BolgeXeber.Com » Bölgə » Gədəbəyin icra başçısı Ramiz Yediyarov kimə güvənir?

Gədəbəyin icra başçısı Ramiz Yediyarov kimə güvənir?

28-01-2014, 09:25
Oxunub: 3 639 Gədəbəydə məmur özbaşınalığı ağır durum yaradıb

Yerli idarə və müəssisələrin rəhbərləri vətəndaşları süründürməçiliyə məruz qoyur.Ölkənin ucqar rayonlarından biri də Gədəbəydir. Dağlarla əhatə olunan rayonda vətəndaşların əsas dolanışıq yeri təsərrüfat işləri ilə bağlıdır. Yerli sakinlər heyvan sürüləri saxlamaqla və kartof əkməklə gəlir əldə etməyə çalışırlar. Ona görə «çalışırlar» deyirik ki, bəzi məmurlar zətmətkeş insanların halal yolla pul qazanmasına imkan vermirlər. Keçən saylarımızda da vurğuladığımız kimi, Gədəbəydə məmur özbaşınalığı insanları narahat edən problemlərin başında gəlir.

Gundelik-baku.com bildirilir ki, Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ramiz Yediyarov, bələdiyyələrin sədrləri, üzvləri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsinin vəzifəli şəxsləri camaata əlavə problemlər yaradır. Adının çəkilməsini istəməyən mənbə vurğulayır ki, icra hakiminin iştirakı ilə rayonun ərazisində kəndlilərə məxsus olan pay torpaqları ayrı-ayrı iş adamlarına satılır: «Ramiz Yediyarova qədər işlər qaydasında gedirdi. Elə ki, başçımız dəyişdi, günümüz qaraldı. Pay torpaqları və örüş sahələri satışa çıxarıldı. Buna etiraz əlaməti olaraq bələdiyyə orqanlarına və icra hakimiyyətinin nümayəndələrinə şikayətimizi bildirsək də, bizə qulaq asan yoxdur. Gədəbəy sanki bir qrup məmurun arasında bölüşdürülüb. Hara müraciət ediriksə, nəticəsi olmur. Rayonda sosial durum yaxşı deyil. Yerli məmurlar əhaliyə zülm verir. Bildiyiniz kimi, rayonda kartofçuluq geniş yayılıb. Camaat bu yolla ailəsini saxlayır. Məhsuldar torpaq sahələri başçının adamları tərəfindən zəbt olunub. Deyilənə görə, türkiyəli iş adamları Arıqıran, Çayrəsulla, Arısu və Yenikənd kəndinin ərazisindəki hektarlarla torpaq sahəsini satın alıblar. Türkiyəli biznesmenlərin burda kartof sahəsi əkib-becərəcəyi deyilir. Yerli sahibkarların sıxışdırılması fonunda başçı kənardan gələn biznesmenlərə münbit zəmin yaradır. Biz demirik, kimsə burda iş görməsin. Amma hər şey qayda-qanunla aparılsa, daha gözəl olar. Qanunvericiliyə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Ramiz müəllim isə qanuna əhəmiyyət vermir». Söhbət zamanı öyrəndik ki, ayrı-ayrı bələdiyyə sədrləri və torpaq şöbəsinin əməkdaşları müxtəlif vətəndaşların uzun müddət istifadəsində olan təsərrüfat hesablı torpaqları saxta sənədlərlə başqalarına satırlar: «Gədəbəydə bir torpaq sahəsinin beş sahibi var. Bələdiyyələr qanunsuz iş görür. Torpaq şöbəsinin məsul əməkdaşları bələdiyyə sədrləri ilə qabaqcadan razılıq əldə edərək istifadədə olan torpaqları sənədləşdirib başqa şəxslərə satırlar. Münbit yerlərdə torpağın bir sotu 2-3 min manat civarındadır. Ramiz Yediyarov rayonu biabırçı hala salıb. Hər sahədə problem mövcuddur. Uşaq bağçalarında vəziyyət daha kritikdir. İcra hakimiyyətinin balansında olan məktəbəqədər tərbiyə müəssisələrinə «hörmətsiz» və tapşırıqsız uşaq qoymaq mümkün deyil. Bağça müdirləri qanunlara istinad edərək uşağını bağçaya qoymaq istəyən vətəndaşlara əsassız bəhanələr gətirirlər. Deyirlər ki, hər qrup üçün 18 nəfər uşaq nəzərdə tutulub. Halbuki, elə bağçalar var ki, hər qrupda 30 uşaq oxuyur. Gədəbəy rayon Məşğulluq Mərkəzinin fəaliyyəti də ürəkaçan deyil. İşsiz insanlar üçün dövlət tərəfindən müəyyən edilən müavinətlər mərkəzin rəhbərliyinə daxil olan şəxslər tərəfindən mənimsənilir. Rayonda yüzlərlə işsiz gənc var. Buna rəğmən, Məşğulluq Mərkəzi onları məsləhətli işlərə yönəldə bilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən danışmağa dəyməz. Aztəminatlı ailələr aylarla süründürməçiliyə məruz qalır. Nazirin dəyişməsi belə qurumun işinin düzəlməsinə təsir etməyib. Əvvəllər olduğu kimi, yenə də ünvanlı sosial yardım almaq istəyən vətəndaşlar bunun altı ayını mərkəzin direktoruna bağışlamalıdır. Səhiyyə, təhsil, maliyyə, mədəniyyət sektoru da bərbad haldadır. Bunun tək günahkarı var, o da icra hakimidir. Başçı yerli idarə və müəssisələrin rəhbərlərindən hər ay nəysə istəməsə, belə özbaşınalıq olmaz. Ramiz Yediyarovun öhdəsindən sanki heç kim gələ bilmir. Hansı vətəndaş ondan rəsmi instansiyalara şikayət edəcəyini bildirirsə, başçı «mənim adamım var, heç kimdən qorxum yoxdur. Hara istəyirsiniz şikayət edin» cavabını verir». Biz RİH başçısının arxasında kimin dayandığını, onun hansı vəzifəli şəxs tərəfindən himayə olunduğunu bilmirik. Ramiz Yediyarova demək istəyirik ki, kimin adamı olursan-ol, bu ölkənin bir prezidenti var. Onun qəbul etdiyi qərarlar müzakirə edilməzdir. Əgər prezident sizi vəzifədən çıxarmaq istəsə, arxanızdakı adam heç nə ilə kömək edə bilməyəcək. Odur ki, işinizi düz-əməlli görün və gədəbəyliləri incitməyin.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.

«Gündəlik Bakı»