BolgeXeber.Com » Sosial » Lisenziya İdarəsi sürücüləri boğaza yığıb

Lisenziya İdarəsi sürücüləri boğaza yığıb

3-07-2010, 14:45
Oxunub: 7 501
Elçin Əliyevin başçılıq etdiyi qurum yalnız pul yığmaqla məşğuldur

Son dövrlər nəqliyyat sistemində bir çox dəyişikliklərin olacağı barədə xəbərlər yayıldı. Hətta Nəqliyyat Nazirliyi bununla bağlı külli miqdarda vəsait xərcləyərək, xüsusi bir sistemin qurulmasına nail oldu. Avtobuslar təzələndi, taksilərin qanuni şəkildə işləməsi üçün bəzi addımlar atıldı. Amma sonradan məlum oldu ki, bəzi rəsmilər vəziyyətdən sui-istifadə edərək, daha artıq pul qazanmaq üçün yeni planlar qurublar.

Məlumdur ki, 3-cü mikrorayon dairəsinin yaxınlığındakı avtovağzal ləğv olunduqdan sonra bütün beynəlxalq və şəhərlərarası marşurutlar yeni avtovağzaldan hərəkət etməyə başladı. Müasir tələblərə cavab verən və dünya standartlarına uyğun olan bu yeni avtovağzal və 20 Yanvar metrosu yaxınlığındakı şəhərlərəarası taksilər olub əsl gəlir mənbəyi. Bununla bağlı apardığımız araşdırmalar isə elə bir mənzərəni ortaya qoyub ki, adam anı matı-mutu quruyur.

Belə ki, Nəqliyyat Nazirliyinin Lisenziya İdarəsi və onun rəhbəri Elçin Əliyev ikinci Nəqliyyat Nazirliyi yaratmağa başlayıb. Səbəbsiz yerə belə bir fikir işlətmədik. Yazacaqlarımızdan açıq şəkildə görəcəksiniz ki, həqiqət əslində elə dediyimiz kimidir. Bildirək ki, Elçin Əliyev sabiq baş komissar, hazırda Səlyan rayon İcra Hakimiyyətinin başçısı olan Əliağa Hüseynovun kürəkənidir. Məhz qayınatasının sayəsində belə bir yüksək vəzifəyə sahib olan Əliyev Lisenziya İdarəsinə rəhbər təyin olunandan sonra əsl yığım kampaniyası başlayıb. Belə ki, Elçin Əliyev köhnə avtlvağzal ləğv edildikdən sonra yeni avtovağzalı əlinə keçirməyə başlayıb. Bu azmış kimi, mikroavtobusların xəttədn çıxarılması barədə göstərişin olmasına rəğmən Elçin Əliyev «Binə», «Sədərək» və «20 Yanvar» ətrafında yeni avtovağzallar salmağa başlayıb və orada öz bildiyini etməkdədir. Amma onun hərəkətləri bununla bitmir.

Nəzərinizə çatdıraq ki, hal hazırda Lisenziya İdarəsinin 11 regional şöbəsi var. Hərçənd onların adları mövcuddur. Özləri barədə məlumatı olansa yoxdur. Elçin Əliyev yaradılan bu şöbələrin bütün işlərini öz görür və bunun hesabını da kimsəyə vermir. Eyni zamanda, onların vasitəsi ilə külli miqdarda pul qazanmaqla məşğuldur.

Qeyd edək ki, hal hazırda regionlardan Bakıya təkcə avtobuslar deyil, həmçinin fərdi minik avtomobilləri ilə sərnişin daşıyan taksilər də işləyir. İlk baxışdan elə görünür ki, bunlar hamısı qanuni şəkildə tənzimlənir və onlardan kimsə haqq almır. Amma vəziyyət tamam başqadır və Elçin Əliyevin öz qanunları var. Belə ki, regionlardan Bakıya gələn taksilərin sayı təqribən 1500-ə yaxındır. Köhnə avtovağzal deyilən ərazidə vaxtaşırı rayonlara sərnişin daşıyan bu maşınların qazandıqlarının yarası demək olar ki, Lisenziya İdarəsinin rəhbərinin cibinə gedir. Xatırladaq ki, həmin maşınlardan 300-ə yaxını Aran bölgəsinə, Azneft meydanından 300-ə yaxın maşın Salyan-Neftçala zonasına, «Velotrek»in önündən 550-600-a yaxın maşın Gəncəbasar bölgəsinə, bir o qədəri Qarabağ bölgəsinə yola düşür. Bundan başqa, 20 Yanvar metrosunun yaxınlığında yerləşən Ailə Sağlamlıq Mərkəzinin qarşısından isə 200-ə yaxın maşın Cənub bölgəsinə hərəkət edir. Qəribə burasıdır ki, Elçin Əliyevin adamları hər bir maşından 40-50 manat pul alır. Və bunun dövlət rüsumu olduğunu düşünmək isə yersizdir. Çünki xətt üzrə hərəkət edən maşınlar üçün nəzərdə tutulmuş aylıq rüsum 10 manatdan baha deyil. Orta hesabla hər ay 70 min manat qazanc əldə edən baş komissarın kürəkəni buna görə, hər hansı bir məsuliyyət daşıya biləcəyini belə düşünmür. Eyni zamanda, alınan vəsaitlərin dövlət büdcəsindən yayındırılması da artıq bir reallıqdır.

Onu da bildirək ki, bu qiymətlər yalnız fərdi avtomobillər üçün nəzərdə tutulur. Avtobuslarda isə qiymətlər 5 qat artıqdır. Və hər bir avtobus hərəkətə başlamamışdan öncə haqqını verməlidir ki, sərnihşinləri mənzil başına çatdırsın.

Hələ bir müddət əvvəl şəhərdə böyük bir qalmaqal yaranmışdı. Həmin qalmaqala səbəb Nəqliyyat Nazirliyinin Lisenziya İdarəsinin paytaxtda guya qayda-qanun yaratmaq məqsədi ilə lisenziyası olmayan taksi və maşınların taksi fəaliyyəti ilə məşğul olmasını önləmək üçün imiş. Həmin vaxt Lisenziya İdarəsinin əməkdaşları, əslində Elçin Əliyevin adamları maşınların dövlət nömrə nişanlarını açmaqla məşğul idilər. Sürücülər də şikayət edirdilər ki, sözügedən qurumun əməkdaşları bunu qeyri-qanuni edirlər. Ancaq Elçin Əliyevin planında başqa məsələlər vardı və daha artıq pul qazanmaq üçün imkanlar yaranmışdı. Belə ki, onun təşəbbüsü ilə hər bir maşının dövlət nömrə nişanı açılaraq, Lisenziya İdarəsinə gətirilirdi. Nömrəni geri almaq üçün tələb olunan rüşvət isə minik avtomobilləri üçün 50 manat, texpasportu geri almaq isə 100 manat olub. Avtobuslarda bu rəqəm texpasport üçün 100 manat, nömrə üçün 250 manata bərabər olub. Həmin məbləği tələb edənlər pulu verməyənləri günlərlə nazirliyin qarşısında saxlayırlar ki, bundan bezən sürücülər də məcbur olaraq borc-xərc də olsa həmin pulu düzəldib verirlər. Hərçənd bununla bağlı edilən şikayətlərə isə məhəl qoyan yoxdur.

Bu əsnada onu da bildirək ki, hal hazırda Bakıda 5-7 min arasında taksi fəaliyyəti ilə qeyri-qanuni məşğul olan maşınlar var. Əslində, onlar dövlət rüsumu ödəməklə bu fəaliyyət növü ilə məşğul ola bilərlər. Amma Elçin Əliyevin başçılıq etdiyi qurum yeni bir qayda çıxarıb. Həmin qaydaya əsasən hər bir taksi maşını lisenziya almaq üçün 400 manat haqq ödəməlidir. Lisenziya kartlarına belə bir qiymət qoyulduğundan taksi sürücülərinin yalnız 15-20 faizi həmin sənədi əldə etmək imkanına sahib olublar. Yerdə qalanlara isə nə lisenziya, nə də lisenziya kartı verilməyib. Sadəcə, onlara qarşılıq olaraq hər ay 40 manat haqq ödənilməsi tələb olunub ki, bununla da sürücülər məcburiyyətdən barışıblar. Halbuki lisenziyanın qiyməti illik 110 manatdan baha deyil.

Təbii ki, bütün bunların bir səbəbi olmalıdır. Yəni, Elçin Əliyevin yəqin ki, başqa bir problemi və ya layihəsi var ki, bu qədər vaəsaiti yığmaq üçün çalışır. Apardığımız araşdırma nəticəsində belə məlum olub ki, Nəqliyyat Nazirliyinin Lisenziya İdarəsinin rəisi Elçin Əliyevin Dubayda böyük bir biznesi var. Belə ki, o, hal hazırda Dubay şəhərində otel tikdirir. Yığdığı vəsaiti də məhz həmin istiqamətə sərf edir ki, otelin tikintisini başa çatdırsın. Hər ay iki dəfə sözügedən şəhərə yollanan sabiq baş komissarın kürəkəni bu ilin sonuna kimi otel tikintisini başa çatdırmaq istəyindədir.

Bildirək ki, sabiq baş komissarın kürəkəni təkcə bununla kifayətlənməyib, başqa vasitələrə də əl atmağa başlayıb. Bununla bağlı bildirilir ki, hal hazırda «Yeni Binə» Ticarət Mərkəzi istiqamətində heç bir avtobus işləmir. Məlumata görə, həmin istiqamətdə hərəkət edən avtobuslara qəti qadağan edilib ki, sözügedən ticarə mərkəzinin yaxınlığında dayanacaq yaratmasın. Həmin marşurut üzrə işləyən avtobuslar yalnız «Sədərək» Ticarət Mərkəzinin yaxınlığında özünə son dayanacaq qura bilər. Əks təqdirdə, sürücü ağır şəkildə cərimə olunmaqla yanaşı, həm də işindən ola bilər.

Məsələ ilə bağlı apardığımız araşdırmalar nəticəsində belə məlum oldu ki, həqiqətən də vəziyyət qeyd olunan kimidir. Amma Elçin Əliyev bunu heç də səbəbsiz yerə etmir. Əksinə, onun «Sədərək» Ticarət Mərkəzinin rəhbəri Yusif müəllimlə anlaşaraq, həyata keçirildiyi vurğulanır. Mənbənin sözlərinə görə, E.Əliyev bunun müqabilində hətta «Sədərək» Yusifdən hər ay bəlli məbləğdə pul belə alır.

«Yeni Binə»yə getmək istəyən sahibkarlar və alıcılar isə yaranmış vəziyyətdən şikayətçidirlər. Onlar bildirirlər ki, dünyanın heç bir yerində belə özbaşınalıq ola bilməz. Ona görə ki, avtobus ticarət mərkəzinin yaxınlığından keçdiyi halda, orada saxlamır. Halbuki Nəqliyyat Nazirliyi bunun üçün geniş imkan yaratmalıdır ki, yerli biznes və ticarət inkişaf etsin.

Lakin görünən budur ki, Nəqliyyat Nazirliyinin Lisenziya İdarəsinin rəisi Elçin Əliyevin öz maraqları var. Onun maraqlarına qarşı çıxmaq isə hələ heç kimə müəyyəssər olmayıb. Arxası ciddi dayaqlara bağlı olan birindən təbii ki, bundan artığını gözləməyə də dəyməz. Çünki E.Əliyev bilir ki, ona kimsə söz deməyəcək.

Bolgexeber