BolgeXeber.Com » Şou-Biznes » “Fahişəlik etməmişəm”– Təranə Səmədovadan şok açıqlamalar - VİDEO

“Fahişəlik etməmişəm”– Təranə Səmədovadan şok açıqlamalar - VİDEO

1-12-2015, 21:06
Oxunub: 8 420 “Fahişəlik etməmişəm”– Təranə Səmədovadan şok açıqlamalar - VİDEOYol polisi tərəfindən sərxoş halda saxlanılan xanım prodüserin müdafiəsinə qalxanlar var

Prodüser-aparıcı Təranə Səmədovanın sərxoş vəziyyətdə avtomobil idarə edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılması sosial şəbəkələrdə və mediada hələ də ciddi müzakirə olunur. Yayılan kadrlardan da göründüyü kimi T.Səmədova sükan arxasına içkili vəziyyətdə əyləşdiyi və yol-hərəkət qaydalarına riayət etmədiyinə görə yol polisi tərəfindən saxlanılıb.

Özünə hər vəchlə haqq qazandırmağa çalışan sərxoş xanım aqressiv hərəkətləri və kobud ifadələrlə polisləri təhqir etməkdən çəkinməyib. Bununla bağlı kadrlar bir sıra televiziya kanallarında ictimaiyyətə təqdim olunub.
“Fahişəlik etməmişəm”– Təranə Səmədovadan şok açıqlamalar - VİDEO
Beləliklə prodüser-aparıcı çoxlu sayda tənqidlərə tuş gəlib. Buna baxmayaraq, prodüserə haqq qazandıranlar da oldu.

Jurnalist Qənirə Ataşova bu məsələdə polisləri qınayıb. O, bununla bağlı sosial şəbəkədə yazıb: “Düzdür, böyük ehtimalla o, qanunu pozub, amma polis ona qarşı çox kobud davranıb. Adam yalvarıb deyir ki, buraxın, oturacam. Amma polis əməkdaşı kobudluğundan qalmır. Bir qadına qarşı göz önündə bunu edənlər görün dalda nələr edir. Məncə, o polislər də məsuliyyətə cəlb olunmalıdır. Təranə də haqqını məhkəmədə axtara bilər. Qanunla Təranə yerindəcə cərimələnməli idi. Onu kameraya çəkib şəxsiyyətini alçaltmaq nəyə gərək idi? Ora gəlib qapını açmayan kişi isə sağ olsun. Kim olduğunu özü göstərdi”.

Qənirə Ataşova içki içən qadınları da qınayıb: “Son olaraq bildirirəm ki, bizim qadınlara siqaret və içki yaraşmır. Gül kimi dəyərlərimiz var. Onları qoruyaq”.

Musavat.com-a danışan Təranə Səmədova olanlara bu cür münasibət bildirdi: “Məsələnin bu qədər qabardılacağını güman etmirdim. Hər kəsin şəxsi həyatı var. Məni qınayanlara sadəcə gülməyim tutur. Nə səhv etmişəmsə, cəzamı özüm çəkəcəm, başqaları niyə narahat olur? Fahişəlik etməmişəm. Barəmdə nə lazımdısa, qanunla tətbiq olunacaq, mən də hər bir vətəndaş kimi bu qərara riayət edəcəm”.

Təranə Səmədova onu qınayan həmkarlarına da cavab ünvanlayıb: “Mənimlə bağlı olan kadrları verməklə reytinq qazandılar. Bir daha əmin oldum ki, adımla bağlı xəbərlər reytinq verir”.

Qeyd edək ki, prodüser Təranə Səmədova bir müddət bundan öncə “Space” telekanalında “Hələ bu harasıdır” verilişinin aparıcısı olub.

Media eksperti Zeynal Məmmədli media nümayəndələrinin bu cür addımlarını “fürsət tapıb, rəqibi aşağılamaq” adlandırıb: “Bu, Azərbaycan jurnalistikasının faciəsidir. Hazırda elə önəmli məsələlər var ki, onlar yayımlanmır, amma bu cür mənasız kadrlar ictimaiyyətə təqdim olunur. Əksərən bu cür məqamlarda əsas məqsəd ölkədə baş verən hadisələrlə bağlı ictimaiyyətin fikrini yayındırmaqdır...

Aparıcının aparıcı haqqında məlumat yayması daha çox diqqət çəkmək, kommersiya marağı, reytinq uğurunda mübarizədir. Hətta belə olmasa da kənardan bu cür təsir bağışlayır.

Peşəkar jurnalist fikirləşməlidir ki, onun ortalığa qoyduğu məsələ ictimaiyyət üçün nə dərəcədə əhəmiyyətli ola bilər, ictimai məqam nədir, insanlar ondan bilik və tərbiyə barəsində, o cümlədən digər məsələlərlə bağlı nə öyrənə bilər? Bu, nə üçündür, insanların stress atması, öz dərd və kədərlərindən ayrılması üçünmü? Bu suallara cavab tapılmalıdır”.

Z.Məmmədli prodüser-aparıcının sərxoş vəziyyətdəki kadrlarına da münasibət bildirib: “Mən o kadrları görməmişəm, buna görə ümumi olaraq məsələni səciyyələndirməyə çalışıram. O xanım fərqində olmalıydı ki, ictimaiyyətdə müəyyən nüfuza malikdir. Buna görə hər zaman diqqət mərkəzində qaldığını və hərəkətləri ilə ictimaiyyətdə neqativ baxışlar yarada biləcəyini gözə almalı idi. Bir də ki, bəziləri daima gündəmdə qalmaq istəyir və bunun üçün bu cür neqativ materialların verilməsi gərək olur”.

Avtomobili cərimə meydançasına aparılan prodüser barəsində hansı tədbir görüləcəyi ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı.

Onu da əlavə edək ki, İnzibati Xətalar Məcəlləsinin 152-1.1. maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə üç yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.


Musavat.com