BolgeXeber.Com » Sosial » Qarabağ qazisi: "Məcbur olub rüşvət veririk"

Qarabağ qazisi: "Məcbur olub rüşvət veririk"

23-02-2015, 12:19
Oxunub: 4 002 Qarabağ qazisi: "Məcbur olub rüşvət veririk"Torpaqlarımızın müdafiəsi zamanı döyüşlərdə ağır yaralanaraq, sözün əsl mənasında, yarımcan olan Loğmanı da, Məhərrəmi də qaziler.az saytına yaşadıqları problemləri, dərdləri çəkib gətirib. Onları dinlədikcə yaşadıqları ağrı-acıları çöhrələrinə çökür, gözlərindən, baxışlarından demək istədikləri, ifadələri oxunur...- Onları çox incidirlər!

Paşayev Loğman Faiq oğlu Qarabağ müharibəsində 1992-94 - cü illərdə, necə deyərlər, döyüşün ən qızğın vaxtlarında iştirak edib. Məşhur 702 saylı hərbi hissədə döyüşüb Loğman. İki dəfə yaralanıb. 1-ci dəfə 1993-cü ildə Füzulidə Divanalılar kəndində yaralanıb, amma ikinci dəfə 1994-cü ildə aprelin 26-da Füzuli rayonunun Alıxanlı kəndində, özü də çox ağır yaralanıb. Ona dəyən üç düşmən gülləsi ağciyəri zədələyib və onurğa sütununu deşib. Güllənin biri isə hələ də qolunun altında qalıb. Elə o vaxtdan əlil arabasına möhtac qalıb...

"bizə verilən əlil arabaları çox keyfiyyətsizdir"


Loğman söhbətə gileylə başladı:
“Əməliyyat risklidir, ona görə həkim dedi ki, əməliyyat edib gülləni çıxarsaq, qolun işləməyə bilər. Səhiyyə sisteminin biz Qarabağ əlillərinə qayğısı sıfır səviyyəsindədir. Ümumiyyətlə, səhiyyədən danışmaq mənasızdır! Başqa problemlərdən danışmaq istəyirəm, bizə verilən əlil arabaları çox keyfiyyətsizdir. Özü də bizə 3 növ əlil arabası verilməlidir – küçədə, evdə gəzmək, biri də hamamda çimmək üçün. Amma vermirlər! Deyirlər ki, bizə belə tapşırılıb. Təsəvvür edin də, bununla hamamda çimmək olar? Mağazalarda hər üçü də satılır, özü də müxtəlif ölkələrin, şirkətlərin daha da keyfiyyətliləri. Bax bunu altı ay olar (əli ilə oturduğu əlil arabasının təkərlərini sığallayır. red.) nazirliyin xətti ilə veriblər. Bunun təkəri hava ilə deyil, bir yerə gədəndə takkıldayır. Çox narahatdır, bizi incidir. Artıq dağılmaq üzrədir. Əlil arabası var ki, 2 il davam gətirir, məsələn Almaniyanın “Meyra” şirkətinin əlil arabaları daha keyfiyyətlidir, onu 5 il istifadə etmək olur. Bu araba Almaniya arabası adı ilə verilib, amma Çin istehsalıdır, baxan kimi bilinir. Lakin bunlar tez sıradan çıxır. Təsəvvür edin, bizə bir əlil arabası beş illiyə verilir. Qanunla belədir. Amma bunları beş il istifadə etmək olmur axı. Tez sıradan çıxırlar”.

Bundan yaxşı, normal, keyfiyyətli arabalar 250-300 manatdır

Loğman əlil arabasının alınması qaydasından da danışdı. Bu da əməlli başlı problemiymiş: “Əlil arabalarını almaq üçün əvvəl qeydiyyatda olduğun poliklinikaya müraciət edirsən, orada 88 nömrəli forma hazırlanır və göndərirlər VTEK-ə (Həkim Əmək Tibbi Ekspert Komissiyası. Red.). VTEK-də sənədləri hazırlayırlar, göndərirlər nazirliyə, onlar da müraciəti araşdırıb əlil arabası verirlər. Əgər əlil arabası sınıbsa, yenə də təzəsini almaq üçün, gedib müraciət edirsən. Amma süründürməçilik çoxdur. Məsələn, qan analizi istəyirlər, bəzən həkim yerində olmur, yuxarı çıxıb aşağı düşməyə adam lazımdır ki, sənin yanında olsun, sənədləri aparıb-gətirsin, bütün bu proseslər qurtarandan sonra 5 nəfərin imzası olmalıdır ki, əlil arabasının verilməsi üçün icazə alasan. Amma çox incidirlər, get-gələ salırlar, bezdirirlər, biz də məcbur olub rüşvət veririk. Daha sonra nazirliyə müraciət edib razılıq məktubu almalısan. Bütün bu proseslərdən keçəndən sonra çox keyfiyyətsiz bir əlil arabası verirlər, baxın da budur. Bu əlil arabalarından mağazalarda 130 -140 manata doludur hər yerdə, gəlsinlər nazirliyin işçilərinə aparıb göstərək. Amma deyirdilər ki, bu arabaların qiyməti 700 manatdır. Yaxşı olar ki, pulunu versinlər, özümüz alaq. Bundan yaxşı, normal, keyfiyyətli arabalar 250-300 manatdır. Səkkiz il bundan öncə Almaniyanın bir arabasını almışdım, “Mayro” firmasının idi, çox keyfiyyətli idi, 5 il işlətdim. Axırda təkərləri dağılmışdı, onu bir yaşlı insana verdim, indi də o işlədir. Mən özüm 21 ildir ki, əlil arabasına məhkum olumuşam. Bu arabadan 3 dəfə yıxılmışam - arxası üstə. O arabaların “zaşitnik”i (qoruyucusu. red. ) vardı, bunlarda yoxdur. Mənə hamam arabasını bir yaxın dostumuz alıb bağışlayıb. Yoxum idi, almağa da imkanım yox idi. Bizim üçün çox çətin olur hamamda yuyunanda bu “kolyaskadan” istifadə etmək. Hamam “kolyaska”sı da haradasa 160 manatdır. Biz ömürlük yataq xəstəsiyik, amma bizə yataq və kolyaska üçün xüsusi ortopedik döşəklər də verilmir. Onu da özümüz pulla alırıq!”.



Sonuncu dəfə yeddi il əvvəl müalicə aldığını deyir Loğman:
“Sonuncu dəfə 7 il bundan əvvəl qohumumun köməyi ilə Krımda – Sakidə müalicədə olmuşam. Amma ondan bir il əvvəl, yəni 8 il əvvəl nazirliyin xətti ilə xaricə müalicəyə göndərilmişəm. Qohumumun müalicəyə göndərməyi ilə nazirliyin göndərişi arasında böyük fərq var idi. Birincisi, nazirlik 28 günlük müalicəyə göndərdi, 28 günlük müalicəyə göndəriləndə, o müddət ərzində havanı dəyişirsən, xəstələnirsən, yol yorğunluğu olur. Pullu müalicəylə pulsuzda böyük fərq var. Məsələn, qohumum məni 45 günlük müalicəyə göndərmişdi, üstəlik xərcləyəcəyim pulu nağd özümə vermişdi. Orada da pulumu verib müalicəmi götürdüm.

“...ermənilərə daha yaxşı baxırdılar, diqqət göstərirdilər”

Ora Ukraynadan, Ermənistandan da əlillər gəlirlər müalicəyə. Biz gedəndə 60-70 erməni gəlmişdi. Onlara çox yaxşı arabalar vermişdilər, yaxşı baxırdılar. Mən öz xərcimlə gedəndə, orada gözləyirdilər ki, Azərbaycandan kütləvi şəkildə əlillər gələcək. Erməniləri avtobusla yola salandan 1 saat sonra bizimkilər gəldilər. İnanırsınız, yarısı idman zalında yatırdı, harada gəldi yatırdılar. Amma ermənilərə daha yaxşı baxırdılar, diqqət göstərirdilər. Bu 8 il əvvəl olub. Sonuncu dəfə keçən dəfə Yunanıstana aparıblar bizim əlilləri, mən getməmişəm, amma danışırlar ki, o da qocalar pansionatı olub”.



Loğman Ali təhsilli, kinoya, teatra, kitaba marağı olan bir insandır. Amma yaralanıb əlil arabasına möhtac olandan gedə bilmir kinoya, teatra...

“Teatra-kinoya həmişə həvəsim olub, institutda oxuyanda getmişəm, gənclik illərində. İndi gedə bilmirəm. Həm utanıram, həm də yollarda şərait yoxdur. Binalarda panduslar quraşdırılmır. Bakıda, ümumiyyətlə, əlil arabasının keçməsi üçün əksər vaxt yerlər qoyulmur, qoyulanlar da yarasızdır. Maililiyi çox yüksəkdir. Bizi nəzərə almırlar. Axı biz də insanıq, teatra, operaya getmək, müxtəlif mədəni tədbirlərdə iştirak etmək istəyirik. Təəssüflər olsun ki, bu kimi problemlər arzularımızın üstündən xətt çəkir!”

“...bizi ən çox incidən məmurların bizə olan ögey, yarıtmaz münasibətidir”

Dolanışığından da danışdı Loğman:

“Mən Allah şükür edən adamam, buna da şükür! Ailəliyəm, prezident təqaüdü ilə birlikdə 380 manat pul alıram. Amma dolana bilmirəm, çox çətinlik çəkirəm. Nazirin, deputatın balası, ayda 380 manatla ailə saxlaya, dolana bilərmi? Əlbəttə yox! Dövlət mənzillə, avtomobillə təmin edib məni. Obyektimin sənədləri var, amma özü yoxdur. O vaxt dəmir dükanım var idi, Bakıxanov qəsəbəsində, onu da o vaxt mer Hacıbala müəllim götürtdü. Sonralar neçə dəfə müraciət elədim ki, icazə verin orada yenidən, müasir formada balaca bir obyekt tikim, işlədim, dolanım. Amma vermədilər, dedilər ki, orada uşaq baxçası var, obyekt olmaz. İndi onun yerində aptek qoyublar. Dəfələrlə getmişəm bu işin arxasınca, amma alınmayıb, axırda bezdim, daha getmədim... Bilirsiniz, bizi ən çox incidən məmurların bizə olan ögey, yarıtmaz münasibətidir. Belə münasibət olmamalıdır! Ölkə prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevdən çox razıyıq. Lakin bu məmurlar bizi bezdiriblər! Bizi yaşamağımıza peşman ediblər!”

“NAZ-LİFANlara heç olmasa avtomat ötürücü qoyalar”

O, dövlət tərəfindən Qarabağ əlillərinə verilən avtomobillərdən də danışdı:
“Çox sağ olsunlar, əlillərə avtomobil verilir, bu yaxşı bir haldır. Amma burada da müəyyən problemlər var. Mələsən, bizim kimi əlilləri nəzərə almırlar, yəni avtomobilin idarəetməsi mexanikidir. Bu isə bizim kimi əlillər üçün çox çətindir. Sağlam adamlar üçün mexanika ilə avtomobil idarə etmək çətindir, o ki qala əlil ola. Dövlətin verdiyi “OKA” elə də keyfiyyətli deyildir deyə, tez sıradan çıxdı, çox əlil indi avtomobilsiz qalıb. Bir qohumum mənə balaca bir “KİA” bağışlayıb. İdarəetməni də ələ qoymuşam. Bu qurğu isə Almaniya istehsalıdır, çox rahatdır. Yaxşı olar ki, əlillərə verilən bu yeni NAZ-LİFANlara heç olmasa avtomat ötürücü qoyalar. Heç olmasa “avtomat korobka” bir qədər istifadəni yüngülləşdirir”.

“Bütün pensiyamızı da avtomobilin təmirinə veririk”

Məhərrəm Əliyev də onu narahat edən problemlərdən söz açdı...
BOLGEXEBER.COM