BolgeXeber.Com » Sosial » Yeni nömrələr “beyinli” olacaq

Yeni nömrələr “beyinli” olacaq

21-11-2011, 12:05
Oxunub: 7 041 Azərbaycanda nəqliyyat vasitələrinə yeni və daha keyfiyyətli dövlət qeydiyyat nişanlarının verilməsinə başlanıb.

Bolgexeber.com-un məlumatına görə, artıq avtomobillərə “beyinli” dövlət nömrə nişanları verilir. Dövlət nömrə nişanının sol tərəfində, Azərbaycanın dövlət bayrağının alt hissəndə xüsusi çıxıntıda elektron daşıyıcı yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev faktı təsdiq edərək bildirdi ki, yeni nömrələr bir müddət əvvəl qəbul olunmuş standarta uyğun tətbiq olunur. Yeni standartlara görə, yeni nişanların üzərində elektron daşıyıcı yerləşdirilib. Elektron daşıyıcı vasitəsilə nömrənin saxta olub-olmaması, məxsusluğu, avtomobil sahibi və avtomobil haqqında məlumatlar toplanacaq. Yeni gətirilən intellektual radar qurğuları elektron daşıyıcı vasitəsilə məlumatı mərkəzə daha operativ ötürə biləcək.

Şöbə rəisi qeyd etdi ki, yeni standarta, ilkin olaraq yeni qeydiyyat nişanı alan nəqliyyat vasitələrinə daha müasir nişanlar verilməsi ilə başlanıb. Nömrənin üzərində solda yerləşən Azərbaycanın dövlət bayrağı daha dalğalı deyil, düzbucaq formasında vurulur. Həmçinin, nömrələrin üzərində olan yazıların qopmaması üçün yeniliklər edilib.

Qeyd edək ki, bu ilin avqust ayında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəqliyyat vasitələri ilə bağlı təsnifatları təsdiq edib. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən işlənib təqdim edilmiş “AZS 599-2011” -“Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyatı nişanları” standartı avtomobil, motosiklet, motoroller, motoaraba, traktor və avtomobil traktor qoşqularının, eləcə də onlara bərabər tutulan nəqliyyat vasitələrinin tanınması üçün istifadə olunan dövlət qeydiyyat nişanlarına şamil olunur. Standart Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin və Daxili İşlər Nazirliyinin qoşunlarının nəqliyyat vasitələrinə aid deyil.