BolgeXeber.Com » Sosial » Borcu olanlar ölkədən çıxa bilməz…

Borcu olanlar ölkədən çıxa bilməz…

13-01-2016, 10:27
Oxunub: 3 074 Borcu olanlar ölkədən çıxa bilməz…"Vətəndaşların ölkədən çıxışına yalnız məhkəmə qərarı əsasında qadağa qoyula bilər"

Azərbaycanda vətəndaşların banklarla yaşadığı problemlər sırasına daha biri əlavə olunub. Belə ki, kredit borcunun gecikməsinə görə vətəndaşların ölkədən çıxışına qadağa qoyulur. Bu problemlə üzləşən Bakı şəhər sakini Samirə Hüseynova "Bizim Yol"a məlumat verib.

Onun sözlərinə görə, bir neçə il əvvəl qohumlarından biri onun adına kreditə avtomobil götürüb. Bir müddət sonra isə krediti götürən şəxs həmin maşını başqa bir vətəndaşa satıb. Maşını alan şəxs notariat kontorunda iltizam verib ki, avtomobilin kreditini ödəməyi öz üzərinə götürüb. Lakin kredit borcunu gecikdirimə ilə ödəyib. Bu barədə bank tərəfindən Samirə Hüseynovaya heç bir məlumat verilməyib. "Bir neçə ay əvvəl məzuniyyətdə olduğum zaman ölkə xaricində istirahətə getmək istəyərkən bildirdilər ki, mənim ölkədən çıxışıma qadağa qoyulub. Bankdan dedilər ki, guya telefonum bağlı olduğu üçün mənimlə əlaqə saxlamaq mümkün olmayıb. Halbuki, onlarda mənim mobil telefonumla yanaşı ev nömrəm və bir neçə qohumumun da nömrəsi var idi" - deyə S.Hüseynova bildirib.

O qeyd edir ki, kreditin ödənilməməsi və ya gecikdirilməsi ilə bağlı ona heç bir məhkəmə iddiası və ya bildiriş daxil olmadığı halda, ölkədən çıxışına qadağa qoyulması anlaşılan deyil.

Eyni problemlə üzləşən başqa bir vətəndaş - Mahmud Məmmədov (ad şərtidir) bildirib ki, bankdan dollarla kredit götürsə də, ölkədə ard-arda baş verən devalvasiyadan sonra krediti ödəməkdə problemlərlə üzləşib. "Ötən il götürdüyüm krediti heç cür ödəyib qurtara bilmirəm. Çünki yüksək faizlə yanaşı, götürdüyüm məbləğin faktiki ikiqatını ödəməyim tələb olunur. Mən kredit götürən zaman 1 dolları 0.78 manata dəyişmişdim. İndi isə ödəyən zaman dolları 1.60 manatdan hesablayırlar. Bu səbəbdən kreditlərin ödənilməsində çətinlik çəkirəm. 3 min manatadək borcum qalıb. Özüm bizneslə məşğulam. Bu yaxınlarda işimlə əlaqədar başqa ölkəyə getmək istəsəm də, dedilər ki, çıxa bilmərəm. Ancaq mənə qarşı heç bir məhkəmə iddiası yoxdur. Bəs mən xaricə gedib-gəlib biznesimi davam etdirməsəm, krediti necə ödəyə bilərəm?" - deyə M.Məmmədov bildirir.

Elnur Məmmədov: "Banklar bundan təzyiq vasitəsi kimi istifadə edir"

Keçmiş bank işçisi, hüquqşünas Elnur Məmmədov bildirir ki, banklar müştəriyə təzyiq vasitəsi kimi onların ölkədən çıxışına qadağa qoyulmasına üstünlük verirlər. "Bu hal daha çox biznes krediti müştərilərinə və onların bizneslə məşğul olan zaminlərinə, həmçinin xarici ölkələrlə əlaqəli çalışan digər müştərilərə qarşı geniş istifadə olunur. Buna nail olmaq üçün banklar işə əmr icraatı qaydasında baxılmasına çalışırlar. İddia icraatından fərqli olaraq əmr icraatı qaydasında işə tərəflərin iştirakı olmadan və məhkəmə baxışı keçirilmədən baxılır. Bunun əsas səbəblərindən biri də odur ki, iş daha sürətli gedir, yəni 3 gün ərzində qərar qəbul edilir, həmin qərar verildiyi vaxtdan 10 gün keçəndən sonra isə 1 ay ərzində icraya yönəldilir.

Əgər vətəndaş məhkəmə əmrindən narazıdırsa, onu aldığı vaxtdan 10 gün müddətində məhkəməyə yazılı etiraz verə bilər. Bu halda məhkəmə əmri ləğv edərək işə iddia icraatı qaydasında baxır". Elnur Məmmədovun sözlərinə görə, bu hal ona görə təzyiq vasitəsi hesab olunur ki, əgər vətəndaş xarici ölkəyə gedərkən onun ölkədən çıxışına qadağa qoyulması məlum olursa, o zaman vətəndaş həmin borcu ödəmək məcburiyyətində qalır.

Asif Abdullayev: "Vətəndaşların ölkədən çıxışına yalnız məhkəmə qərarı əsasında qadağa qoyula bilər"

Məsələ ilə bağlı vəkil Asif Abdullayev bildirib ki, Azərbaycan Respublikasının vətəndaşı sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir və bu hüquq yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər.

"Borcun qaytarılmaması ilə bağlı vətəndaşların ölkədən çıxışına yalnız məhkəmə qərarı əsasında qadağa qoyula bilər. İlk növbədə borcun qaytarılması barədə məhkəmə qərarı (qətnamə və ya əmr) qəbul edilməlidir və həmin qərar qanuni qüvvəyə minməlidir. Daha sonra həmin qərar icra olunması üçün müvafiq icra şöbəsinə göndərilməlidir. İcra məmuru borclu üçün ən çoxu 10 gün olmaqla, məhkəmə qərarını könüllü icra etmək üçün vaxt verir. İcra haqqında qanuna əsasən, məhkəmə qərarı könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir" - deyən vəkil vurğulayır ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərardan şikayət də verilə bilər.

Rəşad Əliyev: "Məhkəməyə təqdimat verdikdə bu barədə borcluya və tələbkara məlumat göndərməlidir"

"Bizim Yol"un hüquqşünası Rəşad Əliyev isə bildirir ki, borclu vətəndaşların ölkədən çıxmasına qadağa qoyulması Ədliyyə Nazirliyinin "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat"ına əsasən həyata keçirilir. İcra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verdikdə bu barədə borcluya və tələbkara sifarişli poçt göndərişi ilə məlumat göndərməlidir.

"Əgər tərəflər (borclu və borcun qaytarılmalı olduğu şəxs) icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsul və qaydasının dəyişdirilməsi haqqında məhkəməyə müraciət edirsə, icra sənədi üzrə tələb borclunun əmlakına yönəldilirsə və bir sıra digər hallarda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməməlidir. İcra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verdikdə bu barədə borcluya və tələbkara sifarişli poçt göndərişi ilə məlumat göndərir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı icra qurumuna daxil olduqdan sonra icra məmuru bu barədə dərhal borcluya və tələbkara məlumat verir. Habelə "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilməsi üçün addımlar atır".

Hüquqşünasın sözlərinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra, habelə bir sıra hallarda icra məmuru 24 saat müddətində həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. "Həmin hallara tələbkarın tələbdən imtina etməsi, tələbkar ilə borclu arasında barışıq sazişinin olması, tələbkarın ölməsi, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə (əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə), icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə qərarının ləğv edilməsi və s. hallar aiddir. Borclunun ölkədən getməsinə məhdudiyyətin aradan qalxmasına zərurətin olmadığını təsdiq edən sənəd icra məmuruna təqdim edilərkən növbəti gün qeyri-iş günü olduqda, icra məmuru məhdudlaşdırmanın götürülməsi barədə dərhal qərar qəbul edir" - deyə R.Əliyev bildirib.
Bolgexeber.com