BolgeXeber.Com » Sosial » 8 saylı şəhər poliklinikasında neqativ hallar

8 saylı şəhər poliklinikasında neqativ hallar

21-02-2015, 09:24
Oxunub: 4 182 8 saylı şəhər poliklinikasında neqativ hallarTamilla Kərimovanın korrupsiyaya qurşandığı iddia edilir

Artıq neçə müddətdir ki, qəzetimizin səhifələrində ölkənin səhiyyə sistemində yer almış neqativ halların və bu halları şərtləndirən bir çox səbəblərin müzakirəsinə həsr olunmuş tənqidi məqalələr dərc edirik. Məlum olduğu kimi bu gün respublikamızın səhiyyə sistemində həyata keçirilən əsaslı islahatlar Azərbaycanın bu sahədə hələ də uyğunlaşa bilmədiyi beynəlxalq standartlar səviyyəsinə yaxınlaşması məqsədini güdür. Lakin etraf etməliyik ki, tibb elminin müxtəlif sahələrində dünya səviyyəsində tanınmış, görkəmli alimlərimizin, həkimlərimizin olmasına baxmayaraq ümumilikdə ölkənin səhiyyə sistemində vəziyyət hələ də ürək açan deyildir. Redaksiyamıza yeni daxil olan məlumatlarda Bakının Nərimanov rayonunda yerləşən 8 saylı şəhər poliklinikasında yer almış bəzi neqativ hallardan bəhs olunur. Məlumatları təqdim edən mənbə baş həkim Tamilla Kərimovanın rəhbərlik etdiyi bu poliklinikada vəziyyətin həddindən artıq acınacaqlı olduğunu bildirir. Qeyd olunur ki, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin pulsuz ödənişsiz olması ölkə qanunları ilə nəzərdə tutulduğu halda, xəstələr 8 saylı poliklinikanın baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar. Belə ki, pul verməyən xəstələr nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. 8 saylı poliklinikada yaranmış vəziyyətdən şikayətlənən digər şəhər sakini isə həmin tibb müəssisəsinin rəhbərliyini həm də saxta arayışların verilməsində ittiham edir: “Poliklinikada xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi əsil kommersiya fəaliyyətinə çevrilib…” Digər tərəfdən isə bu tibb müəssisəsinin fəaliyyətindən doğan narazılıqlar ölkənin bir çox digər mətbu orqanlarının səhifələrində dərc olunan materiallarda da dəfələrlə ictimaiyyətə təqdim olunublar. Belə materiallardan birində oxuyuruq: “69 yaşlı atam keçən il avqust ayında qəflətən vəfat edib. Sağlığında ərazi üzrə 8 saylı poliklinikada qeydiyyatda idi. Avqustun 17-də atamın səhhəti pisləşdiyinə görə səhər saat 9 radələrində həmin poliklinikaya atamın adına çağırış sifariş versək də heç bir həkim gəlmədi. Ona görə də təcili tibbi yardım çağırdıq. Həkim atamı müayinə edib, ərazi üzrə sahə həkiminin çağırılmasını məsləhət gördü. Biz yenə 8 saylı poliklinikaya zəng vurub, atamın adına çağırış sifariş etdik. Dəstəyi qaldıran şəxs artıq 2 çağırışın qeydə alındığını bildirdi. Günortaya yaxın atamın vəziyyəti yenə pisləşdi, təcili tibbi yardım çağırdıq. Həkim atamı müayinə edəndə onun keçindiyini bildirdi. Ölümün səbəbini də özünün verdiyi arayışda qeyd etdi. Lakin həmin gün ərzində və növbəti gün 8 nömrəli Şəhər Poliklinikasından çağırışlara gələn və ya xəstə (axı onlar atamın vəfat etməsini bilmirdilər) ilə maraqlanan olmamışdı…” Necə deyərlər, şərhə ehtiyac yoxdur. Daxil olan digər məlumatlarda 8 saylı poliklinikada tətbiq olunan “ölü canlar” üsulu ilə dövlət vəsaitlərini mənimsəmə hallarından bəhs olunur. Bildirilir ki, poliklinikanın baş həkimi bu tibb müəssisəsinin kadrlar üzrə mufəttişi ilə əlbir olaraq, ştatdan əlavə şəxsləri poliklinikanın işçisi kimi rəsmiləşdirməklə adı olub, özü olmayan bu işçilərin əməkhaqlarını mənimsəyirlər. Belə ki, həmin şəxslərin hər birinin maaş cədvəlindəki adlarının qarşısına 70-80 manat pul yazaraq saxta imzalarla məvacibləri, o cümlədən onların adına yazılan yardım və mükafat pullarını da mənimsəyərək dövlətə külli miqdarda ziyan vururlar. Əldə etdiyimiz məlumatlarda diqqəti cəlb edən ən maraqlı məqam isə Tamilla Kərimovanın milli mənsubiyyəti ilə bağlıdır. Lakin məlumatın dəqiqliyi hələlik tam təsdiq olunmadığı üçün, bu barədə yalnız növbəti saylarımızda ətraflı söhbət açacağıq.Mövzuya yenidən qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

bizimdovr.az