BolgeXeber.Com » Sosial » Yarmarka, yoxsa təzə bazar?

Yarmarka, yoxsa təzə bazar?

18-03-2014, 09:40
Oxunub: 6 239 Mövsümi alqı-satqı mərkəzlərində qiymətlər od tutub yanır

Dövlət başçısının kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərəncamdan irəli gələn məsələlərin icrası məqsədilə paytaxtımızda keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları ən müasir standartlara uyğun və yeni qapalı formada qurulacağı, daha səmərəli təşkil olunacağı, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin yaradılacağı deyilsə də, təəssüf ki, ötən bayramlarda olduğu kimi, bu mövsümdə də bir sıra istisnaların, daha doğrusu, xoşagəlməz halların şahidi oluruq. Düzdür, ictimai iaşənin təşkili, müvafiq qaydada sanitar norma və qaydalara riayət olunması və əhalinin rahatlığı üçün hər cür şəraitin yaradılması builki yarmarkaları digərlərindən fərqləndirir.

Amma təəssüf ki, nöqsanlar kifayət qədərdir. Qeyd edək ki, qarşıdan gələn bayramda əhalinin hər növ ərzaq və kənd təsərrüfatı malları ilə təmin olunması, bazardakı qiymətlərdən daha ucuz və keyfiyyətli məhsul əldə etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi artıq 3 gündür paytaxtın müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkalarını təşkil edib. Yarmarkalar Yasamal rayonu Akim Abbasov küçəsi, İran klinikasının yanında, Nərimanov rayonu «Gənclik» metrostansiyası, stadionun yanında, Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyətində, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, "Günəş" Ticarət Mərkəzinin yanında, Nəsimi rayonu «Təzə bazar»ın ərazisində, Səbail rayonu Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanında təşkil olunub.

Novruz bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatı təmin olunaraq, seçim imkanları artıb, amma süni qiymət artımının qarşısı alınmayıb. Məsələ burasındadır ki, bəzi yarmarkalardakı qiymətlər bazardakından fərqlənmir. Əvvəllər belə yarmarkalar paytaxtın bütün rayonlarında təşkil olunurdu. Lakin indi yarmarkalar bütün rayonlarda deyil, yalnız bəzi ərazilərdə təşkil olunur. Amma kənd təsərrüfatı məhsullarının satıldığı bəzi yarmarkalarda qiymət adi bazarlardan fərqlənmir. Bəzi sakinlərlə söhbətlərimiz, apardığımız müşahidlər zamanı məlum oldu ki, bir sıra yarmarkalarda satılan məhsulların qiymətləri adi bazarlardan heç də ucuz deyil. Əksinə, bəzi bazarlarda satılan məhsullar yarmarkalardan ucuzdur. Məsələn, yarmarkalarda pomidorun kiloqramı 1,50 qəpiyə satılırsa, adi bazarlarda bu 1,40 qəpikdir. Müqayisə üçün bildirək ki, rayonlarda pomidorun kiloqramı 1-1,20 qəpikdir. Beləliklə, paytaxtın bəzi yerlərində təşkil olunan yarmarkalardakı qiymətləri təqdim edirik. Pomidor 1,50 qəpik, badımcan 80 qəpik, bibər 70-80 qəpik, soğan 70 qəpik, kartof 0,90 -1 manat, üzüm 2,5 manat, mal əti 7,5 manat, qoyun əti 10 manat, yumurta 10-11 qəpik, pendir 7-9 manat. Müqayisə üçün bazarlarda satılan eyni məhsulların qiymətini öyrəndik. Məlum oldu ki, pomidor 1,30-1,40 qəpik, badımcan 70-80 qəpik, bibər 70-90 qəpik, soğan 70-90 qəpik, kartof 80-90 qəpik, üzüm 2,50-3 manat, mal əti 7,5 manat, qoyun əti 10 manat, yumurta 10-12 qəpik, pendir 6-8 manat. Müşahidələrimiz zamanı məlum oldu ki, bu səbəblərdən də bəzi yarmarkalarda alıcı qıtlığı hiss edilir. Çünki bəzi yarmarkalarda alıcıların az olduğunu gördük. Bunun səbəbini satıcılardan soruşduqda, cavab da qəribə oldu: «Camaatın işi-gücü qurtarıb ki, durub yarmarkaya gəlsin? Elə evlərinin yanından istədiklərini alırlar da. Gələnlər də qiymətin baha olduğunu görüb geri qayıdırlar».

Bəzi satıcılar isə bildirdilər ki, məhsulları "optovoy”dan neçəyə alırlarsa, onun üstünə bir az pul qoyub satırlar. Üstəlik, yerpulu da verirlər. Düzdür, qiymətlər adi bazardan az olur, amma yenə də burada alver onlara sərf etmir. Satıcıların sözlərinə görə, onları yarmakarlarda məhsul satmağa yerli icra orqanları məcbur edir. Maraqlıdır ki, bəziləri məhsullarını birbaşa yarmarkaya çıxarmağa imkanlarının olmadığından şikayətlənir. Onlar iddia edirlər ki, məhsulları özləri satmaq istəsələr də buna imkan verilmir, müxtəlif əngəllər törədilir. Qeyd edək ki, əslində yarmarkalarda yalnız fermer və kəndlilər öz məhsullarını satmalıdır. Amma paytaxtda təşkil olunan yarmarkalarda xüsusi satıcılar üstünlük təşkil edir. Görünür, bu da kimlərəsə sərf etmir. Müşahidələr göstərir ki, bəzi fermerlər, əkinçilər məhsullarını birbaşa yarmarkalara çıxara bilmir. Məhz bu səbəbdən də bəzi yarmarkalarda satıcıların çoxu fermerlər deyil, sadə dillə desək alverçilərdir.

Onlar məhsulları topdansatış qiymətə alıb, satırlar. Əslində yarmarkalarda məhsulun satılması üçün yer haqqı tələb olunmamalıdır. Deməli, bu məsələdə də inhisarçılıq mühüm rol oynayır. Problem monopoilyanın mövcudluğundadır. Elə bu bayram ərəfəsində yarmarkalara marağın azalması da qiymətlərlə bağlıdır. Bayramla bağlı müvəqqəti təşkil olunan alqı-satqı mərkəzlərindəki qiymətlərə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nəzarət edir.



Pərviz VAHİDOĞLU