, nə kənd icra nümayəndəsi, nə də rayon rəhbərliyi onun yaşayış vəziyyətilə maraqlanmır: “Heç kəs gəlib bizə kömək etmək istəmir. Vətən yolunda gənc oğlumu qurban vermişəm, bunlar isə bizi ələ salır. Oğlum şəhid olub, bizi də qırmaq istəyirlər. Bizim məmurlar şəhidlərə beləmi qiymət verir? Gərək bir dəfə ev başımıza uça qalaq altında ölək, ondan sonra reaksiya versinlər. Bunlar belə istəyirlər. Neçə dəfə dəvət etmişəm ki, evimizə baxsınlar, yaşayış şəraitimizi görsünlər. Amma hələ heç kim gəlməyib. Yuxarılara şikayət etməyə adamım yoxdu. Bunlar da ondan arxayındılar ki, səs yuxarılara çatmayacaq, ona görə də bildiklərini edirlər. Hətta iş o həddə çatıb ki, artıq şəhid ailəsi üçün ayrılan vəsaiti də mənimsəyirlər”.



75 yaşlı şəhid anasının evi başına uçur

Gülhəsər xanım ailəsinin yaşadığı durum barədə də məlumat verib: “Mən və bir oğlum bir mətbəxdə yaşayırıq, suvağı yox, döşəməsi yox, damı yox.Vallah burada heç kim yaşamaz. Hörmətli prezidentimiz İlham Əliyevə dəfələrlə məktub ünvanlamışam, dəfələrlə Mehriban xanıma yazdım, teleqram vurdum. Bütün məktublarıma, teleqramlarıma cavab gəldi. Ancaq heç bir kömək olunmadı yenə də. Bir şəhid anası kimi mənim tələbim və xahişim odur ki, komissiya göndərilsin, yaşayışımıza baxış keçirilsin. Gəlsinlər görsünlər ki, mən hansı vəziyyətdə yaşayıram".
Şəhid anası deyir ki, şəraitsizlik üzündən heç kiçik oğlu Paşanı da evləndirə bilmir: “Kiçik oğlum Paşanın 35 yaşı var. Amma vəziyyətimiz ürək açan olmadığından, evimiz şəraitsiz olduğundan evləndirə bilməmişəm onu. Mən də bu gün sabahlığam. 75 yaşım var. Məndən sonra bu balama bir hayan lazımdı, ya yox? Qazaxda dağların ətəyində, erməni gülləsi altında kiçik bir kənddə hər şeydən təcrid olunmuşuq. Heç kim bizi görmək istəmir”.

Məmurlar qadına şəxsiyyət vəsiqəsi də verməyib

Gülsəhər xanım daha bir məmur məsuliyyətsizliyindən gileylənir. Bildirir ki, o hələ də şəxsiyyət vəsiqəsi ala bilməyib: “Bütün ölkə vətəndaşların SSRİ-dən qalan pasportları Azərbaycanın şəxsiyyət vəsiqəsi ilə əvəz olundu, amma mənim hələ şəxsiyyət vəsiqəm də yoxdur. Sonuncu dəfə 1967-ci ildə pasport almışam. O zaman kənddə camaata şəxsiyyət vəsiqəsi verəndə Qazax rayon icra hakimiyyətindən səlahiyyətli şəxslər gəlmişdilər. Mən idarəyə getmək istəyirdim ki, pasportumu dəyişdirim. Oğluma dedilər ki, qoca arvaddı, neynir vəsiqəni? Sabah nə bilirsən, nə olacaq? Qoy, oturduğu yerdə otursun. Mən də savadsız bir adamam, nə bilirəm elə şeyləri. Bir-iki dəfə deyib susdum. Ancaq indi görürəm ki, vəsiqə hökmən lazımmış. İndi kimin üstünə gedirəm, heç kim şəxsiyyəti təsdiq edən sənəd kimi qəbul etmir sovet dövründə qalma sənədi. Yuxarı dairələrə sual verirəm, budurmu, şəhid anasına, şəhid ailəsinə göstərilən diqqət və qayğı? Bir ana övladını ona görəmi şəhid verib ki, bu gün bu əziyyəti çəksin?”

Hazırda şəhid ailəsinin vəziyyəti həddindən artıq ağırdır. Nə normal dolanacaqları var, nə də normal yaşayış yerləri. Məmur özbaşınalığının əməlli-başlı qurbanına çevrilən şəhid ailəsi artıq “Azərbaycan vətəndaşı”, “Şəhid ailəsiyəm” deməyə utanır. Çünki rayonun məmur təbəqəsi şəhid ailəsini buna vadar edib.