BolgeXeber.Com » Sosial » Məktəb bazarlığı: satan da şikayətçidir, alan da…

Məktəb bazarlığı: satan da şikayətçidir, alan da…

5-09-2015, 16:08
Oxunub: 3 841 Məktəb bazarlığı: satan da şikayətçidir, alan da…Yeni dərs ilinin başlamasına 11 gün qalır. Avqustun sonlarından məktəb ləvazimatları mağazalarında alıcıların sayı çoxalmağa başlayıb


Valideynlər dərs ilinin başlanğıcı üçün ciblərinə uyğun və övladlarının ehtiyacını ödəyəcək qədər məktəb bazarlığı etməyə çalışırlar.
Valideyn Südabə Mirzəyeva iki məktəbli övladı üçün bazarlıq edir. Dediyinə görə, elə ləvazimatlar var ki, uşaqlar keçən ildən qalanlarını istifadə edəcək: “Yenilərini almaq üçün özümüzü xeyli sıxmalı oluruq. Nə qədər qənaət etməyə çalışsam da, bir uşağa 100-120 manat xərcləməli oluram”.
Digər valideyn Dadaş Qafarov isə məktəb ləvazimatlarının keyfiyyətsizliyindən şikayət edir: “Çantaları necə gəldi tikirlər. Bir-iki aydan sonra bağları sökülür. Uşaq cırıq və köhnəlmiş çantada məktəbə getmək istəmir. Bahalısını da, ucuzunu da alırıq, eyni şeydir. Dəftər, qələm, xətkeş kimi dərs ləvazimatlarına gəlincə, iylərindən keyfiyyətsiz olduqları bəllidir. Rəngli qələmlər tez ovulur və qırılır”.
Məktəb bazarlığında əsasən çantalar bahalığı ilə diqqəti çəkir. Metronun “28 May” stansiyası yaxınlığındakı mağazanın satıcısı Fərhad Əliyevin sözlərinə görə, mağazada ən ucuz çanta Dubaydan gətirilən 25 manantlıq çantadır: “Dubaydan və Türkiyədən gətirilən çantalar bahadır. Çindən gətirilən 5-6 manatlıq məktəbli çantaları da var. Onlar keyfiyyətsiz olduğu, tez sıradan çıxdığı üçün ucuz qiymətə satılır” deyən satıcı əlavə edir ki, əsasən Türkiyədən gətirilən çantaları baha satırlar: “Türkiyədən gətirilən məktəbli çantalarının üzərində şirkətin rəmzi olur. Etiketində də Türkiyədə istehsal olunduğu göstərilir. Məktəbli çantalarının etiketlərində Türkiyənin şirkətlərinin ştrix kodu da verilir. Ümumiyyətlə, Türkiyədən gətirilən malların ştrix kodunun başlanğıcında 8 rəqəmi dayanır. Türkiyədən gətirilən çantaların qiyməti 45-50 manatdan başlayır”.
F.Əliyev qeyd edib ki, ən bahalı məktəbli çantaları Serbiyadan gətirilib: “Qiyməti 70-80 manat arasıdır. Ortopedik olan belə çantalar ağırlığı nəticəsində onurğa sütununun əyilməsinə, diformasiyaya uğramasına imkan vermir”.
Məktəb ləvazimatları mağazasının satıcısı Kamran Vəliyevin sözlərinə görə, məktəbə hazırlıq mövsümü başlasa da, mağazaya gələn alıcıların sayı azdır: “Keçən ilə nisbətən alver zəif gedir. Alıcılıq qabiliyyəti aşağı düşüb. Qiymətlər əvvəlki kimidir, amma alıcılar azalır”.
K.Vəliyev bildirib ki, bir şagird üçün məktəbli çantası ilə bütün lazım olan dərs ləvazimatlarının alınmasına 250-300 manat xərclənir: “Ucuz çanta alsalar, az da xərclənə bilər”.
Onun dediyinə görə, satdıqları mallar əsasən Türkiyədən, Malaziyadan, Filippindən, Tayvandan, Çindən gətirilir: “Malın keyfiyyətindən, üzərindəki etiketindən haradan gətirildiyi bilinir. Ən ucuz ləvazimatları “Vosmoy bazarı”ndan və “28 May” metro stansiyası yaxınlığındakı və keçiddəki mağazalardan almaq olar”.
Dərs ləvazimatlarının qiymətləri ilə maraqlanırıq. Satıcı deyir ki, 12 vərəqli ana dili və riyaziyyat dəftərlərinin qiyməti 8 qəpikdən başlayır. Ən bahalı dəftərlər 96 vərəqli 1 manat 50 qəpiyə olan dəftərlərdir. Onun sözlərinə görə, daha çox Rusiya istehsalı olan dəftərlər alınır: “Ən çox 12 vərəqli dəftərlər satılır”.
Məktəblilər üçün dərs ləvazimatları ilə yanaşı su qabları 8 manata satılır. Dəftərlərin, qeyd kitabçalarının üzərinə ad və soyadı yazılması üçün nəzərdə tutulan bəzəkli yapışqanların qiyməti 10 qəpikdən 1 manat 50 qəpik, qələm yontanlar 20 qəpikdən 2 manata, yapışqanlar 20 qəpikdən 1 manat 50 qəpik, qələmlər 10 qəpikdən 1 manat, rəngli qələm dəstləri 70 qəpik-12 manat, sadə qələmlər 20-40 qəpik, plastelinlər 1-12 manat, boyalar 1 manat 50 qəpikdən 5 manat, rəsm dəftərləri 40 qəpikdən 2 manat 50 qəpik, flamasterlər 1-6 manat, pozanlar 20 qəpikdən 2 manat, rəngli kağızlar 50 qəpikdən 3 manat aralığında dəyişir.
Dəftər üçün üzlər isə standart 15 qəpiyə satılır.
“Grafika” mağazasında da qiymətlər təxminən eynidir. Mağazada çantaların baha olmasını onun keyfiyyəti ilə izah edirlər: “Bu çantalar orijinal ortopedikdir. Onlar elə düzəldilib ki, içərisinə nə qədər çox kitab-dəftər yerləşdirsən də, onurğa sütununa 1 kq-dan çox ağırlıq vermir. Uşağın onurğa sütununu düz saxlamağa kömək edir. Belə çantalar 102 manatdır”.
Bu mağazada ən bahalı məktəb çantaları 152 manata satılır.
Orijinal ortopedik çantaların saxtalarından fərqinə gəlincə, mağazanın satıcısı bildirib ki, orijinal çantaların üstü möhkəm olur, əl vuranda qutunu xatırladır, çəkisi çox yüngüldür. Həm də istənilən orijinal çantanın ştrix kodunu “google”də axtarışa verdikdə həmin çanta haqqında məlumat verilir.
ekspress.az