BolgeXeber.Com » Şou-Biznes » Meyxanaçılar qafyələrinə

Meyxanaçılar qafyələrinə

16-07-2012, 19:15
Oxunub: 11 817 Məşhur «Tı kto takoy? Davay, do svidaniya» ifadəsinin və eyni meyxana qafiyəsinin müəllifləri İntiqam və Ehtiram Rüstəmov qardaşları bu ifadəyə görə müəlliflik hüququ almaq niyyətindədirlər.

Bu barədə «APA-ECONOMICS»ə İntiqam Rüstəmov bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda bununla bağlı Azərbaycan Müəllif Hüquqları Agentliyinə müraciət edib «Tı kto takoy? Davay, do svidaniya» ifadəsinə müəlliflik hüququ almağı planlaşdırırlar.

Uğurlu ifadələrdən istifadənin gəlir gətirdiyi barədə məlumatlı olduğunu bildirən İ.Rüstəmov qeyd edib ki, müəlliflik hüququnu təsdiqlətməkdə məqsəd də bu ifadələrin sonrakı istifadəsindən patent gəliri əldə etməkdir: «Bu, mənim zəhmətimin məhsuludur, əziyyət çəkib o meyxananı yaratmışam və fikrim var ki, onu qeydiyyatdan keçirim və onun istifadəsindən gəlir də əldə edim».

İ.Rüstəmov bu ifadədən indiyədək reklam məqsədilə istifadə edən təşkilatlardan müəyyən kompensasiya alınması barədə iddia qaldırıla biləcəyini də istisna etməyib.

Qeyd edək ki, artıq bəzi biznes qurumları «Tı kto takoy? Davay, do svidaniya» ifadəsindən reklam məqsədilə istifadəyə başlayıblar. Azərbaycanın aparıcı banklarından olan «Unibank» ASC yeni xidmətinin reklamı üçün məhz bu ifadədən istifadə edib. Bankın tətbiq etdiyi yeni «Zaminsiz kredit» məhsulunun reklam mətni «Zamin, Tı kto takoy? Davay, do svidaniya»ifadəsi ilə başa çatır.

Bankdan «APA-ECONOMICS»ə verilən məlumatda bu ifadənin reklama uğur gətirdiyi və reklamın böyük populyarlıq qazandığını bildiriblər. Belə ki, adı çəkilən reklamı internetdə rekord sayda - 293 546 nəfər oxuyub. Onlardan 3750 nəfəri «Facebook»da bu mətni bəyəndiyini bildirib («Like» edib), 345 nəfər şərh edib, 493 nəfər isə reklamı yenidən öz səhifəsində yayımlayıb. Başqa sözlə, «Facebook»dakı hər 4 azərbaycanlıdan biri bu reklamla tanış olub.

Müqayisə üçün bildirək ki, bankın buna qədərki reklamlarının oxunma səviyyəsi 8-10 min arasındadır. “Unibank” belə populyarlıqda yuxarıda adı çəkilən ifadənin rolunun olduğunu təkzib etmir. Ondan istifadəyə görə icazə alınıb-alınmamasına gəlincə, bankdan bildirilib ki, hələlik bu ifadə üzərində müəlliflik hüququ rəsmi qaydada heç kimə məxsus olmadığına görə ondan istifadə üçün heç kimdən icazə alınmayıb və vəsait ödənilməyib. Maraqlıdır ki, reklamda istifadə olunan obraz da Rüstəmov qardaşlarına oxşayır.