BolgeXeber.Com » Sosial » Tibbi Hissənin həkimləri əsgəri öldürüblər

Tibbi Hissənin həkimləri əsgəri öldürüblər

19-04-2012, 00:05
Oxunub: 4 151 Mərhum əsgər Pərviz Abbasovun anası oğlunun əsgərlikdə vəfatı ilə bağlı çərşənbə günü RATİ-də mətbuat konfransı keçirib.

Fatimə Abbasova oğlunun ölümü ilə bağlı Qarabağ prokurorluğunun apardığı istintaq və Tərtər rayonunda keçirilən məhkəmə prosesindən narazılıq edib. Ana oğlunun ölümü ilə bağlı hazırda həbsdə olan həkim Kamil İsgəndərovla yanaşı, hərbi hissənin tibbi xidmət rəisi İlkin Səmədovun da həbsə alınmasını istəyir. Onun fikrincə, səhhətinin pis, hərarətinin yüksək olmasına baxmayaraq, oğlunu vaxtında hospitala göndərməməklə İ.Səmədov əsgərin ölümünə səbəb olub. İ.Səmədovun istintaqdan kənarda qalmasını həm də hansısa şübhəli məqamlarla əsaslandırmağa çalışıb.

Bu il martın 2-dən Tərtər rayon məhkəməsində proses başlayıb, indiyə kimi 4 məhkəmə prosesi keçirilib. Növbəti məhkəmə baxışının aprelin 19-da keçirilməsi gözlənilir. F.Abbasova istintaqda adı keçən İ.Səmədovun məhkəməyə çağırılmasını istəyir. Hakim bunu etmədiyinə görə məhkəməni birtərəfli mövqe tutmaqda ittiham edir. F.Abbasova istintaqın ətraflı aparılmadığını qeyd edərək, işin ibtidai istintaqa qaytarılmasını, işə Bakıda baxılmasını istədiyini deyib. Ana istintaqın səthi aparılmasında Qarabağ hərbi prokurorluğunun prokuroru Əmarh Mehdiyevi ittiham edib.

P.Abbasov 2010-cu ildə Sumqayıtdan hərbi xidmətə çağırılıb. Əsgərliyə kimi hər-hansı xəstəliyi olmayıb. 2010-cu il dekabrın 31-də yüksək hərarəti olub, öskürəndə ciyərlərindən qan gəlib. Bakıya gətirilib, daha sonra Ələtdəki hospitalda ikitərəfli ağ ciyərlərin plevritindən 3 ay müalicə alıb. Müalicədən sonra hospitalda keçirilən həkim konsiliumunda bir aydan sonra hökmən müalicə üçün hospitala gəlməsi tövsiyəsi verilib. Hərbi xidmətə məhdud yararlı sayılıb. Bütün tibbi sənədləri hərbi hissəyə göndərilib. Amma hərbi hissənin tibbi xidməti hospitalın bu tövsiyəsini yerinə yetirməyib. 2011-ci ilin sentyabrın əvvəlində səhhəti yenidən pisləşib. Yalnız sentyabrın 7-də Gəncə hospitalına gətirilib. Vəziyyətinin pis olması səbəbindən çarpayıya uzadılıb. Bu K.İsgəndərovun xoşuna gəlməyib və əsgərin sifətinə bir neçə yumruq zərbəsi endirib. Bundan sonra P.Abbasov komaya düşüb. Yalnız sentyabrın 9-da artıq durum ən kəskin olduqda ailəsinə xəbər verilib. Sentyabrın 11-də isə əsgər komadan ayılmayaraq hospitalda vəfat edib.