BolgeXeber.Com » Sosial » Sürücülük vəsiqəsi alandan sonra təlimə gedirlər

Sürücülük vəsiqəsi alandan sonra təlimə gedirlər

13-10-2010, 03:20
Oxunub: 6 879 Maşın sürmək artıq müasir dövrün tələbidir. İndiki günümüzü bunsuz təsəvvür etmək çətindir. Amma bunun üçün sürücülük dərsi almaq lazımdır. Hər yoldan ötən xam adama sükan etibar etmək olmaz. Peşəkar sürücü olmaq istəyən hər kəs ya xüsusi sürücülük kurslarına, ya da bu peşənin ustası olan müəllimlərə üz tutur. Təlimçilər də həvəskarlara bütün marka və modellərdən olan maşınları idarə etməyin incəliklərini öyrədir.

Hazırda Bakıda belə təlimçilər lap çoxdur. Bu da sürücülüyü öyrənmək istəyənlərin çoxluğu ilə bağlıdır. Metronun “Gənclik” stansiyası yaxınlığında üzərində “Təlim” sözü yazılan köhnə model rus maşınlarından tutmuş ən müasir avtomobil markalarına rast gəlmək olar. Onların arasında “VAZ-2107″, ”VAZ-21015″, “BMW”, “Hundai”, “Mercedes”, “Toyota-Prado”, “Nissan”, “Tofaş” daha çoxdur.

Təlimçi müəllimlərin sözlərinə görə, maşınların əksəriyyəti sürücülük məktəblərinin, bəzilərininki isə öz maşınlarıdır. Burada əsasən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti, “Rezonans”, Motosiklet İdman Federasiyası və başqa sürücülük məktəblərinin maşınları dayanır. Təlim keçmək istəyən sürücü həmin sürücülük məktəbləri ilə müqavilə bağlamalı və göstərilən məbləği məktəbin hesabına köçürməlidir. Sürücülər deyir ki, bu məbləğ maşının markasından asılı olaraq dəyişir.

İlk həmsöhbətimiz 2006-cı ildən tələbələrə mexaniki sürət qutulu avtomobillə təlim keçən Xəyyam Quliyev oldu. Uşaqlıqdan maşın sürdüyünü deyən 24 yaşlı Xəyyamın xeyli qadın tələbəsi var. O deyir ki, oğlanlar idarəetməni qızlara nisbətən daha tez qavrayır: “Tələbələrimin əksəriyyəti xanımlardır. Aralarında müxtəlif peşə sahibləri var. Onlarla işləmək elə də çətin deyil. Ancaq oğlanlar daha yaxşı maşın sürür. Bir şey var ki, oğlanlar sürətə daha çox meyil edirlər”.

Xəyyam təlimin qiymətlərini də açıqladı: “Hazırda deyərdim ki, təlim bazarında durğunluqdur. Öyrənmək üçün müraciət edən çox azdır. Mexanikanın bir saatı 12 manatdır. Bəzən olur heç pul olmur. Bəzən də gün ərzində 30-35 manat gəlirim olur. Hələ ayda 150 manat da məktəbə köçürürəm”.

Adının çəkilməsini istəməyən digər müəllim 20 ildir təlim məktəbində çalışır. Onun da xanım tələbələri daha çoxdur: “Əvvəllər tək-tük qızlar maşın sürməyi öyrənərdi. İndi qadınlar daha çox gəlir. Xanım tələbələrdən çox razıyam. Onlar daha məsuliyyətlidir. Xanımlar daha diqqətli sürür, qaydalara əməl edir”.

Müəllimin dediyinə görə, avtomobili bir saat idarə etmək 20 manatdır. Bir dairə sürmək isə 1 manatdır. Elə onun maşınında biz də iki dairə sürdük. Qeyd edək ki, avtomat sürət qutusu olan maşını sürmək daha asandır. Sükan arxasında oturduğumuz müddətdə müəllimdən bəzi yol hərəkəti qaydalarını da öyrəndik. Onun sözlərinə görə, əgər tələbə qaydanı pozarsa, o zaman müəllim cavabdeh olur: “Əksər tələbələr sürücülük vəsiqəsi alandan sonra təlimə gəlirlər. Ancaq polis təlim maşınını saxlayarsa, mən cavab verməli oluram. Çalışırıq təhlükəsizlik qaydalarına əməl edək”.

Maşın sürməyi öyrənmək istəyən bəzi tələbələrlə də söhbətləşdik. 19 yaşlı Gülnarə xanım 3 həftədir təlimə gəlir: “Burada yaxşı öyrədirlər. İnşallah, fikrim var ki, imtahanı özüm verim”.
19 yaşlı başqa bir maşın həvəskarı Rəşad artıq sürücülük vəsiqəsi alıb: “İndi gəlmişəm öyrənməyə. Onsuz da imtahandan pulsuz keçmək mümkün deyil”.

Elşən adlı təlimçi təlim meydanının darısqallığından gileylənir: “Yerimiz pərakəndədir. Ora-bura gedirik. Avtobuslar yerləşdiriləndən sonra bura çox darısqal olub. Stadionda futbol matçı olanda bizi buradan çıxarırlar. Həmin gün boş qalırıq. Çox vaxt da boş dayanırıq. İş olsa, gəlirimiz də yaxşı olar. Xərcimiz çox çıxır. Biz müqavilə əsasında işləyirik”.

Elşən müəllim də xanım sürücülərdən razılıq etdi: “Qızlar daha diqqətli olur. Onlarda bir az da qorxu olur. Bir də görürsən sükanı buraxırlar. Ancaq sözəbaxan olurlar”.

Onun 14 yaşlı tələbəsi Ramin həvəs öldürmək üçün meydana gəldiyini deyir: “3 aydır təlimə gəlirəm. Çox yaxşı da öyrədirlər. Düşünürəm ki, gələcəkdə peşəkar sürücü olacağam”.

40 yaşlı Elbəyi Bəylərov 1997-ci ildən təlim keçməklə məşğul olur. O, tələbələri ilə mülayim davrandığını deyir: “Müəllimim qonşum olub. Həmişə onun maşınını sürürdüm. Buna görə çox döyülürdüm. Amma öz tələbələrimi incitmirəm. Səbirlə onları başa salıram. Heç tələbəyə əsəbiləşmək də düz deyil. Müəllim tələbənin üstünə qışqırırsa, onda o tələbə heç nə öyrənməyəcək. Tələbə bilsə, daha bura niyə gələr ki?!”
Hazırda bir nömrəli sürücülük məktəbində işlədiyini deyən Elbəyi Bəylərov şəxsi maşını ilə təlim keçir: “Qadınların əksəriyyəti idarəetməni daha asan, əziyyətsiz öyrənmək üçün avtomat sürət qutusu olan maşınlara üstünlük verir. Ümumiyyətlə, indi avtomata meyil daha çoxdur. Mexanikanı ancaq imtahana gedənlər öyrənir. Əksər tələbələr də vəsiqə alıb gəlir. Amma yaxşı öyrənən tələbələrim də var”.

Elbəyi bəy sadə vətəndaşlarla yanaşı bir sıra məşhurların da müəllimi olub: “Həmişə qız tələbələrim daha çox olub. Xanımlar oğlanlara nisbətən tez öyrənirlər. Düzdür, başlanğıcda bir az çətinlik çəkirlər. Ancaq oğlanların hamısı ”avtoşluq” etmək istəyir”.

Maraqlıdır, bu 13 ildə məşhurlardan kimsə onun yanına maşın sürməyi öyrənməyə gəlibmi? Elbəyi bəy elə adlar sadaladı ki: “Müğənnilərdən Röya, Elnarə, Natəvan Həbibi, Xuraman Şuşalı, Toppuş bacı (Tünzalə xanım) mənim tələbələrim olub. Ancaq Röya o vaxtlar şıltaq idi. Onu yarımçıq öyrətdim. Sözümə baxmırdı. Bundan başqa, akademik, professor, universitet müəllimləri də tələbələrim olub. Məmurların əksəriyyətinin uşaqlarına da sürücülüyü öyrətmişəm, yaxşı da pul almışam. Öyrətdiyim tələbələrin, demək olar ki, hamısı maşın sürəndə təhlükəsizlik qaydalarına əməl edir”.

Onun sözlərinə görə, bu işdə gəlir yoxdur: “Bu işdən dəfələrlə getmək istəmişəm. Amma başqa sənətim də yoxdur. Pullu iş deyil. Çörəkpulumu güclə çıxarıram. Əgər 10 manat qazanmışamsa, onun 3 manatı özümə qalır. Maşının təmiri, gündəlik xərclər və sair çox pul aparır. Tələbənin imkanına baxıb qiymət deyirik. Bir saat idarəetmə 10-20 manat arasındadır. Nə qədər ki tələbat var, o qədər işləyəcəm”.