BolgeXeber.Com » Sosial » Millət vəkil: “GMO məhsulları Azərbaycana narkotika kimi keçirilir”

Millət vəkil: “GMO məhsulları Azərbaycana narkotika kimi keçirilir”

8-11-2014, 12:25
Oxunub: 3 636 Eldar İbrahimov: “Cərimə o deməkdir ki, həmin məhsulları gətirə bilərsiz, amma cəriməsi də var”

“Genetik Modifikasiya Olunmuş məhsulların ölkəyə gətirilməsi və daxil olması ilə bağlı qadağa qoyulub. Azərbaycana daxil edilən məhsulların tərkibi üzərində yazılan etiketdə göstərilməlidir. Yəni məhsulunun tərkibində hansı maddələr var.“

Bu sözləri azadxeber.az-a Milli Məclisin Aqrar məsələlər komitəsinin sədri Eldar İbrahimov GMO məhsullarını ölkəyə gətirənlərin cərimələnməsi ilə bağlı qanunverici aktın olmamasına münasibət bildirərkən qeyd edib.

Müsahibin sözlərinə görə, GMO məhsullarla bağlı cərimə qoyulacağı halda, sanki həmin məhsulların ölkəyə gətirilməsi ilə bağlı icazə verilmiş olacaq: “Cərimə o deməkdir ki, həmin məhsulları gətirə bilərsiz, amma cəriməsi də var. Əslində bizim qoyduğumuz qadağa cərimədən də yuxarıdır.”

“Əgər qadağa qoyulubsa, bəs onda nəyə görə GMO məhsullar ölkəni cənginə alıb”, - sualını da cavablandıran millət vəkili bildirdi ki, bu məhsullar bütün dünya ölkələrində ciddi problemə çevrilib: “Bu məhsulların ölkəyə gətirilməsi narkotik vasitə gətirilməsi kimidir. Yəni sərhəddə tutulan tutulur, qanunsuz keçirilənlər isə ölkə ərazisinə yayılır. Bura həm meyvələr, həm də toxumlar aiddir. Əslində əhali özü bu istiqamətdə maariflənməli və GMO məhsullarında imtina etməlidir. Adını eşitmədiyimiz və bu günə qədər üzləşmədiyimiz bütün xəstəliklərin hamısı GMO məhsullarının yaratdığı fəsadın nəticəsidir. Bir meyvə ki, günlərlə havada, çöldə qaldığı halda, xarab olmursa, bu nə deməkdir?”

Sözügedən məhsullarla bağlı görülən işlərin qənaətbəxş olmadığını söyləyən Eldar İbrahimov bildirdi ki, maariflənmə işlərinin sayı artırılmalıdır:

“Telekanallar və digər media orqanları GMO məhsulların insan orqanizminə vurduğu ziyanla bağlı ciddi işlər görməlidir. Bütün əhaliyə bu məhsulların insan orqanizminə nə qədər ziyanlı olmasını çatdırmalıyıq. Xüsusilə Azərbaycanın GMO məhsullarına heç bir ehtiyacı yoxdur. Çünki ölkədə kifayət qədər məhsuldarlıq və istənilən növ meyvə yetişdirilə bilir.”
Bolgexeber.com