BolgeXeber.Com » Şou-Biznes » “Kamran və bacısı ailəmizdə soyuqluq yaratdı" - Samirin keçmiş xanımı

“Kamran və bacısı ailəmizdə soyuqluq yaratdı" - Samirin keçmiş xanımı

1-04-2016, 16:43
Oxunub: 3 660 “Kamran və bacısı ailəmizdə soyuqluq yaratdı" - Samirin keçmiş xanımı“SAMİR MƏNƏ QULAQ ASMIRDI, HƏR GÜN AĞLAYIRDIM”

Müğənni Samir Piriyevlə şoumen Kamran Həsənlinin pul qalmaqalına ifaçının keçmiş həyat yoldaşı Yeganə münasibət bildirib.

Axşam.az-a açıqlama verən Yeganə xanım sənətçinin həqiqətən də aparıcıya 115 min pul verdiyini deyib:

“Hər kəsə məlumdur ki, Samir Piriyevlə evlilik həyatımız elə də uğurlu alınmadı. Münasibətlər nə evlilik dönəmində, nə də indi istidir. Bir gün Samir evə gələndə söylədi ki, Kamran Həsənli ona Türkiyədə biznes qurmağı təklif edib. Mən Samirə dedim ki, “Kamran Bakıda yaşayan adamdır. Türkiyədə nə biznes quracaq ki?”. Samir dedi ki, Gülər (Kamran Həsənlinin bacısı – red.) Türkiyədədir. Biznesə Gülərin özü nəzarət edir.

Həmin gündən bizim evdə söz-söhbətlər başladı. Mən Kamrana pul verilməyin tam əleyhinə idim. Əmin idim ki, bu işdə başqa bir məsələ var. Kamran hər gün bizə gələrək, guya hansısa biznes planlar barədə danışırdı. Türkiyəyə zəng edirdi, Samiri Gülərlə danışdırırdı. Həmin ərəfələrdə evdə olan 35 min dolları mənim yanımda Kamrana verdi. Qalanını da yaxın zamanda verəcəyini söylədi".

“SAMİR MƏNƏ QULAQ ASMIRDI, HƏR GÜN AĞLAYIRDIM”

Yeganə S.Piriyevlə bu məsələyə görə mübahisələr etdiyini söyləyib:

“Kamran bizim evdən çıxar-çıxmaz evdə davalar başladı. Mən Samirə heç cürə başa sala bilmədim ki, sən bu pulu zülmlə qazanmısan, Kamran Həsənli kimdir ki, onunla biznes qurursan. Bacı-qardaş Samiri elə ələ almışdılar ki, mənə qulaq asmırdı. Mən söz söyləyəndə, elə bil ona düşmən nəsə deyirdi. Ailəmizdə çox güclü soyuqluq yarandı. Samir artıq mənə qulaq asmırdı. Hər gün ağlayırdım. Kamran və onun bacısı bizim ailədə elə vəziyyət yaratdılar ki, Samir sözün əsl mənasında bunlardan başqa heç kəsə inanmırdı. Əmin idim ki, bu biznes məsələsi absurd işdir. Samirin bütün pullarını mənimsəyəcəklər”.

"MƏNİM SAMİRLƏ MÜNASİBƏTİM ÇOX PİSDİR, AMMA..."

O, aparıcı və bacısının S.Piriyevdən 115 min dollardan əlavə də pul istədiyini iddia edib:

“Samir Kamrana qalan 80 min dolları təqdim edəndən sonra Türkiyəyə getdi. Gülər 125 min də pul istədi və dedi ki, 115 min dollarla bu iş düzəlmir. O zaman Samir verdiyi pulu geriyə istəyib. Cavabında “pul yoxdur” eşidəndə, Samir başa düşdü ki, “çox təəssüf, pul əldən getdi”. Mən Samirə onda da dedim ki, hüquq mühafizə orqanlarına şikayət et. Samir deyirdi ki, mənə yaraşmaz, o da incəsənət adamıdır, qaytaracaq. Bundan sonra bizim evlilik həyatımız sözün əsl mənasında cəhənnəmə döndü. Davalar, qırğınlar hər gün davam edirdi. Düzdür, bu gün mənim Samirlə münasibətlərim çox pisdir. Amma bir insan kimi borcumdur deyim ki, bəli, həmin pulları Kamrana Bakıda verib. Mənə bu gün də maraqlı deyil, Kamran o pulu qaytaracaq ya yox. Çünki nə Samir, nə də Kamran barədə heç nə eşitmək istəmirəm”.

Yeganə K.Həsənlinin “Samir Piriyevin keçmiş həyat yoldaşı şahid kimi istintaqa dəvət olunub, amma gəlmədi” sözlərinə münasibət bildirib:

“Bu ağ yalandır. Mən düşmənim də olsa, istintaqa dəvət edəndə düzünü söyləyəcəm. Bu mənim vətəndaşlıq borcumdur. Kamran Həsənli, bu hadisələri yada salmaq, mənim üçün çox ağırdır. Çünki o adamın bu hərəkətlərinə görə həyatımda çox stresli günlər yaşamışam”.
Bolgexeber.com